AQTA ölkəyə yem məhsulları və yem əlavəsi idxal etmək istəyən sahibkarlara xəbərdarlıq edib
25 İyul 2024 18:13
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Nazirlər Kabinetinin 2024-cü il 13 mart tarixli 155 nömrəli Qərarı qüvvəyə mindiyi gündən etibarən ölkə ərazisində yem üçün istifadəsi nəzərdə tutulan genetik modifikasiya olunmuş orqanizmlərin, habelə yalnız genetik modifikasiya olunmuş orqanizmlərdən ibarət olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən əldə edilmiş məhsul olan yem məhsullarının və yem əlavələrinin qeydiyyatı prosesi həyata keçirilir.
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq aparılan prosesdə məqsəd ölkə ərazisində dövriyyəyə buraxılmadan əvvəl həmin məhsulların həyat və sağlamlığa təsirinin qiymətləndirilməsi, eləcə də təhlükəsizliyinin və minimum keyfiyyətinin, etiketlənmə və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyənləşdirilmiş digər tələblərə uyğunluğunun müəyyən edilməsidir.
Agentlik bu cür yem məhsullarının idxalını həyata keçirmək istəyən sahibkarlara xəbərdarlıq edir ki, ölkəmizdə qeydiyyatı tələb olunan, lakin qeydiyyata alınmamış məhsulların dövriyyəsi qadağandır. Qanunvericiliyin tələblərinə uyğun olmayan yem məhsulları və yem əlavələrinin ölkəmizə idxalına Agentlik tərəfindən icazə verilməyəcək. Tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan yem məhsullarının, həmçinin yem əlavələrinin idxalını həyata keçirmək istəyən sahibkarlar qeydiyyat üçün Agentliyə ərizə və qərarda nəzərdə tutulan müvafiq sənədlərlə müraciət etməlidirlər.
Agentlik bu sahədə fəaliyyət göstərən sahibkarların nəzərinə çatdırır ki, qeydiyyata alınan həmin yem məhsulları və yem əlavələri Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunan zaman məhsullar üzərində dövlət nəzarəti, sənəd nəzarəti, eynilik və fiziki nəzarəti həyata keçirilir. İdxal olunmuş yem məhsulu qida təhlükəsizliyi sahəsində tələblərə cavab verdikdə, AQTA tərəfindən idxal sağlamlıq aktı tərtib edilir ki, bu da idxalatçıya məhsul üzərində sərəncam vermək hüququ yaradır. Aparılan nəzarət tədbirləri nəticəsində həmin yem məhsulları qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə cavab vermədikdə və təhlükəli hesab edildikdə, Agentlik tərəfindən həmin yem məhsulunun utilizasiyası, Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi haqqında qərar qəbul edilir.
Oxşar xəbərlər
AQTİ-nin səyyar laboratoriyası bal yarmarkasında fəaliyyət göstərir
Bakıda 26-cı Arıçılıq Məhsullarının Ənənəvi Respublika Sərgi-Satış Yarmarkası fəaliyyətə başlayıb. Yarmarkada Azərbaycanın 52 rayonundan 270-ə yaxın fermerin istehsal etdiyi 100 tondan çox arıçılıq məhsulu satışa təqdim olunur. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən yarmarkada satışa çıxarılan bal və digər arıçılıq məhsullarından 584 nümunə götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Milli Referens Laboratoriyasında müayinələrə cəlb edilib. Yalnız keyfiyyət göstəriciləri müəyyən edilmiş standartlara uyğun olan məhsulların yarmarkada satışına icazə verilib. Bununla yanaşı, yarmarka müddətində AQTİ-nin səyyar qida laboratoriyası arıçılıq məhsullarının müayinəsi ilə bağlı vətəndaşlara xidmət göstərir. İstehlakçılar aldıqları balın keyfiyyətini yoxlatmaq və məhsulun təhlükəsizliyinə əmin olmaq məqsədilə onu səyyar laboratoriyaya təqdim edə bilərlər. Qeyd edək ki, yarmarkanın əsas məqsədi yerli arıçıların satış imkanlarını genişləndirmək, istehsalçılarla istehlakçılar arasında birbaşa əlaqəni təşviq etmək və əhalinin keyfiyyətli yerli bala əlçatanlığını təmin etməkdir. Video link:
Nəzarət tədbirləri davam edir - İCMAL
AQTA qida təhlükəsizliyi sahəsində həyata keçirilən yoxlama-nəzarət tədbirləri ilə bağlı növbəti icmalı təqdim edir. Keçirilən plandankənar yoxlamalar zamanı Bakı, Yevlax şəhərlərində və Saatlı rayonunda fəaliyyət göstərən qida və iaşə obyektlərində sanitariya-gigiyena, işçi masalarda sanitariya tələblərinin pozulması, saxlanc sahələrində uyğunsuzluqlar və digər nöqsanlar aşkarlanıb. Müəyyən edilmiş pozuntularla bağlı qanunamüvafiq tədbirlər görülərək, nöqsanlar aradan qaldırılanadək məhdudiyyətlər tətbiq edilib.
AQTA sədri Ağdamda vətəndaşları qəbul edəcək
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli dekabrın 11-i saat 11:00-da Ağdam şəhər Muğam Mərkəzində Xankəndi şəhəri və Ağdam, Füzuli, Şuşa, Xocavənd, Xocalı, Ağdərə rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək. Vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq dekabrın 10-dək qəbula yazıla bilərlər. Qəbul zamanı Agentliyin səlahiyyət dairəsinə aid müraciətlər cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş