AQTA və “Rosselxoznadzor”un nümayəndələri arasında görüş keçirilib
30 May 2023 17:49

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) nümayəndələri arasında onlayn görüş olub.
Görüşdə AQTA əməkdaşları tərəfindən Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin nümayəndələrinə bu il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan, o cümlədən qida məhsullarının qeydiyyatı, markalanması və digər bu kimi məsələlər barədə bir daha məlumat verilib. Bildirilib ki, yeni qanuna əsasən, yanvarın 1-dən etibarən təsdiqi tələb olunan xaricdəki qida obyektlərindən məhsul idxalına yalnız obyekt təsdiq edildikdən sonra icazə verilir. Bəzi ölkələrin təsdiq sisteminin ekvivalentliyinin tanınması avtomatik olaraq, bəzilərinki isə qiymətləndirmə aparılmaqla həyata keçirilir. Görüşdə daha sonra ölkəmizə qida məhsulları idxal olunan Rusiya müəssisələrinin qiymətləndirilməsi prosesinin sürətləndirilməsi və həmin obyektlərin 01.09.2023-cü il tarixədək qiymətləndirmə həyata keçirilmiş müəssisələrin siyahısına daxil edilməsi ilə bağlı müzakirələr aparılıb. Həmçinin qiymətləndirmənin həyata keçirildiyi yer nəzərə alınmaqla, yoxlamaların qrafikinin optimallaşdırılması və bəzi müəssisələrin qiymətləndirilməsinin video formatında həyata keçirilməsinin mümkünlüyü müzakirə olunub. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də nəzərdən keçirilib və təkliflər irəli sürülüb.
Oxşar xəbərlər

Bakı metrosunda veyplərin təhlükələri barədə sosial reklamlar yayımlanır
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "Bakı Metropoliteni" ilə əməkdaşlığı çərçivəsində əhalinin sıx istifadə etdiyi 6 stansiyada elektron siqaretlərin (veyplər) zərərləri ilə bağlı sosial reklamlar yerləşdirilib. Metronun “28 May”, “Gənclik”, “Elmlər Akademiyası”, “Nəriman Nərimanov", “Koroğlu” və “Neftçilər” stansiyalarında yerləşən monitorlarda veyplərin gənc istifadəçilər üçün yaratdığı ciddi təhlükələrə diqqət çəkilir. Sosial reklamların məqsədi əhalini, xüsusilə yeniyetmə və gəncləri veyplərin fəsadları barədə məlumatlandırmaq və sağlam həyat tərzinin təşviqinə töhfə verməkdir.

Qurbanlıq heyvanın kəsimi zamanı hansı tələblərə əməl edilməlidir?
6-7 iyun tarixlərində Qurban bayramı qeyd olunacaq. Qurbanlıq heyvanlar yalnız xüsusi ayrılmış və sanitariya-gigiyena tələblərinə cavab verən məntəqələrdə kəsilməlidir. Küçə, yol kənarı, məhəllə araları kimi qanunsuz və antisanitar yerlərdə aparılan kəsimlər xəstəliklərin yayılmasına səbəb ola bilər. Kəsim həm də ətraf mühitin, insan sağlamlığının qorunmasına yönəlməlidir. Heyvan kəsimi məntəqələrində fasiləsiz su təminatı olmalı, qəssablar xüsusi geyimdə və tibbi yoxlamadan keçmiş vəziyyətdə fəaliyyət göstərməlidir. Alətlər daim dezinfeksiya olunmalı, tullantılar isə vaxtında və düzgün şəkildə ərazidən kənarlaşdırılmalıdır. Ət məhsullarının satışını həyata keçirən məkanlar sanitar və baytarlıq tələblərinə cavab verməlidir. Cəmdəklərin saxlanıldığı yerlər soyuducu avadanlıqlarla təchiz edilməli, soyuq zəncir prinsipi qorunmalıdır. Diri heyvanların satışına bu nöqtələrdə yol verilməməlidir. Tələb olunan infrastruktur və nəzarət sistemi olmadan həyata keçirilən satış və kəsimlər həm təhlükəli, həm də qanunsuzdur. Qurbanlıq heyvanın kəsimi zamanı gözlənilməli olan tələblərlə linkdən tanış ola bilərsiniz: https://www.youtube.com/shorts/HSNsy3uRsAk

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.
