AQTA sahibkarları pandemiya ilə əlaqədar sosial məsuliyyətdən irəli gələn tələblərə əməl etməyə çağırdı
20 May 2020 15:57
Ölkəmizin bütün vətəndaşlarına məlumdur ki, pandemiya dövründə dövlət tərəfindən görülən tədbirlərin qayəsində Azərbaycan əhalisinin sağlamlığının və rifahının qorunması dayanmışdır. Ölkə rəhbərliyi tərəfindən bütün qurumlara və sahibkarlıq subyektlərinə öz fəaliyyətlərini bu ali məqsədlərə xidmət edəcək şəkildə həyata keçirmələri tövsiyə olunmuşdur. Lakin son günlərdə Agentliyin 1003 Çağrı Mərkəzinə istehlakçılardan daxil olan müraciətlərə əsasən müəyyən olmuşdur ki, nəzarət tədbirlərinin yumşaldılması hallarından bir sıra sahibkarlar sui-istifadə etməklə müxtəlif pozuntulara yol vermişlər. Aparılan araşdırmalar zamanı respublikanın müxtəlif regionlarında fəaliyyət göstərən 416 ticarət müəssisəsində monitorinqlər keçirilmiş, onlardan 164-də müraciətlərdə qeyd olunan nöqsanlar öz təsdiqini tapmışdır.
Monitorinq nəticəsində yararlılıq müddəti ötmüş ümumi çəkisi 764,866 kq olan ət, süd, unlu və qənnadı məmulatları, konservlər və s. , eləcə də 435,02 litr olan spirtli və spirtsiz içkilər və müxtəlif çeşidli şirələr satışdan çıxarılaraq məhv edilmişdir.
Agentlik tərəfindən əhalinin sağlamlığının qorunması, təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl olaraq zəruri tədbirlər həyata keçirilməkdədir. Ancaq bununla yanaşı, prosesdə iştirak edən bütün tərəflərin-sahibkarların, istehlakçıların, eyni zamanda hər bir vətəndaşın sosial məsuliyyətini dərk etməsi, özünün, sevdiklərinin və ailə üzvlərinin sağlamlığı naminə qida nəzarətçisinə çevrilməsi vacibdir. AQTA hər bir istehlakçını bu istiqamətdə nümunəvi vətəndaş mövqeyi ortaya qoymağa və ictimai nəzarətin təmin olunmasında aktiv iştiraka dəvət edir.
Qida Təhlükəsizliyi Agentliyi ərzaq məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərinə müraciət edərək, koronavirusla bağlı tətbiq olunmuş xüsusi rejimə əməl etməyə, istehlakçıların hüquqlarının və sağlamlığının qorunması məqsədilə təqdim olunmuş metodiki göstərişlərdə nəzərdə tutulmuş qaydalara ciddi şəkildə riayət etməyə çağırır.
Oxşar xəbərlər
Şəkidə qəhvəyi mərmər bağacığına qarşı maarifləndirici görüşlər keçirilib
Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin müfəttişləri Şəki rayonunun İnçə və Zunud kəndlərində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin müəllim kollektivləri ilə qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə maarifləndirici görüşlər keçirib. Görüşlərdə kənd təsərrüfatına və ətraf mühitə ziyan vuran qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinin əhəmiyyəti diqqətə çatdırılıb. Zərərvericinin bioloji xüsusiyyətləri, yayılma arealı, kənd təsərrüfatı bitkilərinə vurduğu ziyan, eləcə də onunla mübarizə üsulları barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, qış dövrü qəhvəyi mərmər bağacığına qarşı mexaniki mübarizə tədbirlərinin aparılması üçün ən əlverişli mərhələ hesab olunur. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, maarifləndirici kitabçalar paylanılıb.
Pestisid və gübrələrin dövriyyəsi sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib
Bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin istehsalı, idxalı, saxlanması, satışı və istifadəsi sahəsində fəaliyyət göstərən şirkətlərin üzləşdiyi aktual məsələlərin və mövcud çətinliklərin müzakirəsi, eyni zamanda bu sahədə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyində sahibkarlarla görüş keçirilib. Görüş zamanı pestisid və aqrokimyəvi maddələrin dövriyyəsində təhlükəsizliyin təmin olunması, qanunvericiliyin tələblərinə riayət edilməsinin vacibliyi və nəzarət tədbirləri barədə ətraflı məlumat verilib. Preparatların anbarlarda qalıq miqdarına dair statistik hesabatların vaxtında və düzgün təqdim edilməsi, anbarlarda saxlanma və təhlükəsizlik qaydalarına əməl olunması, preparatların açıq halda satışına yol verilməməsi, yalnız müvafiq rəy verilmiş anbarlardan istifadə olunması ilə bağlı tələblər sahibkarların diqqətinə çatdırılıb. Bildirilib ki, istifadəyə yararsız və yararlılıq müddəti bitmiş preparatlarla bağlı inventarlaşdırma komissiyasına müraciət edilməsi vacibdir, idxal olunan məhsulların laborator nəticələr əldə edilmədən dövriyyəyə buraxılması isə yolverilməzdir. Azərbaycan dilində etiketləmə tələblərinə və preparatların tətbiqi zamanı normativ tələblərə (məsarif norması, preparatın son tətbiqi ilə məhsul yığımı arasında gözləmə müddətinin nəzərə alınması və s.) ciddi əməl olunmalı, məhsulların fiziki-kimyəvi göstəricilərində dəyişiklik baş verdikdə Agentliyə əvvəlcədən məlumat verilməlidir.
Ağdamda bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin satışı mağazasında nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağdam rayonunun Quzanlı qəsəbəsində fəaliyyət göstərən, Qurbanov Rüfət Nazim oğluna məxsus bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin satışı mağazasında yoxlama keçirib. Baxış zamanı mağazada yararlılıq müddəti bitmiş bitki mühafizə vasitələrinin satışa çıxarıldığı və preparatların qeydiyyatının aparılmadığı müəyyən edilib. Həmçinin sanitar-gigiyenik və sanitar-texniki qaydaların pozulduğu aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş