AQTA sədri Ağdamda vətəndaşları qəbul edəcək
4 İyul 2024 10:08

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2024-cü ilin iyul ayı üzrə regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli iyulun 18-i saat 11:00-da Ağdam Rayon Heydər Əliyev Mərkəzində (Quzanlı qəsəbəsi) Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Laçın rayonlarından olan vətəndaşları qəbul edəcək.
Vətəndaşlar Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə (qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləmə, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsi və s.) bağlı adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə, info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq iyulun 17-dək qəbula yazıla bilərlər.
Eyni zamanda AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi, metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi, tibbi profilaktika, aqronomluq, bitki mühafizəsi, kimya, biologiya, torpaqşünaslıq və aqrokimya, baytarlıq ixtisasına yiyələnmiş vətəndaşlar müraciət edə bilərlər.
Oxşar xəbərlər

İdxal olunan ərik dənəsi və banan məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb
Nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən "Aferol Qida" MMC-nin Ekvadordan idxal etdiyi 24 ton banan məhsuluna keçirilən baxış zamanı aşkar korlanma (çürümə) halı aşkarlanıb, "Yedcon 2024" MMC-nin İrandan idxal etdiyi “Bazargani Mobin Artın Nikan” şirkətinin istehsalı olan 320 kq ərik dənəsindən götürülmüş nümunələrin müayinəsi nəticəsində isə “Aflatoksin B1”in miqdarının normadan artıq olduğu müəyyən edilib. Faktla bağlı istehlaka yararsız məhsulların gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilərək, məhsul partiyaları məhv edilib.

AQTA-da Ümumdünya Qida Təhlükəsizliyi Gününə həsr olunmuş minifutbol turniri keçiriləcək
Ümumdünya Qida Təhlükəsizliyi Günü münasibətilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları arasında minifutbol turniri təşkil olunacaq. 2025-ci il 3 may – 21 iyun tarixlərini əhatə edəcək oyunlarda Agentliyin qurumlarını təmsil edən 12 komandanın iştirakı nəzərdə tutulur. Qrup mərhələsində qarşılaşacaq komandalar püşkatma mərasimində müəyyənləşib. Qeyd edək ki, Agentliyin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçiriləcək turnirin əsas məqsədi işçilər arasında sağlam həyat tərzinin təşviqi, bədən tərbiyəsi və idmanın əhəmiyyətinin təbliği, eləcə də əməkdaşların asudə vaxtlarının səmərəli şəkildə təşkil olunması və əməkdaşlar arasında sağlam rəqabət mühitinin yaradılmasıdır.

Bərdə bazarında satışa çıxarılan süd məhsullarında uyğunsuzluq aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonu, Ü.Hacıbəyov küçəsində fəaliyyət göstərən “Bərdə Ticarət” ASC-yə məxsus bazarda yoxlama keçirib. Baxış zamanı bazarda mənşəyi məlum olmayan süd məhsullarının satışa çıxarıldığı məlum olub. Eyni zamanda pendir və nehrə yağı məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Sınaq nəticəsində hər iki məhsulda uyğunsuzluq - Stafilokok bakteriyası müəyyən edilib. Bazarda həmçinin əl yuma çanaqlarının, havalandırma sisteminin quraşdırılmadığı, qida məhsullarının yuyulması üçün ayrıca sahələrin təşkil edilmədiyi, tullantıların ağzı kip bağlanan qablarda toplanmadığı və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, uyğunsuzluq aşkarlanan məhsulların satışının qarşısı alınıb və icrası məcburi göstərişlər verilib.
