AQTA sədri sahibkarları qəbul edib
24 Oktyabr 2024 18:09
Xəbər verildiyi kimi, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektləri, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı sahəsində çalışan şəxslər və vətəndaşlar onları narahat edən məsələlərlə bağlı hər həftənin IV günləri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Agentlik sədri Qoşqar Təhməzlinin keçirdiyi vətəndaş qəbulunda iştirak edə bilərlər.
Bu çərçivədə bu gün süd və süd məhsulları, ət və ət məhsulları, o cümlədən balıqçılıq sahələrində fəaliyyət göstərən sahibkarlar üçün qəbul keçirilib.
Qəbul zamanı sahibkarların müraciət və təklifləri dinlənilib, aidiyyəti üzrə göstərişlər verilib. Həmçinin müvafiq sahələrdəki vəziyyət bir daha nəzərdən keçirilib, sahibkarlar mövcud qanunvericilik və tələblər barədə ətraflı məlumatlandırılıb. Qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəricilərinin müvafiq tələblərə cavab verməsinin vacibliyi önə çəkilib.
Qeyd edək ki, AQTA sədri tərəfindən hər həftənin IV günü saat 16:00-dan 18:00-dək keçiriləcək görüşlərdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərməklə info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 51) 505 17 25 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.
Oxşar xəbərlər

Nəsimi rayonunda fəaliyyət göstərən “Təzə Bazar”da nöqsanlar aşkarlanıb
Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi 28 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Manafov Şahin Əlibaba oğluna məxsus “Təzə Bazar”da Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlama keçirilib. Baxış zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydaların tələblərinin pozulduğu aşkarlanıb. Bazarda soyuq sıxım yağ emalı sahəsinin qanunsuz fəaliyyət göstərdiyi və qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, heyvan mənşəli məhsulların satışı obyektində qida məhsullarının minimum keyfiyyət və təhlükəsizliyinə dair müşayiətedici sənədlərinin, ət məhsullarının üzərində baytarlıq nəzarəti möhürünün olmadığı, həmçinin ət məhsullarının daşınma qaydalarına riayət olunmadığı, qida məhsullarının saxlanması üçün kifayət qədər soyuducuların təmin edilmədiyi, süd məhsullarının uyğun temperaturda saxlanmadığı, ət və balıq məhsullarının soyuducudan kənar saxlandığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək yağ emalı sahəsinin fəaliyyəti məhdudlaşdırılıb, bazar rəhbərliyi barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.

“Təbii mineral sulara dair sanitariya norma və qaydaları” təsdiq edilib
Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası “Təbii mineral sulara dair sanitariya norma və qaydaları” adlı texniki normativ hüquqi aktın təsdiqi ilə bağlı qərar qəbul edib. Bu qaydalar respublika ərazisində yeraltı mineral su obyektindən çıxan və insanların qidalanması üçün nəzərdə tutulan təbii mineral suların minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri (fiziki-kimyəvi xassələri, mikrobioloji göstəriciləri), qablaşdırılması, etiketlənməsi, dövriyyəsi, eyni zamanda mənşə ölkəsinin səlahiyyətli qurumu tərəfindən təbii mineral su kimi qeydiyyata alınmış idxal olunan təbii mineral suların minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri, etiketlənməsi və dövriyyəsi ilə bağlı tələbləri müəyyən edir. Sözügedən tələblər təbii müalicəvi xüsusiyyətlərə malik olan, su obyektlərində müalicəvi məqsədlər üçün istifadə olunan və tibbi təyinatlı mineral su kimi təsbit olunan, eləcə də suvarma məqsədilə istifadə olunan sulara şamil olunmur. Sənəddə eyni zamanda təbii mineral sularda tətbiqinə yol verilən təmizləmə üsulları, etiketlənmə zamanı təbii mineral suyun tərkibi, habelə tətbiq edilən təmizləmə üsuluna dair xəbərdarlıq yazıları ilə bağlı məsələlər də öz əksini tapıb. Qeyd edək ki, “Təbii mineral sulara dair sanitariya norma və qaydaları” 2025-ci ilin 20 noyabr tarixindən qüvvəyə minəcək. Azərbaycan Respublikasının ərazisində istehsal olunan və ölkə ərazisinə idxal olunan təbii mineral sular yalnız qeydiyyata alındıqdan sonra dövriyyəyə çıxarıla bilər. Qərarla ətraflı aşağıdakı linkdən tanış ola bilərsiniz: https://afsa.gov.az/az/qanunvericilik/kollegiya-qerarlari

AQTA və Latviya nümayəndələri arasında görüş keçirilib
Qida Təhlükəsizliyi Agentliyinin və Latviya Respublikasının Qida və Baytarlıq Xidmətinin nümayəndələri arasında görüş olub. Onlayn formatda keçirilən görüşdə bitkiçilik məhsullarının idxal-ixrac əməliyyatları zamanı tənzimləmələr və nəzarət tədbirlərinə dair müzakirələr aparılıb. Görüş zamanı qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərində aşkarlanan uyğunsuzluqlar zamanı tətbiq edilən inzibati tədbirlər nəzərdən keçirilib. Eyni zamanda müvafiq laboratoriyalar və sərhəd nəzarəti orqanları ilə əlaqələndirmə, daxili və beynəlxalq məlumat mübadiləsi mexanizmləri müzakirə mövzusu olub. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.