AQTA qida subyektlərinin və obyektlərinin səyyar qeydiyyatını davam etdirir
29 Noyabr 2023 09:39
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin səyyar formada qeydiyyata alınmasını davam etdirir.
Proses çərçivəsində AQTA-nın əməkdaşları tərəfindən xüsusi təchiz olunmuş texniki vasitələrlə Agentliyin Quba-Xaçmaz regional bölməsinin ərazisində 70-dən artıq sahibkarlıq subyektinə məxsus qida obyektinin yerində qeydiyyata alınması və təsdiqi həyata keçirilib. Eyni zamanda sahibkarlar qida təhlükəsizliyi qeydiyyatına alınma ilə bağlı qanunvericiliyin tələbləri barədə məlumatlandırılıb.
Qeyd edək ki, sahibkarlar Agentliyin “1003-Çağrı Mərkəzi” və regional bölmələri ilə birbaşa əlaqə saxlamaqla, səyyar formada qeydiyyata alınma xidmətindən yararlana bilərlər. Qeydiyyatla bağlı səyyar xidmət göstərilməsi zamanı yalnız Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktlarla müəyyən olunmuş sənədlər tələb edilir.
Səyyar formada qeydiyyata alınma ilə yanaşı, sahibkarlar cavabdeh olduqları obyektlərin qeydiyyatı (təsdiqi) üçün AQTA-nın www.afsa.gov.az saytında “Asan imza” ilə şəxsi kabinetlərinə daxil olaraq onlayn müraciət edə bilərlər. Həmçinin onların şəxsən (və ya səlahiyyətli nümayəndə vasitəsi ilə) kağız daşıyıcılarda “ASAN xidmət” mərkəzlərinə, kiçik və orta biznes evlərinə (KOB evlərinə), “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə və AQTA-nın regional bölmələrinə müraciət etmək imkanları var.
Onu da bildirək ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qida zəncirinin bütün mərhələləri üzrə fəaliyyət göstərən qida subyektləri və obyektləri qeydiyyatdan keçirilməlidir. Qeydiyyat üçün dövlət rüsumu tələb olunmur. Obyektlərin (subyektlərin) qeydiyyata alınmadan və ya təsdiq olunmadan qida sahəsində fəaliyyət göstərməsi isə qadağandır.
Oxşar xəbərlər
AQTA əməkdaşları Çində beynəlxalq təlimdə iştirak ediblər
10–23 noyabr tarixlərində Çin hökuməti tərəfindən həyata keçirilən “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində inspeksiya və karantin standartları üzrə beynəlxalq təlim keçirilib. Pekin və Sian şəhərlərində baş tutan təlimdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları da iştirak ediblər. Təlimin əsas məqsədi inspeksiya və karantin sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, mütəxəssislərin peşəkar bilik və bacarıqlarının artırılması, eləcə də kənd təsərrüfatı məhsullarının beynəlxalq ticarətində fitosanitar təhlükəsizliyin gücləndirilməsi olub. Təlim çərçivəsində ÇXR-in bitki karantini sistemi, idxal-ixrac əməliyyatlarında fitosanitar nəzarət, zərərli orqanizmlərin aşkarlanması, laborator müayinə üsulları, fitosanitar risklərin qiymətləndirilməsi və müasir nəzarət mexanizmlərinin tətbiqi üzrə təqdimatlar dinlənilib. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.
Qoşqar Təhməzli sahibkarları qəbul edəcək
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli dekabrın 3-ü saat 14:00-da Agentliyin inzibati binasında qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 77) 1003 256 nömrəsinə zəng vurmaqla, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla dekabrın 2-si saat 13:00-dək qəbula yazıla bilərlər.
Kürdəmirdə marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
Kürdəmir rayonu, Bakı prospekti, Dördyol dairəsində yerləşən, Baxşıyev Nizami Vəlixan oğluna məxsus “Güvən Store” marketdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən nəzarət tədbiri keçirilib. Marketdə normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, etiket məlumatları olmayan və yararlılıq müddəti bitmiş müxtəlif əmtəə nişanlı qida məhsulları, saxtalaşdırılaraq istehsal edilmiş “Organic Gold”, “Gümüş Güllə”, ”Organic Vodka” əmtəə nişanlı alkoqollu içkilər aşkarlanıb. Faktla bağlı inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar dövriyyədən çıxarılaraq araşdırılması üçün aidiyyəti orqana göndərilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş