AQTİ-də “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təlim keçiriləcək
17 Oktyabr 2023 18:03

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) təşəbbüsü ilə həyata keçirilən SOVQAT (Sahibkarlıq Obyektlərinə Vahid Qida Anlayışının Tətbiqi) layihəsi çərçivəsində qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin əməkdaşları üçün “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təlim təşkil olunacaq. Təlim 20.10.2023-ci il tarixində saat 15:00-dan 17:00-dək AQTİ-də (Ünvan: Süleyman Sani Axundov 73 C) keçiriləcək.
Təlim zamanı AQTİ-nin mütəxəssisləri tərəfindən qida subyektlərinin nümayəndələrinə “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu və bu qanundan irəli gələn tələblər haqqında ətraflı məlumat veriləcək. İştirakçılar müəssisələrdə qida məhsullarının qəbulu, emalı, saxlanması, daşınması zamanı gigiyena qaydalarının tətbiqi, eləcə də təhlükəli amillər, çirklənmə növləri və digər məsələlər barədə məlumatlandırılacaq.
Təlimdə iştirak etmək istəyən sahibkarlıq subyektlərinin əməkdaşları ad və soyadlarını, həmçinin işlədikləri müəssisə və tutduqları vəzifə barədə məlumatları, eləcə də telefon nömrələrini yazaraq sabina.nuruzada@afsa.gov.az elektron poçt ünvanına göndərə bilərlər. Təlim barədə (012) 596-12-72 (daxili: 019) nömrəli telefona zəng edərək daha ətraflı məlumat almaq mümkündür.
Oxşar xəbərlər

Yardımlıda ticarət obyektində istehlaka yararsız məhsulların satışının qarşısı alınıb
Yardımlı şəhəri, H.Əliyev küçəsi 245 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Quluzadə Murad Möhübbət oğluna məxsus ticarət obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ tələblərin pozulduğu məlum olub. Belə ki, ticarət obyektində istifadə müddəti bitmiş ümumi həcmi 47,16 litr olan müxtəlif əmtəə nişanlı alkoqollu və alkoqolsuz içkilərin, ümumi çəkisi 2,34 kq olan ət konservinin satışa çıxarıldığı aşkarlanıb. Eyni zamanda qida məhsullarının saxlanma qaydalarına və temperatur rejiminə əməl olunmadığı, işçinin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar məhv edilib.

“Ulduz-reytinq” layihəsi çərçivəsində müraciətlərin sayı 100-ü keçib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida sahəsində fəaliyyət göstərən ictimai iaşə obyektlərinin risk göstəricilərinə əsasən reytinqini müəyyənləşdirməyə davam edir. Həyata keçirilən qiymətləndirmə həm ictimai iaşə obyektləri üçün keyfiyyət göstəricisi sayılır, həm də müştərilər üçün daha etibarlı seçim şansı yaradır. “Ulduz-reytinq” layihəsi çərçivəsində restoranların reytinqi müvafiq olaraq 3, 4 və 5 ulduzla qiymətləndirilir. İndiyə qədər Bakı və regionlar daxil olmaqla sahibkarlar tərəfindən AQTİ-yə 101 müraciət daxil olub, onlardan 32 müəssisə müxtəlif reytinq təsnifatları ilə qiymətləndirilib. Digər müraciətlərin qiymətləndirilməsi prosesi isə davam edir. Məlumat üçün qeyd edək ki, Bakı, Gəncə, Lənkəran bölgələri üzrə "Ulduz-reytinq" sertifikatı ilə qiymətləndirilən ictimai iaşə obyektləri üstünlük təşkil edir. Qeyd edək ki, proses sahibkarların könüllü müraciətinə əsasən həyata keçirilir. Bunun üçün sahibkarlar info@afsi.gov.az elektron poçtu vasitəsilə AQTİ-yə rəsmi müraciət etməlidirlər. Müraciət İnstituta daxil olduqdan sonra 30 gün müddətində ictimai iaşə obyektində yoxlama aparılır. 10 iş günü müddətində isə sahibkarlara nəticələr haqqında rəsmi bildiriş göndərilir. Nəticələrə uyğun olaraq ictimai iaşə obyektlərinə 1 il müddətinə müvafiq sertifikat verilir.

Qoşqar Təhməzli qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin növbəti vətəndaş qəbulu Agentliyin inzibati binasında mayın 1-i saat 14:00-da keçiriləcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.