AQTİ cari ildə keçiriləcək səriştəlilik sınaqlarının planını açıqlayıb
7 Mart 2024 15:20
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkədə fəaliyyət göstərən laboratoriyalar üçün səriştəlilik sınaqlarını davam etdirir.
2024-cü il ərzində həyata keçirilməsi nəzərdə tutulan “Səriştəlilik testlərinin planı” və laboratoriyaların həmin sınaqlarda iştirak etməsi üçün lazım olan sənədlər (“Müraciət forması”, “Nəticələrin qeydiyyat forması”) AQTİ-nin saytındakı (afsi.gov.az) “Səriştəlilik sınaqları” adlı bölmədə yerləşdirilib. Aprel, iyun, avqust, sentyabr və noyabr aylarında təşkil olunması planlaşdırılan sınaqlarla bağlı daha ətraflı məlumatlar müvafiq vaxtlarda İnstitutun saytında yayımlanacaq. İştirakçılar keçirilməsi nəzərdə tutulan ayrı-ayrı səriştəlilik sınaqları və onların proqramı ilə sayt vasitəsilə tanış ola biləcəklər. Onlar sınaqlarda iştirak etmək istədikdə, saytdakı müvafiq bölmədə yerləşdirilən “Müraciət forması”nı dolduraraq info.pt@afsa.gov.az elektron poçtuna göndərməlidirlər. Sınaqlar yekunlaşdıqdan sonra isə nəticələr “Nəticələrin qeydiyyat forması” doldurularaq eyni ünvana yollanmalıdır. Səriştəlilik sınaqlarının nəticələri sınaqlar yekunlaşdıqdan sonra 1 ay müddətində İnstitutun rəsmi saytında yerləşdiriləcək. Nəticələr konfidensiallığı qorumaq məqsədilə individual laboratoriya nömrələri ilə açıqlanacaq.
Qeyd edək ki, səriştəlilik sınaqlarında iştirakçıların fəaliyyəti laboratoriyalararası müqayisə yolu ilə əvvəlcədən müəyyən edilmiş meyarlara uyğun olaraq qiymətləndirilir. Sınaqlar "ISO/IEC 17043 Uyğunluğun Qiymətləndirilməsi-Səriştəlilik Sınaqlarına Ümumi Tələblər" standartı əsasında təşkil edilir və qiymətləndirmələr bu standartın tələblərinə əsasən beynəlxalq standartlara uyğun olaraq aparılır. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təşkil olunan sınaqların məqsədi isə özəl laboratoriyalar üçün səriştəliliklərini müstəqil şəkildə qiymətləndirmək imkanını yaratmaqdan ibarətdir.
Oxşar xəbərlər
Dövlət Proqramı: Qida müəssisələrində HACCP sisteminin tətbiqi genişləndiriləcək
Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı” çərçivəsində istehsal, emal və ictimai iaşə müəssisələrində qida təhlükəsizliyinin təmin olunması məqsədilə HACCP sisteminin tətbiqinin sürətləndirilməsi nəzərdə tutulur. Dövlət Proqramının hədəf göstəricilərindən biri istehsal, emal və ictimai iaşə müəssisələrində Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələrinin (HACCP) tətbiqinin sürətləndirilməsidir. Bu yanaşma qida təhlükəsizliyi üzrə risklərin əvvəlcədən müəyyənləşdirilməsinə və onların qarşısının alınmasına yönələcək. Tədbirlər Planının 8.4.1-ci bəndinə əsasən, qida müəssisələrində HACCP-a əsaslanan daxili nəzarət sisteminin formalaşdırılması istiqamətində tədbirlər görüləcək. Bu məqsədlə HACCP-a əsaslanan daxili nəzarət sisteminin qurulması ilə bağlı metodiki tövsiyələr hazırlanacaq, qida müəssisələrinin HACCP-ı tətbiq etməsi üçün təlimlər keçiriləcək. Dövlət Proqramında qarşıya qoyulan əsas nəticə göstəricisinə uyğun olaraq, qida müəssisələrinin 80%-də HACCP sisteminin tətbiqinə nail olunması hədəflənir. HACCP sisteminin geniş tətbiqi qida istehsalı və emalı proseslərində təhlükələrin müəyyənləşdirilməsi, kritik nəzarət nöqtələrinin izlənilməsi və risklərin qabaqlayıcı tədbirlərlə idarə olunması imkanlarını artıracaq.
Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı – Fəaliyyətləri məhdudlaşdırıldı
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı rayonu, İsgəndərli qəsəbəsində Rəsulov Taleh Seyran oğluna məxsus toyuq kəsimi sexində, Digah kəndində isə Paşayev Füzuli İbrahim oğluna məxsus toyuq kəsimi sahəsində yoxlama keçirib. Yoxlama zamanı hər iki qida obyektində quşların müvafiq müşayiətedici sənədlərinin olmaması, sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulması və digər nöqsanlar aşkarlanıb. Hər iki sahibkar barəsində inzibati protokol tərtib edilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub, toyuq məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırmalar davam etdirilir.
Heyvanların identifikasiyası niyə vacibdir? – Maarifləndirici çap məhsulları hazırlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) əhəmiyyəti ilə bağlı maarifləndirici çap məhsulları hazırlanıb. Materiallarda heyvanların fərdi identifikasiyasının baytarlıq tədbirlərinin daha dəqiq və effektiv həyata keçirilməsinə, xəstəliklərin vaxtında aşkarlanmasına və yayılmasının qarşısının alınmasına imkan verdiyi qeyd olunur. Həmçinin heyvanların identifikasiyasının Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə həyata keçirildiyi, fermer və sahibkarların bu məqsədlə AQTA-nın regional bölmələrinə və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna (AQTİ) müraciət edə biləcəyi barədə məlumat verilir. Çap məhsulları fermerlər və təsərrüfat sahibləri arasında paylanılacaq və onların maarifləndirilməsi məqsədilə istifadə olunacaq.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş