AQTA “Sağlam məktəbli” layihəsini davam etdirir
17 Noyabr 2025 10:56
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Sağlam məktəbli” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir.
Layihənin əsas məqsədi məktəblilər arasında sağlam qidalanmanın təşviq edilməsi, qida təhlükəsizliyi anlayışının təbliği və şagirdlərdə düzgün qida vərdişlərinin formalaşdırılmasıdır. Bu məqsədlə 2025–2026-cı tədris ili üzrə növbəti görüş Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 239 və 163 nömrəli tam orta məktəblərdə keçirilib.
Tədbirlərdə hər iki məktəbdən ümumilikdə 800-dən çox şagird iştirak edib. Onlara Agentliyin fəaliyyət istiqamətləri, qida təhlükəsizliyinin təmin olunması və sağlam qidalanmanın əhəmiyyəti barədə ətraflı məlumat verilib. Daha sonra Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən “Süd məhsullarının faydaları” mövzusunda təqdimatlar keçirilib.
Görüş zamanı mövzu ətrafında müzakirələr aparılıb, məktəbliləri maraqlandıran suallar cavablandırılıb və iştirakçılara sağlam qidalanma ilə bağlı maarifləndirici bukletlər paylanıb.
Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinə 2018-ci ildə start verilib. Hər il layihə çərçivəsində ümumtəhsil müəssisələrində şagirdlərlə qida təhlükəsizliyi və sağlam qidalanma mövzularında müxtəlif görüşlər keçirilir. AQTA tərəfindən bu istiqamətdə tədbirlərin davamlı şəkildə təşkili nəzərdə tutulur.
Oxşar xəbərlər
Suraxanıda kafedə nöqsanlar aşkarlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olmuş vətəndaş müraciəti əsasında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində fiziki şəxs Soltanov İlham Saməddin oğluna məxsus kafedə plandankənar yoxlama keçirilib. Yoxlama zamanı obyektin qida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, sanitar-gigiyenik tələblərə və qida ilə təmasda olan səthlərə dair tələblərə əməl edilmədiyi, havalandırma sisteminin və zəruri yuma çanaqlarının olmadığı, soyuducuda korroziya izlərinin müşahidə edildiyi və digər nöqsanlar aşkarlanıb. Aşkar edilmiş uyğunsuzluqlarla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub. Nöqsanlar aradan qaldırılanadək obyektin fəaliyyətinin məhdudlaşdırılması barədə qərar qəbul edilib.
AQTA nümayəndə heyəti Rusiyada səfərdədir
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nümayəndələrindən ibarət heyət Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) tabeliyindəki Baytarlıq Sanitariyası, Gigiyena və Ekologiya üzrə Ümumrusiya Elmi-Tədqiqat İnstitutunda (FGBU “VNİİZJ”) olublar. Görüşdə FGBU “VNİİZJ”in fəaliyyət istiqamətləri, o cümlədən heyvan xəstəlikləri törədicilərinin öyrənilməsi, ştammlar əsasında vaksinlərin hazırlanması və tətbiqi barədə məlumat verilib. Tərəflər kənd təsərrüfatı heyvanları arasında yayılan transsərhəd xəstəliklərin, xüsusilə dabağın profilaktikası və diaqnostikası məsələlərini müzakirə ediblər. Görüş çərçivəsində Azərbaycan və Rusiya mütəxəssisləri arasında baytarlıq təbabəti və bioloji təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması məsələləri də müzakirə olunub.
İxracatçıların diqqətinə: Beynəlxalq fitosanitar tələblərə ciddi əməl edilməlidir
Azərbaycanın bitkiçilik məhsullarının ixracı uğurla davam edir. Hazırda ölkəmizdən dünyanın 39-dan çox ölkəsinə müxtəlif bitkiçilik məhsulları ixrac olunur. İxrac dinamikasında müşahidə olunan müsbət artım Azərbaycan məhsullarına beynəlxalq bazarlarda artan etimadın göstəricisidir. İxracın davamlı inkişafı və yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi üçün ixracatçıların fitosanitar tələblərə ciddi əməl etməsi vacibdir. Bitkiçilik məhsulları, onların qablaşdırılması, etiketlənməsi və daşınması beynəlxalq standartların və idxalçı ölkələrin müəyyən etdiyi tələblərə uyğun olmalıdır. Ölkəmizdə ixrac edilən bitkiçilik məhsullarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə məhsul partiyalarına fitosanitar baxış keçirilir, laborator və vizual yoxlamalar aparılır. Tələblərə uyğun məhsullar müvafiq fitosanitar sertifikatla təmin edilir və ixracına icazə verilir. İxracatçıların diqqətinə çatdırırıq ki, məhsul partiyaları formalaşdırılarkən məhsulun mənşəyi və ilkin istehsalçısı barədə məlumatlar düzgün bəyan edilməli, çeşidləmə keyfiyyətlə aparılmalı, aqrotexniki və aqrokimyəvi qulluq qaydalarına riayət edilməli, məhsullar idxalçı ölkələrin fitosanitar və keyfiyyət tələblərinə tam cavab verməlidir. Xüsusilə qeyd edirik ki, ixrac zamanı istifadə olunan taxta altlıqlar və digər taxta qablaşdırma materialları Beynəlxalq Bitki Mühafizəsi Konvensiyasına əsasən təsdiq edilmiş Fitosanitar Tədbirlər üzrə Beynəlxalq Standarta (ISPM 15) uyğun emal edilməli və müvafiq nişanla markalanmalıdır. Bütün ixracatçıları beynəlxalq fitosanitar standartlara və milli qanunvericiliyin tələblərinə məsuliyyətlə əməl etməyə çağırırıq. Tələblərə riayət edilməsi Azərbaycan məhsullarının beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin artırılmasına, yeni ixrac imkanlarının yaranmasına və ölkəmizin etibarlı ticarət tərəfdaşı kimi mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir. Link:
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş