AQTA “Sağlam məktəbli” layihəsini davam etdirir
16 Dekabr 2024 10:02
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Sağlam məktəbli” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir.
Layihə çərçivəsində 2024-2025-ci tədris ili üzrə ilk görüşlər Füzuli rayonunun Əhmədbəyli, Kərimbəyli və Yağlavənd kənd orta məktəblərində, İmişli rayonunun 5 və 7 nömrəli şəhər tam orta, Yusif Sadatxanov adına Aranlı kənd 1 nömrəli və H.Hüseynov adına Qızılkənd kənd tam orta məktəblərində, Beyləqan rayonunun 3 nömrəli şəhər, Kəbirli kənd 1 nömrəli və Dünyamalılar kənd 1 nömrəli tam orta məktəblərində və Humanitar təmayüllü liseydə, Ağstafa rayonunun Vurğun qəsəbə H.Əzizov adına, A.Ələkbərov adına Köçəsgər kənd 2 nömrəli, A.Mustafayev adına Həsənsu kənd və X.İsmayılov adına Eynallı kənd tam orta məktəblərində keçirilib.
Ümumilikdə 15 ümumtəhsil müəssisəsində tədbirlərdə iştirak edən 850-ə yaxın şagirdə Agentliyin fəaliyyət istiqamətləri, eləcə də qida təhlükəsizliyinin və bitki sağlamlığının təmin olunması, o cümlədən təsərrüfatlarda bitki mühafizə vasitələrindən düzgün istifadənin vacibliyi barədə məlumat verilib. Məktəblilər pestisidlər və onlardan düzgün istifadə, həmçinin müvafiq qaydalara əməl olunmadıqda, ətraf mühit və insan orqanizmi üçün yaratdığı təhlükələr barədə məlumatlandırıb. Eyni zamanda pestisidlərlə çirklənməyə məruz qalmış ərazilərin təhlükəlilik vəziyyəti, bu yerlərdə davranış qaydaları və ehtiyat tədbirlər haqqında məlumatlar onların nəzərinə çatdırılıb. Eləcə də pestisidlərdən istifadə və digər məsələlərlə bağlı suallar yarandıqda, AQTA-nın “1003-Çağrı Mərkəzi”nə müraciət edə biləcəkləri şagirdlərin diqqətinə çatdırılıb.
Eyni zamanda görüşlərdə mövzu ətrafında müzakirələr aparılıb, məktəbliləri maraqlandıran suallar cavablandırılıb və onlara pestisidlərə dair maarifləndirici bukletlər paylanıb.
Qeyd edək ki, AQTA “Sağlam məktəbli” layihəsinə 2018-ci ildə start verib. Layihə şagirdlər arasında sağlam qidalanmanının təşviq olunması, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və məktəblilərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədilə həyata keçirilir. Ötən müddətdə minlərlə şagird layihənin məqsədinə uyğun olaraq müxtəlif mövzularda məlumatlandırılıb.
Oxşar xəbərlər
Qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirləri çərçivəsində İşçi Qrupun iclası keçirilib
Qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirləri çərçivəsində görülən işlərin nəticələrinin qiymətləndirilməsi və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə Xaçmaz rayonunda Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, aidiyyəti qurumların və yerli icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət İşçi Qrupun iclası keçirilib. Görüşdə zərərvericinin yayılma vəziyyəti, aparılan monitorinqlərin nəticələri və mübarizə tədbirlərinin səmərəliliyinin artırılması müzakirə olunub. Bildirilib ki, hazırda monitorinqlər intensivləşdirilib. Aparılan müşahidələr göstərir ki, havaların soyuması ilə əlaqədar zərərverici yaşayış evlərində, ictimai iaşə obyektlərində, təsərrüfat tikililərində və digər qapalı məkanlarda toplanır. Qışlama dövründə zərərvericinin vaxtında aşkarlanıb məhv edilməsi onun populyasiyasını azaltmaqla növbəti vegetasiya dövründə yarana biləcək iqtisadi zərərin qarşısını alır. Görüşdə yerli əhali və sahibkarlar üçün maarifləndirici tədbirlərin keçirildiyi, zərərvericinin yayılma yolları və mübarizə üsulları barədə məlumat verildiyi qeyd olunub. Eyni zamanda, çap materiallarının paylanıldığı, media və sosial şəbəkələr vasitəsilə məlumatlandırma işlərinin aparıldığı diqqətə çatdırılıb.
Oğuzda qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri keçirilib
Qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması, kənd təsərrüfatı bitkilərinə vura biləcəyi zərərin minimuma endirilməsi və əhalinin məlumatlılığının artırılması məqsədilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki–Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən Oğuz rayonunda maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər çərçivəsində rayonun Kərimli, Bayan, Bucaq və Qumlaq kəndlərində sakinlərlə görüşlər təşkil olunub. Görüşlərdə zərərvericinin biologiyası, yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə vurduğu zərər və ona qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Havaların soyuması ilə əlaqədar bağacığın qışlamaq üçün yaşayış evlərinə və yardımçı tikililərə sığındığı diqqətə çatdırılıb. Bildirilib ki, evlərdə və digər tikililərdə aşkar edilən zərərvericilərin toplanaraq mexaniki üsulla məhv edilməsi onların sayının azaldılmasına kömək edir. Qışlama dövründə bu istiqamətdə görülən tədbirlər növbəti vegetasiya mövsümündə zərərvericinin yayılma riskinin minimuma endirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Maarifləndirmə tədbirləri zamanı sakinlərə bukletlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb və zərərvericiyə qarşı mübarizə ilə bağlı müvafiq tövsiyələr verilib.
AQTA əməkdaşı badminton yarışında yer tutub
Gənclər və İdman Nazirliyi və Badminton Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında badminton yarışı keçirilib. Qida Təhlükəsizliyi Agentliyinin İdxal və ixraca nəzarət şöbəsinin əməkdaşı Cavid Əlizadə kişilər arasında 2-ci yeri qazanıb. Yarışda ümumilikdə 10 dövlət qurumunu təmsil edən 12 kişi və 6 qadın iştirak edib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş