AQTA sədri 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan 2023” və 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” sərgilərində iştirak edib
17 May 2023 16:52
Bakıda 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan 2023” və 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” sərgiləri işinə başlayıb.
17-19 may tarixlərini əhatə edən sərgilərə ümumilikdə 31 ölkədən 479 şirkət, o cümlədən 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” Sərgisinə 17 dövlətdən 161 şirkət qatılıb. Sərgidə Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Almaniya, Belarus, Çin, Fransa, İran, İtaliya, Polşa, Slovakiya, Sloveniya, Şri-Lanka, Tailand və ilk dəfə olaraq Tunisdən olan şirkətlər iştirak edir. “InterFood Azerbaijan 2023” Sərgisi keyfiyyətli məhsulları bazara çıxarmaq və sərgi iştirakçıları ilə ziyarətçilər arasında birbaşa əlaqə yaratmaq məqsədilə keçirilir. Sərgidə təqdim edilən bütün məhsullar “InterFood” (qida sənayesi), “InterDrink” (içkilər), “InterFoodTech” (texnologiya), “HalalFood”, “HOREX” və “Ipack” istiqamətlərinə bölünüb.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə digər sahələrlə birgə qida təhlükəsizliyi sahəsində də həyata keçirilən islahatlar əhalinin sağlam qida ilə təminatını yaxşılaşdırmaqla yanaşı, qida sənayesinin inkişafına da öz töhfəsini verməkdədir. Qida təhlükəsizliyi sisteminin beynəlxalq tələblərə uyğun qurulması və qida sənayesinin tətbiqi son illər bu sahədə ciddi nailiyyətlərin əldə olunmasına gətirib çıxarıb. Həyata keçirilən tədbirlər əhalinin daha təhlükəsiz qida məhsulları ilə təmin edilməsində, kənd təsərrüfatı və qida məhsullarının ixrac potensialının artırılmasında mühüm rol oynayıb. Görülən işlər qida sənayesi sektorunda müasir standartların tətbiqinə, yerli istehlakçıların hüquqlarının müdafiəsi və idxal-ixrac prosesi zamanı qida məhsullarının təhlükəsizliyinin təmin edilməsinə müsbət təsir göstərib. Dünyada qida təhlükəsizliyinin təmin olunması sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrin daha da genişləndirilməsi xarici investorların Azərbaycan iqtisadiyyatına marağını artırıb və istehsal edilən yerli məhsulların beynəlxalq bazarlara çıxış imkanlarını daha da artırıb.
Q.Təhməzli həmçinin vurğulayıb ki, 2023-cü il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu qida təhlükəsizliyi sistemi üzrə hüquqi bazanı gücləndirir, vətəndaşların həyat və sağlamlığının qorunmasında mühüm rol oynayır. Qanun dövlətin siyasi xəttinə uyğun olaraq, sahibkarlara göstərilən dəstəyin davamı kimi də öz töhfəsini verir. Eləcə də bu qanun bir çox beynəlxalq qaydaların həyata keçirilməsi ilə yanaşı, qida məhsullarının izlənmə sisteminin tətbiqi, qida zəncirində fəaliyyət göstərən subyektlərin və obyektlərin qeydiyyatı ilə təsdiqi prosesinə yeni baxış formalaşdırıb.
Qeyd edək ki, sərgi çərçivəsində ikitərəfli işgüzar görüşlər də keçiriləcək. “Caspian Agro” sərgisi çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə “Aqrar İnnovasiyalar Forumu” adı altında kənd təsərrüfatının müxtəlif sahələrini əhatə edən panel müzakirələri baş tutub. Sessiyalar zamanı ölkədə kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlər müzakirə olunub, bu sahədə tətbiq edilən innovativ həllər və nəticələr barədə informasiya-məsləhət xarakterli məlumatlar bölüşülüb.
28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan 2023” və 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” sərgilərinin rəsmi dəstəkçiləri AQTA, Kənd Təsərrüfatı Nazirliyi, (KOBİA), İxracın və İnvestisiyaların Təşviqi Agentliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyasıdır.
Oxşar xəbərlər
Alma və armud bağlarında dəmgil xəstəliyinə qarşı mübarizə tədbirləri
Bitki sağlamlığının qorunması istiqamətində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin fitosanitar müfəttişləri tərəfindən bitkiçilik təsərrüfatlarında mütəmadi monitorinqlər aparılır, təsərrüfat sahiblərinə bitki xəstəliklərinin vaxtında aşkarlanması və onlara qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi ilə bağlı maarifləndirici məlumatlar verilir. Cari mövsümdə respublikanın Şimal və Şimal-Şərq bölgələrində müşahidə olunan qeyri-sabit hava şəraiti, yağıntılı günlərin tez-tez təkrarlanması və havanın nisbi rütubətinin yüksək olması alma və armud bağlarında dəmgil xəstəliyinin inkişafı və yayılması üçün əlverişli şərait yarada bilər. Dəmgil tumlu meyvə bitkilərində, xüsusilə alma və armudda geniş yayılmış göbələk mənşəli xəstəliklərdən biridir. Xəstəlik əsasən bitkinin yarpaqlarını, zoğlarını və meyvələrini zədələyir. Yarpaqların səthində əvvəlcə zeytuni-qonur, sonradan isə daha tünd rəng alan ləkələr əmələ gəlir. Güclü sirayətlənmə zamanı yarpaqlar quruyaraq vaxtından əvvəl tökülə bilər. Bu isə fotosintez prosesinin zəifləməsinə və məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Yoluxmuş meyvələrin səthində tünd rəngli, aydın seçilən ləkələr yaranır. Meyvələr inkişafın erkən mərhələsində zədələndikdə ləkələrin altında mantarlaşmış toxuma əmələ gəlir, nəticədə meyvələrin normal inkişafı pozulur, forması dəyişir və zədələnmiş hissələrdə çatlar yaranır. Yetişməyə yaxın dövrdə yoluxmuş meyvələrdə isə ləkələr əmələ gəlsə də, deformasiya və çatlama daha az müşahidə oluna bilər. Dəmgil xəstəliyi məhsulun xarici görünüşünü və əmtəəlik keyfiyyətini aşağı salır, meyvələrin saxlanma qabiliyyətinə mənfi təsir göstərərək məhsul itkilərinin artmasına səbəb ola bilər. Xəstəliyin inkubasiya müddəti ətraf mühit şəraitindən, temperaturdan və yarpaqların nəm qalma müddətindən asılı olaraq dəyişir və əlverişli şəraitdə təxminən 8–21 gün davam edə bilər. Yüksək nisbi rütubət və yağıntılı hava şəraiti göbələyin inkişafı və xəstəliyin yayılması üçün əlverişli şərait yaradır. Xəstəliyin əsas ilkin infeksiya mənbələrindən biri torpağa tökülmüş yoluxmuş yarpaqlardır. Yaz aylarında həmin yarpaqlarda formalaşan sporlar külək və yağıntılar vasitəsilə yayılaraq yeni yarpaqları və meyvələri yoluxdura bilər. Yağıntılı hava şəraiti davam etdikdə vegetasiya dövrü ərzində təkrar yoluxma riski də artır. Dəmgil xəstəliyinin yayılmasının qarşısını almaq və məhsul itkilərini azaltmaq üçün aqrotexniki, sanitariya və kimyəvi mübarizə tədbirləri kompleks şəkildə həyata keçirilməlidir: • Sanitariya tədbirləri: Vegetasiyanın sonunda yerə tökülmüş yoluxmuş yarpaqlar və meyvələr bağdan yığılmalı, qüvvədə olan fitosanitar və ekoloji tələblərə uyğun qaydada məhv edilməli və ya zərərsizləşdirilməlidir. Bu tədbirlər növbəti vegetasiya dövründə ilkin infeksiya mənbələrinin azalmasına kömək edir. • Budama və çətirin seyrəldilməsi: Ağacların vaxtında budanması, sıxlaşmış budaqların seyrəldilməsi və çətirdaxili havalanmanın yaxşılaşdırılması təmin edilməlidir. Bu, yarpaqların uzun müddət nəm qalmasının qarşısını almağa və xəstəliyin inkişaf riskini azaltmağa kömək edir. • Aqrotexniki qulluq: Cərgəaraları və torpaq müvafiq qaydada becərilməli, ağacların düzgün formalaşdırılması və bağın fitosanitar vəziyyətinə müntəzəm nəzarət təmin edilməlidir. • Monitorinq: Xüsusilə yaz aylarında, tumurcuqların açılması və çiçəkləmə dövründə ağaclar mütəmadi yoxlanılmalı, xəstəliyin ilkin əlamətləri vaxtında müəyyən edilməli, hava şəraiti və yoluxma riski nəzərə alınmalıdır. • Kimyəvi mübarizə: Alma və armud bağlarında dəmgil xəstəliyinə qarşı Bordo məhlulundan və digər fungisidlərdən istifadə edilə bilər. Bordo məhlulu mis sulfat və əhəng əsasında hazırlanan təmas təsirli vasitədir. Onun tətbiqi bitkinin inkişaf mərhələsi və preparatın istifadə təlimatı nəzərə alınmaqla həyata keçirilməlidir. Funqisid preparatlarının tətbiq norması, çiləmələrin sayı və müddəti yalnız təsdiq edilmiş etiket məlumatlarına əsasən müəyyən edilməlidir. Yağıntılı və yüksək rütubətli dövrlərdə xəstəliyin yayılma riski nəzərə alınmalı, mübarizə tədbirləri vaxtında aparılmalıdır. Dəmgil xəstəliyinə qarşı aqrotexniki, sanitariya və kimyəvi mübarizə tədbirlərinin vaxtında və düzgün həyata keçirilməsi xəstəliyin yayılma riskini azaltmağa, bitkilərin sağlamlığını qorumağa, itkilərin qarşısını almağa və keyfiyyətli məhsul əldə etməyə imkan verir.
Qoşqar Təhməzli sahibkarları qəbul edəcək
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli noyabrın 5-i saat 14:00-da Agentliyin inzibati binasında qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 77) 100 32 56 nömrəsinə zəng vurmaqla, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla noyabrın 4-ü saat 14:00-dək qəbula yazıla bilərlər.
Fermadan süfrəyədək: Heyvan mənşəli məhsulların izlənməsi niyə vacibdir?
Ərzaq təhlükəsizliyinin təmin olunmasında heyvan mənşəli məhsulların sağlamlığı və təhlükəsizliyi mühüm əhəmiyyət daşıyır. Bu məhsulların təhlükəsizliyi isə birbaşa heyvanların sağlamlıq vəziyyəti və onların identifikasiyası ilə bağlıdır. Bu barədə ADA Universitetinin Aqrar və Qida Elmləri Məktəbinin Heyvandarlıq elmləri üzrə dosenti, professor Asəf Ömərov bildirib ki, heyvanların identifikasiyası onların vahid və unikal kod altında qeydiyyata alınmasını nəzərdə tutan kompleks sistemdir. Bu sistem vasitəsilə heyvanların keçirdiyi xəstəliklər, aldığı baytarlıq preparatları, müayinələri və digər məlumatlar vahid kod altında toplanır. Onun sözlərinə görə, identifikasiya sistemi heyvanların sağlamlıq tarixçəsini izləməyə, alıcıların heyvanlar barədə ətraflı məlumat əldə etməsinə və heyvan mənşəli məhsulların istehsaldan istehlaka qədər izlənməsinə imkan yaradır. Asəf Ömərov qeyd edib ki, rəqəmsal texnologiyaların tətbiqi bu prosesi daha da asanlaşdırır. Məhsullar üzərində yerləşdirilən QR kodlar və ya unikal kodlar vasitəsilə istehlakçılar və sahibkarlar müvafiq məlumatları əldə edə, məhsulun izlənməsini təmin edə bilərlər.
Giriş