AQTA sədri çay, duz, qənd və şəkər emalı, idxal-ixracı və istehsalı sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edib
23 Yanvar 2025 17:21
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Agentliyin inzibati binasında vətəndaşların qəbulunu davam etdirir.
Bu çərçivədə bu gün çay, duz, qənd və şəkər emalı, idxal-ixracı və istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlar üçün qəbul keçirilib. Qəbul zamanı sahibkarların müraciət və təklifləri dinlənilib, sualları cavablandırılıb, aidiyyəti üzrə göstərişlər verilib. Onlar mövcud qanunvericilik və tələblər barədə ətraflı məlumatlandırılıb. Çay, duz, qənd və şəkər emalı, idxal-ixracı və istehsalı zamanı təhlükəsizlik və keyfiyyət göstəricilərinin müvafiq tələblərə cavab verməsinin vacib olduğu diqqətə çatdırılıb.
Qeyd edək ki, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektləri, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı sahəsində çalışan şəxslər və vətəndaşlar onları narahat edən məsələlərlə bağlı AQTA sədri ilə görüşə bilərlər. Görüşlərdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərməklə info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.
Oxşar xəbərlər

İxracatçı sahibkarlara dəstək məqsədilə AQTİ tərəfindən növbəti təlim keçirilib
Kənd təsərrüfatı məhsullarının ixrac potensialının artırılması və ixracatçı sahibkarlara dəstək məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən növbəti maarifləndirici təlim keçirilib. Təlim zamanı bitkiçilik məhsullarının ixracı prosesində sahibkarların diqqət etməli olduqları əsas məqamlar izah olunub. Qeyd olunub ki, ixrac təyinatlı məhsul yetişdirən sahibkarlıq subyektləri öz bitkiçilik təsərrüfatlarının qida təhlükəsizliyi qeydiyyatına alınmasını təmin etməlidir. Qeydiyyatın əsas məqsədi təsərrüfatların fəaliyyətini qanuni şəkildə tənzimləmək, bitki xəstəlikləri və zərərvericilərlə mübarizəni gücləndirmək, eləcə də məhsulların ixraca yararlılığını təmin etməkdir. Qeydiyyatsız təsərrüfatlardan ixrac edilən məhsulların mənşəyi məlum olmadığı üçün bəzi hallarda qarşı ölkələr tərəfindən ixraca məhdudiyyətlər tətbiq olunur. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi qeydiyyata alınmış təsərrüfatlarda monitorinqlər həyata keçirir, sahibkarlara zərərvericilərlə mübarizə üsulları və bitki mühafizə vasitələrinin düzgün istifadəsi ilə bağlı metodiki təlimatlar təqdim edir. Vurğulanıb ki, təsərrüfatlarda bitki mühafizə tədbirlərinin düzgün təşkili də prioritet istiqamət olmalıdır. Xüsusən də idxalçı ölkə üçün karantin əhəmiyyətli bütün orqanizmlər nəzarətdə saxlanılmalı, məhsulda pestisid qalığı probleminin yaranmaması üçün pestisidlərdən istifadəyə dair təlimatlara riayət edilməli, mümkün hallarda bioloji mübarizə üsullarına üstünlük verilməlidir. Təlim zamanı iştirakçılara ölkələrin idxal karantin tələbləri, ixrac partiyalarının formalaşdırılması, eyni zamanda sertifikatlaşdırma məsələləri və bildiriş doğuran səbəblər ətraflı şəkildə izah olunub.

Ukraynanın istehsalçı şirkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb
Ukraynanın istehsalçı şirkəti “Vinnyts Ka Ptahofabryka” MMC-nin “Pererobniy Compleks” filialına məxsus dondurulmuş toyuq məhsulunda aşkarlanmış uyğunsuzluqla əlaqədar Qida Təhlükəsizliyi Agentliyi tərəfindən idxalla bağlı qoyulan müvəqqəti məhdudiyyət aradan qaldırılıb. Belə ki, AQTA-nın bildirişi əsasında, Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehsalçı müəssisədə baytarlıq nəzarəti tədbirləri görülüb və laborator müayinələr aparılıb. Müvafiq sağlamlaşdırma tədbirləri və epizootoloji monitorinqlərlə bağlı AQTA-ya ətraflı məlumat verilib. Ukrayna tərəfindən baytarlıq norma və qaydalarına, həmçinin qarşılıqlı idxal-ixrac əməliyyatları ilə bağlı müvafiq tələblərə əməl olunacağına dair zəmanətin verilməsi nəzərə alınaraq, istehsalçının respublikamıza məhsul idxalına qoyulmuş müvəqqəti məhdudiyyət aradan qaldırılıb. AQTA-nın qərarı ilə bağlı Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müvafiq məlumat verilib.

İxrac olunan bitkiçilik məhsullarının qablaşdırma və etiketlənmə tələblərinə ciddi əməl edilməlidir
Qida Təhlükəsizliyi Agentliyi bitkiçilik məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarlara müraciət edərək, beynəlxalq ticarətdə tətbiq olunan qablaşdırma və etiketlənmə tələblərinə ciddi şəkildə əməl olunmasının vacibliyini xatırladır. Bu istiqamətdə Agentlik tərəfindən sahibkarlarla dəfələrlə görüşlər keçirilib və ixrac zamanı mümkün risklərin qarşısının alınması məqsədilə vacib məsələlər diqqətə çatdırılıb. Belə ki, ixrac olunan məhsulların etiketləri məhsul barədə bütün zəruri məlumatları əks etdirməli, tara üzərində dayanıqlı, oxunaqlı və möhkəm şəkildə yerləşdirilməlidir. Həmçinin idxalçı ölkələrin müxtəlif bitkiçilik məhsulları üzrə tövsiyə olunan qutu növlərindən istifadə edilməlidir. Bitkiçilik məhsullarının daşınmasında istifadə olunan meşə materiallarından hazırlanmış altlıqlar və taxta qablaşdırma materialları “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiyaya əsasən, təsdiq edilmiş 15 nömrəli Fitosanitar Tədbirlər üzrə Beynəlxalq Standartın tələblərinə uyğun şəkildə işlənməlidir. Bildiririk ki, sahibkarlar ixrac zamanı qablaşdırma və etiketlənmə ilə bağlı beynəlxalq tələblərə tam əməl etməli, məhsullar düzgün tərtibatda və təhlükəsiz şəkildə təqdim olunmalıdır. Qeyd olunan tələblərin pozulması halları gələcəkdə ixrac prosesində ciddi fəsadlara yol aça bilər. Qida Təhlükəsizliyi Agentliyi bütün sahibkarları bir daha diqqətli olmağa, beynəlxalq tələblərə ciddi yanaşmağa və ixrac prosesi zamanı heç bir riskə yol verməməyə çağırır.