AQTİ-də qida məhsullarının çatdırılması xidmətlərinə dair növbəti təlim keçiriləcək
25 Oktyabr 2023 16:08
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida məhsullarının daşınması və çatdırılması xidməti ilə məşğul olan və qida təhlükəsizliyi qeydiyyatından keçmiş şirkətlərin əməkdaşları üçün ödənişsiz təlimləri davam etdirir. Bu çərçivədə növbəti təlim 01.11.2023-cü il tarixində saat 15:00-da AQTİ-də keçiriləcək. Təlimlə bağlı daha ətraflı məlumat almaq istəyən şəxslər (+994) 050 317 52 09 nömrəli telefona zəng edə bilərlər.
Təlimdə İnstitutun peşəkar mütəxəssisləri tərəfindən iştirakçılara qida məhsullarının daşınması və çatdırılması qaydaları, eləcə də daşınma və çatdırılma zamanı istifadə olunan vasitələrə, onların materialına və ləvazimatlara dair tələblər barədə ətraflı məlumat veriləcək. Həmçinin təlimlərə qatılan şəxslər qida məhsullarının çirklənmə növləri və mənbələri, temperaturun idarə edilməsi, təmiz, izolyasiyalı çatdırılma çantalarının düzgün seçilməsi və istifadəsi, daşınma və çatdırılma zamanı yol verilən nöqsanlar, bu nöqsanların aradan qaldırılması üsulları və onların üzərinə düşən vəzifələr barədə məlumatlandırılacaq.
Qeyd edək ki, xarici ölkələrin təcrübəsinə əsasən, qida məhsullarının daşınması və çatdırılması xidməti ilə məşğul olan şirkətlər əməkdaşlarına fəaliyyətləri ilə bağlı müvafiq təlimlər keçməli, onların müvafiq fəaliyyət sahəsi üzrə təhsil almalarını və zəruri məlumatlara yiyələnmələrini təmin etməlidir. Bu iş şirkət daxilində və ya digər yerlərdə təşkil oluna bilər. Qida mənşəli xəstəliklərin qarşısını almaq və qida təhlükəsizliyi risklərini minimuma endirmək üçün çirklənmənin qarşısının alınması, temperatur rejimlərinin tənzimlənməsi, şəxsi sağlamlıq, gigiyena və digər məsələlər müvafiq təhsil və təlim proqramlarında yer almalıdır.
Oxşar xəbərlər
AQTA və Alman-Azərbaycan Xarici Ticarət Palatasının nümayəndələri arasında görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK) nümayəndələri arasında onlayn görüş keçirilib. Görüşdə qida təhlükəsizliyi, sahibkarların maarifləndirilməsi və beynəlxalq təcrübənin tətbiqi sahələrində birgə fəaliyyət imkanları barədə fikir mübadiləsi aparılıb. Prioritet istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Qoşqar Təhməzli süd emalı müəssisəsinin fəaliyyəti ilə tanış olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli "Xırman" MMC-yə məxsus “Qaymaq” əmtəə nişanlı süd və süd məhsullarının emalı müəssisəsində olub. Müəssisədə emal prosesinin müxtəlif mərhələləri, tətbiq olunan texnologiyalar, sanitariya-gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə uyğunluğun təmin olunması istiqamətində görülən işlərlə tanış olan Agentlik sədri məhsulların laborator analizlərinin həyata keçirildiyi laboratoriyaya da baxış keçirib. AQTA sədri müəssisədə qida təhlükəsizliyi sistemlərinin davamlı təkmilləşdirilməsinin, emal proseslərində yüksək keyfiyyət standartlarının qorunmasının və istehlakçıların təhlükəsiz qida məhsulları ilə təmin edilməsinin əhəmiyyətini vurğulayıb.
Meyvə bağlarında Gavalının cibcibə virusuna qarşı fitosanitar tədbirlər davam etdirilir
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki-Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən Oğuz rayonunun Padar kəndində Həbibullayev Şahin Şahid oğluna məxsus meyvə bağında fitosanitar monitorinq aparılıb. Monitorinq zamanı şaftalı bitkisindən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində karantin tətbiq edilən zərərli orqanizm – Gavalının cibcibə virusu (Şarka virusu) aşkarlanıb. Zərərli orqanizmin yayılmasının qarşısının alınması və fitosanitar sabitliyin qorunması məqsədilə təsərrüfatda müvafiq fitosanitar tədbirlər həyata keçirilib. Eyni zamanda, təsərrüfat sahibinə bağda mütəmadi monitorinqlərin həyata keçirilməsi, aqrotexniki qulluq qaydalarına riayət olunması və gələcək əkinlərdə yalnız sağlam, sertifikatlaşdırılmış əkin materialından istifadə edilməsinin vacibliyi barədə ətraflı məlumat verilib. AQTA təsərrüfat subyektlərini fitosanitar müşahidələri mütəmadi davam etdirməyə, mövcud fitosanitar tələblərə ciddi əməl etməyə, bitkilərdə virusa xas əlamətlər müşahidə edildikdə isə dərhal Agentliyin aidiyyəti regional bölmələrinə məlumat verməyə çağırır. Erkən aşkarlanma və vaxtında həyata keçirilən fitosanitar tədbirlər zərərli orqanizmlərin yayılmasının qarşısının alınmasında və məhsuldarlığın qorunmasında mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, bu kimi bitki virusları və zərərvericilər insan sağlamlığı üçün təhlükə yaratmır, lakin kənd təsərrüfatına və iqtisadiyyata zərər vura bilər.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş