AQTA pestisid, bioloji preparat və aqrokimyəvi maddələrin istehsalı və dövriyyəsi sahəsində nəzarət tədbirlərini davam etdirir
18 İyul 2025 15:10
Ölkədə pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin (preparat) qeydiyyatı Nazirlər Kabinetinin 2007-ci il 22 yanvar tarixli, 10 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq Qaydalara uyğun olaraq həyata keçirilir.Həmin preparatların dövlət sınağı və qeydiyyatını təşkil etmək, həmçinin müvafiq qərarlar qəbul etmək məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə və Fövqəladə Hallar nazirliklərinin nümayəndələrindən ibarət Ekspert Şurası yaradılıb. Qanunvericiliyə əsasən, preparatların dövlət sınaqları laborator ekspertiza, tarla sınağı və istehsalat sınağı mərhələlərində həyata keçirilir. Tarla və istehsalat sınaqları Kənd Təsərrüfatı Nazirliyinin 5, Elm və Təhsil Nazirliyinin isə 1 Elmi-Tədqiqat İnstitutu tərəfindən aparılır.
Dövlət sınaqlarının bütün mərhələləri müsbət nəticələndikdə, preparatın qeydiyyata alınması məsələsinə Ekspert Şurasının hər ay keçirilən iclaslarında baxılır. Şurada məhsulun keyfiyyət və təhlükəsizliyinə, insan sağlamlığına, ətraf mühitə, kənd təsərrüfatına təsirləri qiymətləndirilərək qeydiyyata alınmasına dair kollegial qərarlar qəbul edilir. Qeydiyyata alınmış preparatlara şəhadətnamə verilir, reyestrə daxil edilir və ölkə ərazisində idxalına icazə verilir. İdxal olunan hər məhsul partiyası laborator müayinələrə cəlb edilir və sınaq nəticəsi uyğun olduğu təqdirdə dövriyyəyə buraxılır. Sözügedən preparatların istehsalı və idxalı fəaliyyəti üçün lisenziya AQTA-nın rəyi ilə İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilir.
Nəzarət tədbirləri bununla da bitmir. Belə ki, müvafiq dövlət qurumlarının nümayəndələrindən ibarət İşçi qruplar tərəfindən preparatların istehsal müəssisələrində, saxlanc anbarlarında, satış yerlərində monitorinqlər həyata keçirilir. Monitorinqlər zamanı aşkarlanan yararlılıq müddəti bitmiş, tətbiqi qadağan edilmiş, hermetikliyi pozulmuş və bu kimi digər uyğunsuzluq təşkil edən preparatlarla bağlı yuxarıda adları sadalanan nazirliklərin nümayəndələrindən ibarət inventarlaşdırma komissiyası tərəfindən qərarlar qəbul edilir. Həmin qərarlara əsasən, yararsız preparatların Aqrar Xidmətlər Agentliyinin tabeliyində “Cəngi pestisid poliqonu”na göndərilməsi təmin olunur. Bitkiçilik təsərrüfatlarında preparatların tətbiq reqlamentinə, saxlanma şəraitinə və təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət edilməsi məqsədilə AQTA tərəfindən fitosanitar nəzarət tədbirləri həyata keçirilir, nöqsan aşkarlanmış müəssisələrlə bağlı isə bir sıra məhdudlaşdırıcı qərarlar qəbul edilir.
Aparılan monitorinqlər nəticəsində bir çox müəssisələrdə sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi preparatların anbarlarda saxlama şəraiti və təsərrüfatlarda istifadəsi ilə bağlı reqlamentlərə əməl edilməsinə gətirib çıxarıb.
Sahibkarlar və fermerlər preparatların keyfiyyəti, eləcə də digər şübhəli hallarla bağlı AQTA-nın “1003 – Çağrı Mərkəzi”nə müraciət edə bilərlər.
Oxşar xəbərlər
Binə qəsəbəsində yeni heyvan bazarı fəaliyyətə başlayıb
Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsində fərdi sahibkar Piriyev Rabil Fikrət oğluna məxsus yeni heyvan bazarı fəaliyyətə başlayıb. Qeyd edək ki, bu obyekt mövcud bazanın bərpası deyil, müasir tələblərə uyğun şəkildə inşa olunmuş yeni heyvan bazarıdır. Bazar baytarlıq-sanitariya və biotəhlükəsizlik tələblərinə uyğun infrastrukturla təmin olunub. Obyektdə baytarlıq nəzarətinin həyata keçirilməsi üçün müvafiq şərait yaradılıb, kliniki baxış platforması, dezbaryerlər, izolyatorlar, heyvanların çəkisinin və bədən temperaturunun ölçülməsi üçün müvafiq avadanlıqlar quraşdırılıb. Eyni zamanda, heyvanların saxlanılması, nümayişi, yüklənməsi və boşaldılması üçün xüsusi bölmələr təşkil edilib, su və yem təchizatı, işıqlandırma və tullantıların idarə olunması sistemləri tam şəkildə qurulub. Xatırladaq ki, bundan əvvəl Bərdə, Göygöl, Salyan, Göyçay, Şamaxı, İmişli, Ağcabədi, Beyləqan, Biləsuvar, Kürdəmir, Abşeron, Masallı və Ağsu rayonlarında da heyvan bazarları fəaliyyətə başlayıb. Qeyd edək ki, heyvan bazarları Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının qərarı ilə təsdiq edilmiş norma və qaydalara uyğun şəkildə yenidən qurulmalıdır. Yenidən qurulan bazarlar yalnız Agentliyin müvafiq komissiyasının yekun qiymətləndirilməsindən sonra fəaliyyətə başlaya bilər.
Nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağcabədi rayonu, Təzəkənd kəndində fəaliyyət göstərən sahibkar Cəfərov Xalid Fehruz oğluna məxsus pendir istehsalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı istehsal müəssisəsinin qida təhlükəsizliyi sahəsində təsdiq olunmadan fəaliyyət göstərdiyi məlum olub. Müəssisədə müşayiətedici sənədləri olmayan pendir istehsal olunduğu, istifadə edilən suyun filtrdən keçirilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
“Su pəhrizi” ilə çəki vermək nə qədər sağlamdır?
Son illərdə populyarlıq qazanan su pəhrizi müəyyən müddət ərzində yalnız su qəbuluna əsaslanan qidalanma üsuludur. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) eksperti Tutu Zeynalovanın sözlərinə görə, bu üsul arıqlamaq üçün effektiv vasitə deyil, əksinə, orqanizm üçün ciddi risklər yaradır. Mütəxəssis bildirir ki, insan yalnız su qəbul etdikdə orqanizm artıq piy ehtiyatlarını deyil, ilk növbədə daxili rezervləri – suyu və xüsusilə əzələ kütləsini sərf etməyə başlayır. Uzun müddət ac qalmaq maddələr mübadiləsinin zəifləməsinə, elektrolit balansının pozulmasına səbəb olur. Bu vəziyyət ürək ritminin pozulması, qan şəkərinin kəskin enməsi, böyrək funksiyalarının zəifləməsi və saç tökülməsinin sürətlənməsi kimi ciddi sağlamlıq problemlərinə yol aça bilər. Bundan əlavə, bu cür sərt pəhrizlərdən sonra itirilən çəkinin qısa müddətdə geri qayıtma ehtimalı da artır. Tutu Zeynalova vurğulayır ki, çəki vermək istəyən şəxslər sağlam və balanslı qidalanma prinsiplərinə əməl etməli, eyni zamanda müntəzəm fiziki aktivliyi həyat tərzinə çevirməlidirlər.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Çinə ixrac imkanlarımız genişlənir - Real TV
Azərbaycan və Çin arasında qida məhsullarının ixracına dair mühüm razılaşmalar əldə olunub
Giriş