AQTİ HAK tərəfindən akkreditasiya olunub
18 Oktyabr 2024 14:58
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) Türkiyə Respublikasının Halal Akkreditasiya Qurumu (HAK) tərəfindən akkreditasiya olunub. Bununla da, İnstitut beynəlxalq akkreditasiya tələblərinə cavab verən “HALAL” uyğunluq sertifikatını təqdim etmək hüququna sahib olub. Akkreditasiya prosesi İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMIIC) “OIC/SMIIC 2:2019 Uyğunluğun qiymətləndirilməsi - “HALAL” sertifikatlaşmanı həyata keçirən orqanlar üçün tələblər” standartının əsasında həyata keçirilib.
“HALAL” uyğunluq sertifikatlaşması qida məhsullarının İslam hüququna uyğun istehsalını və istehlaka hazır olduğunu göstərən xidmət növüdür. Bu xidmət məhsulların müvafiq standart və şərtlər əsasında istehsal edildiyini və etibarlı şəkildə istehlak olunmasını təmin edir.
AQTİ tərəfindən uyğunluq sertifikatının təqdim olunması prosesi 4 mərhələdə həyata keçirilir. İlk mərhələdə müştəri tərəfindən www.afsi.gov.az veb səhifəsində göstərilən müraciət forması və ərizə dolduraraq halal@afsi.gov.az elektron poçt ünvanına göndərilir. Sonra İnstitutda daxil olan müraciət yoxlanılır, müştəriyə qiymət təklifi və müqavilə göndərilir. Ardınca müştərinin obyektinin halal qaydalara uyğunluğu və həmin müəssisənin qida təhlükəsizliyi idarəetmə sistemi qiymətləndirilir. Sonda qiymətləndirmə prosseslərinin nəticəsinə əsasən, obyekt tələblərə cavab verdiyi təqdirdə, Sertifikatlaşma komitəsi tərəfindən etibarlılıq müddəti 3 il olan “HALAL” uyğunluq sertifikatı təqdim edilir.
Qeyd edək ki, AQTİ-də ölkəmizdə halal sertifikatlaşma prosesinin təşkil olunması məqsədilə SMIIC tərəfindən müəyyən edilmiş müvafiq standartın tələblərinə uyğun olaraq keyfiyyət idarəetmə sistemi yaradılıb. Həmçinin standartın tələblərini qarşılamaq məqsədilə Sertifikatlaşma, Qərəzsizlik və Şikayətlər üzrə komitələr formalaşdırılıb. Komitələrin tərkibi Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri və müəllim heyəti, müstəqil ekspertlər və AQTİ-nin mütəxəssislərindən ibarətdir. AQTİ tərəfindən “OIC/SMIIC-1:2019 Halal qidaya dair ümumi tələblər” standartı üzrə halal sertifikatlaşma prosesi isə 4 kateqoriya üzrə aparılır. Bu kateqoriyalar iri və xırdabuynuzlu heyvanların, quşların kəsimi, balıq məhsullarının emalı, süd və süd məhsulları, eyni zamanda emal edilmiş ət məhsullarını əhatə edir. Həmçinin innovativ həllərin tətbiqi ilə qida subyektlərinin daha asan və əlçatan formada müraciət etməsinə şərait yaradılıb.
Beləliklə, AQTİ-nin həyata keçirdiyi halal sertifikatlaşma beynəlxalq səviyyədə tanınan və etibarlı xidmət olaraq fəaliyyət göstərir.
Oxşar xəbərlər
Qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirləri çərçivəsində İşçi Qrupun iclası keçirilib
Qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirləri çərçivəsində görülən işlərin nəticələrinin qiymətləndirilməsi və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə Xaçmaz rayonunda Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, aidiyyəti qurumların və yerli icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət İşçi Qrupun iclası keçirilib. Görüşdə zərərvericinin yayılma vəziyyəti, aparılan monitorinqlərin nəticələri və mübarizə tədbirlərinin səmərəliliyinin artırılması müzakirə olunub. Bildirilib ki, hazırda monitorinqlər intensivləşdirilib. Aparılan müşahidələr göstərir ki, havaların soyuması ilə əlaqədar zərərverici yaşayış evlərində, ictimai iaşə obyektlərində, təsərrüfat tikililərində və digər qapalı məkanlarda toplanır. Qışlama dövründə zərərvericinin vaxtında aşkarlanıb məhv edilməsi onun populyasiyasını azaltmaqla növbəti vegetasiya dövründə yarana biləcək iqtisadi zərərin qarşısını alır. Görüşdə yerli əhali və sahibkarlar üçün maarifləndirici tədbirlərin keçirildiyi, zərərvericinin yayılma yolları və mübarizə üsulları barədə məlumat verildiyi qeyd olunub. Eyni zamanda, çap materiallarının paylanıldığı, media və sosial şəbəkələr vasitəsilə məlumatlandırma işlərinin aparıldığı diqqətə çatdırılıb.
Oğuzda qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri keçirilib
Qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması, kənd təsərrüfatı bitkilərinə vura biləcəyi zərərin minimuma endirilməsi və əhalinin məlumatlılığının artırılması məqsədilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki–Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən Oğuz rayonunda maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər çərçivəsində rayonun Kərimli, Bayan, Bucaq və Qumlaq kəndlərində sakinlərlə görüşlər təşkil olunub. Görüşlərdə zərərvericinin biologiyası, yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə vurduğu zərər və ona qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Havaların soyuması ilə əlaqədar bağacığın qışlamaq üçün yaşayış evlərinə və yardımçı tikililərə sığındığı diqqətə çatdırılıb. Bildirilib ki, evlərdə və digər tikililərdə aşkar edilən zərərvericilərin toplanaraq mexaniki üsulla məhv edilməsi onların sayının azaldılmasına kömək edir. Qışlama dövründə bu istiqamətdə görülən tədbirlər növbəti vegetasiya mövsümündə zərərvericinin yayılma riskinin minimuma endirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Maarifləndirmə tədbirləri zamanı sakinlərə bukletlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb və zərərvericiyə qarşı mübarizə ilə bağlı müvafiq tövsiyələr verilib.
AQTA əməkdaşı badminton yarışında yer tutub
Gənclər və İdman Nazirliyi və Badminton Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında badminton yarışı keçirilib. Qida Təhlükəsizliyi Agentliyinin İdxal və ixraca nəzarət şöbəsinin əməkdaşı Cavid Əlizadə kişilər arasında 2-ci yeri qazanıb. Yarışda ümumilikdə 10 dövlət qurumunu təmsil edən 12 kişi və 6 qadın iştirak edib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş