AQTA nümayəndə heyəti Rusiyada işgüzar səfərdədir
21 Dekabr 2023 16:12
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyəti Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətində (“Rosselxoznadzor”) fitosanitar və baytarlıq nəzarəti istiqamətləri üzrə iş sistemi ilə yaxından tanış olmaq və təcrübə mübadiləsi məqsədilə bu ölkəyə işgüzar səfər edib. Eləcə də səfər çərçivəsində Ümumrusiya Bitki Karantini Mərkəzi ilə Ümumrusiya Dövlət Heyvanlar üçün Dərman Vasitələrinin və Yemlərin Keyfiyyəti və Standartlaşdırılması Mərkəzində görüşlərin keçirilməsi və ikitərəfli əməkdaşlıqla bağlı aktual məsələlərin müzakirəsi nəzərdə tutulur.
Agentliyin Aparat rəhbəri Elxan Mikayılovun başçılıq etdiyi nümayəndə heyətində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə Heyətinin sədri Əli Nəbiyev, sədr müavini Fərid Əliyev və Analitik Ekspertiza Mərkəzinin rəhbəri Tünzalə Qocayeva təmsil olunur.
Səfər çərçivəsində nümayəndə heyəti artıq “Rosselxoznadzor”da fitosanitariya məsələlərinə həsr olunmuş görüş keçirib. Görüşdə ikitərəfli əməkdaşlıq, bitkiçilik məhsullarının idxalı və ixracı, eyni zamanda fitosanitar nəzarət sistemlərinin ekvivalentliyinin tanınması əsasında idxal edilən məhsulların yoxlanılması tezliyinin azaldılması məsələləri müzakirə olunub. Eləcə də nümayəndə heyəti Ümumrusiya Bitki Karantini Mərkəzində laboratoriyalarla tanış olub, əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Həmçinin Ümumrusiya Dövlət Heyvanlar və Yem Dərmanlarının Keyfiyyəti və Standartlaşdırılması Mərkəzində əməkdaşlığa dair məsələlər müzakirə edilib.
Nümayəndə heyətinin “Rosselxoznadzor”da baytarlıq məsələləri ilə bağlı görüş keçirməsi və baytarlıq sahəsində Rusiyanın dövlət informasiya sistemi ilə tanış olması da nəzərdə tutulur.
Səfər dekabrın 22-də başa çatacaq.
Oxşar xəbərlər
Romada keçirilən Qlobal Konfransda Azərbaycanın aqrar-qida sistemi barədə məlumat verilib
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkilatçılığı ilə İtaliyanın paytaxtında “Aqrar-qida sistemlərində Vahid Sağlamlıq hər kəsin sağlamlığı, hər kəsin məsuliyyəti və hər kəsin fəaliyyətidir” mövzusunda Qlobal Konfrans keçirilir. Tədbirdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Anar Əzimov iştirak edir. Sentyabrın 22-də baş tutan xüsusi paneldə ölkəmizin aqrar-qida sistemində həyata keçirilən islahatlar, biotəhlükəsizlik sahəsindəki tədbirlər və qabaqcıl təcrübələr barədə geniş məlumat verilib.
Bitkiçilik məhsullarının ixracı davam etdirilir
Payız ixrac mövsümü ilə əlaqədar Azərbaycanın xurma, nar, üzüm və digər bitkiçilik məhsullarının ixracı davam edir. İxrac edilən bitkiçilik məhsullarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə məhsul partiyalarına fitosanitar karantin baxışı keçirilir, müvafiq analizlərin aparılması üçün nümunələr götürülür və eynilik nəzarəti həyata keçirilir. Məhsul partiyalarının idxalçı ölkələrin, eləcə də beynəlxalq standartların tələblərinə uyğunluğu yoxlanılır. Müəyyən edilmiş tələblərə cavab verən məhsul partiyalarına fitosanitar sertifikat verilir və onların ixracına icazə verilir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi idxal və ixrac əməliyyatlarının daha çevik, şəffaf və sahibkarlar üçün əlçatan şəkildə həyata keçirilməsi məqsədilə göstərilən xidmətləri tam elektronlaşdırıb. Daha ətraflı:
Samuxda sahibkar müraciəti əsasında 165 baş heyvan identifikasiya olunub
Heyvanların identifikasiyası və uçotu üzrə tədbirlər davam etdirilir. Samux rayonunda təsərrüfat sahibi Elmar Əliyevin müraciəti əsasında 165 baş heyvana fərdi birkalar vurularaq qeydiyyata alınıb. Proses baytar həkim tərəfindən təlimata uyğun həyata keçirilib. Heyvanların fərdi uçotu onların hərəkətinin izlənilməsi, baytarlıq nəzarətinin gücləndirilməsi, eləcə də epizootik sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, AQTA tərəfindən təsərrüfatlarda heyvanların uçotunun dəqiqləşdirilməsi və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq həyata keçirilir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş