AQTA sədrinin müavini Afinada keçirilən beynəlxalq tədbirdə iştirak edib
20 Noyabr 2025 12:17
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Zəkiyyə Mustafayeva Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının təşkilatçılığı ilə Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən “Avropa Regionunda Baytarlıq Xidmətlərində Vahid Sağlamlıq Birgə Fəaliyyət Planının tətbiqinin sürətləndirilməsi” mövzusunda regional tədbirdə iştirak edib.
Z.Mustafayeva region ölkələrinin nümayəndələri ilə birlikdə qida təhlükəsizliyi və zoonoz xəstəliklərə qarşı mübarizədə rəqəmsal həllərin tətbiqi, eləcə də ölkələrin qabaqcıl təcrübələrinin mübadiləsi ilə bağlı müzakirələrə qoşulub. Qida zəncirində risklərin idarə olunması üzrə keçirilən qrup çalışmalarına qatılıb. Tədbirin son günü qlobal təhlükə kimi diqqət mərkəzində olan “Antimikrob Rezistentlik” mövzusunda və bu sahədə “Vahid Sağlamlıq” yanaşmasının tətbiqi ilə bağlı çıxış edib.
18-20 noyabr tarixlərini əhatə edən tədbirdə Avropa Komissiyası, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Dünya Bankı və Avropa ölkələrinin baytarlıq nəzarəti qurumlarının rəhbər nümayəndələri iştirak ediblər.
Seminarda “Vahid Sağlamlıq” yanaşması siyasətinin gündəliyi və dördtərəfli fəaliyyətlər, baytarlıq sahəsində kadr potensialının gücləndirilməsi və təhsil proqramlarının akkreditasiyası müzakirə olunub. Həmçinin zoonoz və vektorlarla keçən xəstəliklərin, o cümlədən Qərbi Nil qızdırması və yüksək patogen quş qripi kimi təhlükələrin izlənilməsi, qida zəncirində risklərin xəritələnməsi və qida mənşəli zoonoz xəstəliklərə qarşı mübarizədən danışılıb.
Qeyd edək ki, bu kimi beynəlxalq platformalarda iştirak Azərbaycanın baytarlıq və qida təhlükəsizliyi sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması və regional əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Oxşar xəbərlər
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
AQTA sədri Yunanıstanın Azərbaycandakı səfiri ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Maria Papakonstantinu ilə görüşüb. Görüş zamanı Q.Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə səfiri məlumatlandırıb. İki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın gücləndirilməsi, o cümlədən qida məhsullarının dövriyyəsinin genişləndirilməsi müzakirə olunub, idxal və ixrac üzrə statistik göstəricilər nəzərdən keçirilib. Sonda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Qax rayonunda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər zamanı Qax rayonunun Qaradolaq, Qındırğa və Alatəmir kəndlərində sakinlərlə görüşlər keçirilib. Sakinlərə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə, xüsusilə meyvə və digər bitkilərə vurduğu zərər, məhsul itkisinə səbəb ola bilən amillər, eləcə də zərərvericiyə qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda havaların soyuması və zərərvericinin mövsümi inkişaf xüsusiyyətləri ilə əlaqədar qışlama yerlərinə doğru kütləvi miqrasiyası müşahidə olunur. Payız-qış dövründə ən səmərəli və təhlükəsiz yanaşmalardan biri zərərvericinin mexaniki üsulla (əl ilə, süpürgə və ya tozsoran vasitəsilə) toplanaraq məhv edilməsidir. Bu tədbirlərin vaxtında və kütləvi şəkildə həyata keçirilməsi növbəti vegetasiya dövründə zərərvericinin sayının və yayılma ehtimalının azaldılmasında mühüm əhəmiyyət daşıyır. Tədbirlərdə kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, praktiki tövsiyələr verilib, maarifləndirici bukletlər paylanılıb. İctimai yerlərdə isə zərərverici ilə mübarizəyə dair məlumatlandırıcı posterlər yerləşdirilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş