AQTA sədri Qaxda vətəndaşları qəbul edib
24 Noyabr 2023 15:13
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər.
Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli noyabrın 24-də Qax Rayon Heydər Əliyev Mərkəzində Qax, Zaqatala, Balakən, Şəki, Oğuz və Qəbələ rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan öncə Agentliyin sədri Qoşqar Təhməzli və Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
AQTA-nın məsul əməkdaşlarının iştirakı ilə keçirilmiş qəbula gələn vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Agentliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Qəbul zamanı qida sahəsində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşların müraciətlərinə də baxılıb.