AQTA saxta qida ekspertləri ilə bağlı xəbərdarlıq edib
11 Oktyabr 2024 15:07
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi məqsədilə ölkədə emal olunan qablaşdırılmış içməli sularla bağlı nəzarət tədbirlərini davam etdirir.
Monitorinqlər zamanı ticarət obyektlərində satışı həyata keçirilən müxtəlif adda emal edilən qablaşdırılmış sulardan nümunələr götürülərək sınaqların aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilir. Sınaq nəticələri uyğun olan, qida sahəsində normativ sənədlərin tələblərinə cavab verən suların dövriyyəsinə icazə verilir.
Təəssüflə qeyd etmək lazımdır ki, bəzi özünü qida mütəxəssisi və ya qida mühəndisi adlandıran “ekspertlər” əhali arasında çaşqınlıq yaradaraq içməli suların tərkibi ilə bağlı heç bir elmə əsaslanmayan reallıqdan uzaq məlumatlar yayırlar. Həmçinin bəzi suların əsasən mədə-bağırsaq, həzm problemi, qaraciyər xəstəlikləri, öd kisəsi və digər daxili orqanlar üçün zərərli, yaxud müalicəvi olması ilə bağlı yanlış məlumatlar verirlər. Bununla yanaşı, həmin “ekspertlər” 30 ildən sonra yenidən istehlakçılara təqdim edilən Kəlbəcər rayonunun “İstisu” mineral suyunun insan orqanizmində bəzi problemlər yarada biləcəyi və ya xəstəlik törətməsi ilə bağlı həqiqətdən uzaq məlumatlar tirajlamaqdan çəkinmirlər. Bu şəxslərin heç bir tibbi təhsili və qida sahəsində peşəkar fəaliyyəti olmadan adıçəkilən suyun bir sıra xəstəliklər yarada biləcəyinə, həmçinin bir çox xəstəliklərin müalicəsinə dair absurd fikirlər səsləndirirlər.
Qeyd edək ki, təbii mineral suların qeydiyyatı prosesi zamanı “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Rrespublikasının Qanununa əsasən, Azərbaycan Respublikasının ərazisində istehsal və emal edilməmişdən, dövriyyəyə buraxılmamışdan əvvəl məhsulların həyat və sağlamlığa təsirinin qiymətləndirilməsi, təhlükəsizliyinin və minimum keyfiyyətinin, etiketlənmə və qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktlarla müəyyənləşdirilmiş digər tələblərə uyğunluğunun müəyyən edilməsi üçün Agentlik tərəfindən tədqiqi (sınağı) aparılır və məhsulların xüsusiyyətlərindən asılı olaraq bu Qanunun 25-ci maddəsinə uyğun olaraq qeydiyyata alınır. Bildiririk ki, “İstisu” mineral su zavodunun AQTA-ya müraciəti əsasında Qanuna müvafiq olaraq, 2024-cü il 30 avqust tarixində “İstisu” təbii mineral qazlı su kimi qida təhlükəsizliyi qeydiyyatına alınıb.
Qeydiyyat proseduru zamanı “İstisu” əmtəə nişanlı məhsulun əldə olunduğu mənbədən götürülən su nümunələrinin laborator müayinə nəticələri məhsulun təhlükəsizlik (o cümlədən, mikrobioloji və toksikoloji göstəriciləri) və minimum keyfiyyət göstəricilərinin təbii mineral sular üçün qida təhlükəsizliyi sahəsi üzrə normativ sənədlərdə göstərilən normalara, insan istehlakına uyğun olduğu, insan həyat və sağlamlığı üçün zərərli olmadığı müəyyənləşdirilib və məhsul qeydiyyata alınaraq Reyestrə daxil edilib. Reyestr məlumatlarına əsasən, qablaşdırılmış təbii mineral su Kəlbəcər rayonu, "Aşağı İstisu" termalmineral su yatağından əldə olunur. Məhsulun etiketində təbii mineral suyun tərkibi barədə məlumatlar bəyan edilib. Saxlama şəraiti ilə bağlı qeyd edirik ki, bu sular birbaşa günəş şüalarından qorunan yerdə +5°C-dən +28°C-dək temperaturda, nisbi rütubətlilik 75%-dən çox olmamaq şərti ilə saxlanılmalıdır. Açılmış qablaşdırma 3 gündən artıq olmamaq şərti ilə 0°C-dən +6°C-dək temperaturda saxlanılmalıdır.
Eyni zamanda müvafiq Qanuna əsasən, hər hansı bir qida məhsulunun etiketində həmin məhsulun insan xəstəliklərinin qarşısını alması, müalicəvi xüsusiyyətlərə malik olması haqqında məlumatlar verilməməlidir.
AQTA vətəndaşları yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiq olunmuş rəsmi məlumatlara etibar etməyə çağırır.
Oxşar xəbərlər
Qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirləri çərçivəsində İşçi Qrupun iclası keçirilib
Qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirləri çərçivəsində görülən işlərin nəticələrinin qiymətləndirilməsi və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə Xaçmaz rayonunda Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, aidiyyəti qurumların və yerli icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət İşçi Qrupun iclası keçirilib. Görüşdə zərərvericinin yayılma vəziyyəti, aparılan monitorinqlərin nəticələri və mübarizə tədbirlərinin səmərəliliyinin artırılması müzakirə olunub. Bildirilib ki, hazırda monitorinqlər intensivləşdirilib. Aparılan müşahidələr göstərir ki, havaların soyuması ilə əlaqədar zərərverici yaşayış evlərində, ictimai iaşə obyektlərində, təsərrüfat tikililərində və digər qapalı məkanlarda toplanır. Qışlama dövründə zərərvericinin vaxtında aşkarlanıb məhv edilməsi onun populyasiyasını azaltmaqla növbəti vegetasiya dövründə yarana biləcək iqtisadi zərərin qarşısını alır. Görüşdə yerli əhali və sahibkarlar üçün maarifləndirici tədbirlərin keçirildiyi, zərərvericinin yayılma yolları və mübarizə üsulları barədə məlumat verildiyi qeyd olunub. Eyni zamanda, çap materiallarının paylanıldığı, media və sosial şəbəkələr vasitəsilə məlumatlandırma işlərinin aparıldığı diqqətə çatdırılıb.
Oğuzda qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri keçirilib
Qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması, kənd təsərrüfatı bitkilərinə vura biləcəyi zərərin minimuma endirilməsi və əhalinin məlumatlılığının artırılması məqsədilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki–Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən Oğuz rayonunda maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər çərçivəsində rayonun Kərimli, Bayan, Bucaq və Qumlaq kəndlərində sakinlərlə görüşlər təşkil olunub. Görüşlərdə zərərvericinin biologiyası, yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə vurduğu zərər və ona qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Havaların soyuması ilə əlaqədar bağacığın qışlamaq üçün yaşayış evlərinə və yardımçı tikililərə sığındığı diqqətə çatdırılıb. Bildirilib ki, evlərdə və digər tikililərdə aşkar edilən zərərvericilərin toplanaraq mexaniki üsulla məhv edilməsi onların sayının azaldılmasına kömək edir. Qışlama dövründə bu istiqamətdə görülən tədbirlər növbəti vegetasiya mövsümündə zərərvericinin yayılma riskinin minimuma endirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Maarifləndirmə tədbirləri zamanı sakinlərə bukletlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb və zərərvericiyə qarşı mübarizə ilə bağlı müvafiq tövsiyələr verilib.
AQTA əməkdaşı badminton yarışında yer tutub
Gənclər və İdman Nazirliyi və Badminton Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında badminton yarışı keçirilib. Qida Təhlükəsizliyi Agentliyinin İdxal və ixraca nəzarət şöbəsinin əməkdaşı Cavid Əlizadə kişilər arasında 2-ci yeri qazanıb. Yarışda ümumilikdə 10 dövlət qurumunu təmsil edən 12 kişi və 6 qadın iştirak edib.
Giriş