AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı, ixracı və idxalı sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək
4 Noyabr 2024 14:14
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli hər həftənin IV günü saat 16:00-dan 18:00-dək Agentliyin inzibati binasında vətəndaşları qəbul edir. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektləri, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı sahəsində çalışan şəxslər və vətəndaşlar onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Bu çərçivədə növbəti qəbul bu həftənin IV günü, noyabrın 7-də unlu qənnadı məmulatlarının istehsalı, ixracı və idxalı sahəsində fəaliyyət göstərən sahibkarlarla keçiriləcək.
Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərməklə info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.
Oxşar xəbərlər
Qida təhlükəsizliyi tələblərinin pozulduğu iki dönərxananın fəaliyyəti məhdudlaşdırılıb
Ağcabədi rayonunun N.Nərimanov küçəsində yerləşən, fiziki şəxs Alıyev Xəyyam Mirzəli oğluna məxsus “01” dönərxanasında və Xocavənd kəndində yerləşən, fiziki şəxs Hüseynov Elmir Əmirxan oğluna məxsus “Dostluq” dönərxanasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Baxış zamanı dönərxanalarda qida məhsulları üzrə gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi müəyyən olunub. Belə ki, iaşə obyektlərində çarpaz çirklənmənin qarşısının alınması məqsədilə texnoloji prosesin ardıcıllığına əməl olunmadığı, qabaqcıl gigiyena təcrübəsinin, o cümlədən çirklənməyə qarşı müdafiə və zərərvericilərlə mübarizə üçün müvafiq şəraitin təmin edilmədiyi, döşəmə, divar səthlərinin təmirsiz olduğu və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı materialla üzlənmədiyi, mütəmadi olaraq müvafiq təmizlik işlərinin görülmədiyi, tullantıların ağzı kip bağlanan və qoxu yaymayan qablara toplanmadığı, işçi heyətin gigiyenik təlimlərə cəlb edilmədiyi və digər nöqsanlar aşkarlanıb.
Göygöldə alkoqollu içkilərin istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb
Daxil olan müraciət əsasında Göygöl rayonu, Quşqara kəndində yerləşən, “Demonn” MMC-yə məxsus alkoqollu içkilərin istehsalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.
AQTİ sahibkarlıq subyektlərinin əməkdaşlarının məlumatlandırılması istiqamətində işləri davam etdirir
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə mütəmadi olaraq təlimlər keçirir. AQTİ-nin Təlim Mərkəzi tərəfindən sahibkarlıq subyektlərinin əməkdaşları üçün növbəti təlim “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təşkil edilib. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilən təlim iştirakçılara müəssisələrin fəaliyyətinin qanunvericiliyin və sanitariya-gigiyena qaydalarının tələbləri çərçivəsində təşkil edilməsi üçün zəruri məlumatlar vermək məqsədilə keçirilib.