AQTİ-də dönərin emalı aparılan obyektlərin əməkdaşları üçün növbəti təlim keçirilib
31 May 2024 14:23
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə mütəmadi olaraq təlimlər keçirir.
AQTİ mütəxəssisləri tərəfindən dönərxanaların sağlamlaşdırılması istiqamətində dönər emalı aparılan obyektlərin əməkdaşları üçün növbəti ödənişsiz təlim təşkil edilib.
Təlimdə iştirakçılara dönərin emalı aparılan obyektlərin qeydiyyatdan keçirilməsi və bu sahə ilə bağlı qanunvericiliyin digər tələbləri haqqında ətraflı məlumat verilib. Onlar çiy dönərin emalı üçün istifadə olunan ətə və hazır çiy dönər yarımfabrikatları ilə işləyən ictimai-iaşə obyektlərinə dair tələblər, işçilərin tibbi müayinədən keçirilməsi, həmçinin müvafiq müəssisələrdə qida ilə təmasda olan səthlər, alətlər, avadanlıqlar və ləvazimatlar haqqında məlumatlandırılıblar.
Təlim zamanı mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Oxşar xəbərlər
Nərimanov rayonunda fəaliyyət göstərən restoranda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 35 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Qasımov Elşad Elxan oğluna məxsus “Şuşa” restoranında plandankənar yoxlama keçirib. Baxış zamanı restoranda üzərində markalanma aparılmayan soyuq qəlyanaltılar, yarımfabrikatlar və müxtəlif çeşidli turşular aşkarlanıb. Həmçinin texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, soyuducuda mal qonşuluğu prinsipinin pozulduğu, quru məhsulların saxlanılması, ət məhsullarının və tərəvəzlərin ilkin emalı üçün sahənin təşkil edilmədiyi, havalandırma sisteminin qurulmadığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, işçi heyətin gigiyenik təlimlərə cəlb edilmədiyi və xüsusi sanitar geyimlə (əlcək, saç toru), fərdi mühafizə vasitələri (maska) ilə təmin olunmadığı, emal sahəsində masa səthlərinin asan yuyulan və dezinfeksiyaya davamlı materialdan təşkil olunmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, ağzı kip bağlanan, qoxu yaymayan tullantı qablarından istifadə edilmədiyi və digər nöqsanlar müəyyən olunub.
Sahibkarların nəzərinə: Qida və yem məhsullarının qeydiyyatı zamanı sənədlərin ekspertizası üçün AQTİ-yə müraciət etmək lazımdır!
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) bioloji aktiv qida məhsullarının, genetik modifikasiya olunmuş orqanizmlərin (GMO) və GMO-lu yem məhsullarının, təbii mineral suların, qida və yem əlavələrinin və yeni növ qida məhsullarının qeydiyyatını aparmaq istəyən sahibkarlara müraciət ünvanlayıb. Bildirilir ki, adıçəkilən məhsulların qeydiyyatı zamanı ekspertiza üçün tələb olunan sənədlər və laborator müayinələr aparmaqdan ötrü lazım olan nümunələr AQTİ-yə təqdim edilməlidir. Sahibkarlar bu barədə daha ətraflı məlumata sahib olmaq və maraqlandıqları suallara cavab almaq üçün (012) 377-00-20 (daxili:453) nömrəli telefona zəng edə bilərlər.
Qaydaları pozan su emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, ev 46C ünvanında fəaliyyət göstərən, “Pure Life” MMC-yə məxsus qablaşdırılmış su emalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən planlı yoxlama keçirilib. Belə ki, müəssisədə texnoloji ardıcıllıq prinsipinə əməl olunmadığı, qablaşdırma materiallarının, yuyucu və dezinfeksiyaedici vasitələrin saxlanılması, eləcə də işçi heyət üçün ayrıca sahələrin təşkil edilmədiyi, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, emal sahəsində divar və tavanın tamlığının pozulduğu, qablaşdırma materiallarının yuyulması üçün asan təmizlənə bilən və gigiyenik tələblərə cavab verən yuma çanağının təmin edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar müəyyən olunub.