AQTA və İtaliya nümayəndələri arasında görüş keçirilib
20 İyul 2023 09:33

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və İtaliya Respublikasının Kənd Təsərrüfatı, Ərzaq və Meşəçilik Siyasəti Nazirliyinin Milli Fitosanitar Xidmətinin nümayəndələri arasında onlayn görüş olub.
Görüş zamanı AQTA-nın əməkdaşları tərəfindən Agentliyin fəaliyyət istiqamətləri, əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə İtaliya nümayəndələrinə ətraflı məlumat verilib. Daha sonra 2020-ci ildə imzalanan “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə İtaliya Respublikasının Kənd Təsərrüfatı, Ərzaq və Meşəçilik Siyasəti Nazirliyi arasında bitki karantini və bitkilərin mühafizəsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” çərçivəsində əməkdaşlığın həyata keçirilməsi, qarşılıqlı səfərlərin təşkili və təcrübə mübadiləsinin aparılması, o cümlədən elektron fitosanitar sertifikatların tətbiqi üzrə İtaliya təcrübəsinin öyrənilməsi müzakirə olunub. Həmçinin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə İtaliyanın elmi-tədqiqat institutları və fitosanitariya və ya bitki sağlamlığı sahəsində fəaliyyət göstərən laboratoriyalar arasında əməkdaşlığın qurulması, işçilərin peşəkarlığının artırılması üçün laboratoriya diaqnostikası üzrə təlimlərin təşkili, fitosanitar laboratoriya işlərinin idarə edilməsi, İtaliya laboratoriyalarının istinad materiallarının kolleksiya siyahıları ilə tanışlıq və onların əldə olunması imkanları ilə bağlı məsələlər nəzərdən keçirilib. Eyni zamanda, ikitərəfli əməkdaşlığın həyata keçirilməsi üçün İşçi qrupun yaradılması ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulub.
Oxşar xəbərlər

Qurbanlıq heyvanın kəsimi zamanı hansı tələblərə əməl edilməlidir?
6-7 iyun tarixlərində Qurban bayramı qeyd olunacaq. Qurbanlıq heyvanlar yalnız xüsusi ayrılmış və sanitariya-gigiyena tələblərinə cavab verən məntəqələrdə kəsilməlidir. Küçə, yol kənarı, məhəllə araları kimi qanunsuz və antisanitar yerlərdə aparılan kəsimlər xəstəliklərin yayılmasına səbəb ola bilər. Kəsim həm də ətraf mühitin, insan sağlamlığının qorunmasına yönəlməlidir. Heyvan kəsimi məntəqələrində fasiləsiz su təminatı olmalı, qəssablar xüsusi geyimdə və tibbi yoxlamadan keçmiş vəziyyətdə fəaliyyət göstərməlidir. Alətlər daim dezinfeksiya olunmalı, tullantılar isə vaxtında və düzgün şəkildə ərazidən kənarlaşdırılmalıdır. Ət məhsullarının satışını həyata keçirən məkanlar sanitar və baytarlıq tələblərinə cavab verməlidir. Cəmdəklərin saxlanıldığı yerlər soyuducu avadanlıqlarla təchiz edilməli, soyuq zəncir prinsipi qorunmalıdır. Diri heyvanların satışına bu nöqtələrdə yol verilməməlidir. Tələb olunan infrastruktur və nəzarət sistemi olmadan həyata keçirilən satış və kəsimlər həm təhlükəli, həm də qanunsuzdur. Qurbanlıq heyvanın kəsimi zamanı gözlənilməli olan tələblərlə linkdən tanış ola bilərsiniz: https://www.youtube.com/shorts/HSNsy3uRsAk

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Kamboca Krallığının Kamponq Speu əyalətində yüksək patogen quş qripi, İsrail Dövlətinin Şimal bölgəsində isə xırdabuynuzlu heyvanların taun xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və quşçuluq məhsullarının idxalı, xırdabuynuzlu heyvanların və onlara aid məhsulların idxalı, habelə tranzit daşınması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.