
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir. Tədbirlər çərçivəsində “Buğur” MMC-nin Türkiyə Respublikasından idxal etdiyi “Evren İlaç Kozmetik San. ve Tic. LTD” şirkətinə məxsus “Leopard, kapsul №10” əmtəə nişanlı bioloji aktiv qida məhsulu partiyasından (13.02.2024-13.02.2027 istehsal və son istifadə tarixli) Agentlik əməkdaşları tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Laborator müayinələr nəticəsində nümunələrdə uyğunsuzluq - “Tadalafil və Sildenafil” aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Aşkarlanmış uyğunsuzluqla əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi üçün Türkiyə Respublikasının aidiyyəti dövlət qurumuna rəsmi məktub göndərilib.

Qida Təhlükəsizliyi Agentliyinin Dağlıq Şirvan Regional Bölməsinin əməkdaşları tərəfindən Şamaxı rayonunda “Bitki mühafizə vasitələrindən və aqrokimyəvi maddələrdən normativlərə uyğun istifadənin təşviqi” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə müxtəlif bitki və bitkiçilik sahəsində fəaliyyət göstərən fərdi ailə təsərrüfatları, sahibkarlıq subyektləri, aqronomlar və bitki mühafizə vasitələrinin satışı apteklərinin nümayəndələri, eləcə də Kiçik və Orta Biznesin İnkişaf Agentliyi və Dövlət Aqrar İnkişaf Agentliyinin regional bölmələrinin nümayəndələri iştirak ediblər. Tədbir zamanı pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması barədə qanunvericiliyin tələbləri izah edilib, bitki sağlamlığı ilə bağlı həyata keçirilən fitosanitar tədbirlər, pestisid və aqrokimyəvi preparatlardan təhlükəsiz istifadə qaydaları barədə geniş məlumat verilib. Eyni zamanda sahibkarlar istifadəsinə icazə verilmiş preparatların siyahısı ilə tanış olublar. Sonda iştirakçıların sualları cavablandırılıb.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkədə fəaliyyət göstərən laboratoriyalar üçün səriştəlilik sınaqlarını davam etdirir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi məqsədilə ölkədə emal olunan qablaşdırılmış içməli sularla bağlı nəzarət tədbirlərini davam etdirir. Monitorinqlər zamanı ticarət obyektlərində satışı həyata keçirilən müxtəlif adda emal edilən qablaşdırılmış sulardan nümunələr götürülərək sınaqların aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilir. Sınaq nəticələri uyğun olan, qida sahəsində normativ sənədlərin tələblərinə cavab verən suların dövriyyəsinə icazə verilir. Təəssüflə qeyd etmək lazımdır ki, bəzi özünü qida mütəxəssisi və ya qida mühəndisi adlandıran “ekspertlər” əhali arasında çaşqınlıq yaradaraq içməli suların tərkibi ilə bağlı heç bir elmə əsaslanmayan reallıqdan uzaq məlumatlar yayırlar. Həmçinin bəzi suların əsasən mədə-bağırsaq, həzm problemi, qaraciyər xəstəlikləri, öd kisəsi və digər daxili orqanlar üçün zərərli, yaxud müalicəvi olması ilə bağlı yanlış məlumatlar verirlər. Bununla yanaşı, həmin “ekspertlər” 30 ildən sonra yenidən istehlakçılara təqdim edilən Kəlbəcər rayonunun “İstisu” mineral suyunun insan orqanizmində bəzi problemlər yarada biləcəyi və ya xəstəlik törətməsi ilə bağlı həqiqətdən uzaq məlumatlar tirajlamaqdan çəkinmirlər. Bu şəxslərin heç bir tibbi təhsili və qida sahəsində peşəkar fəaliyyəti olmadan adıçəkilən suyun bir sıra xəstəliklər yarada biləcəyinə, həmçinin bir çox xəstəliklərin müalicəsinə dair absurd fikirlər səsləndirirlər. Qeyd edək ki, təbii mineral suların qeydiyyatı prosesi zamanı “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Rrespublikasının Qanununa əsasən, Azərbaycan Respublikasının ərazisində istehsal və emal edilməmişdən, dövriyyəyə buraxılmamışdan əvvəl məhsulların həyat və sağlamlığa təsirinin qiymətləndirilməsi, təhlükəsizliyinin və minimum keyfiyyətinin, etiketlənmə və qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktlarla müəyyənləşdirilmiş digər tələblərə uyğunluğunun müəyyən edilməsi üçün Agentlik tərəfindən tədqiqi (sınağı) aparılır və məhsulların xüsusiyyətlərindən asılı olaraq bu Qanunun 25-ci maddəsinə uyğun olaraq qeydiyyata alınır. Bildiririk ki, “İstisu” mineral su zavodunun AQTA-ya müraciəti əsasında Qanuna müvafiq olaraq, 2024-cü il 30 avqust tarixində “İstisu” təbii mineral qazlı su kimi qida təhlükəsizliyi qeydiyyatına alınıb.

Bakı şəhəri, Nəsimi rayonu, M.Qardaşları küçəsi, ev 22 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Hidayətov Raman Qadağa oğluna məxsus “London Pub” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların bir sıra tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, iaşə obyektində aşkar saxtalaşdırma əlamətləri olan və idxal sağlamlıq aktı olmayan 2 ədəd 0.7 litrlik “Архангельская” əmtəə nişanlı, 1 ədəd 1 litrlik “Finlandia” əmtəə nişanlı, 1 ədəd 0.7 litrlik “Organic Line” əmtəə nişanlı, 1 ədəd 0.5 litrlik və 1 ədəd 0.7 litrlik “Nemiroff” əmtəə nişanlı spirtli içki məhsulunun satışının həyata keçirildiyi məlum olub.

Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə kompleks tədbirlər davam etdirilir. Tədbirlər çərçivəsində “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı əsasında yaradılan Regional Əlaqələndirmə Mərkəzində təmsil olunan dövlət qurumlarının nümüyəndələrinin Balakən rayonunda görüşü keçirilib. Görüşdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev, həmçinin Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Balakən, Zaqatala, Qax və Şəki rayon icra hakimiyyətlərinin, eləcə də digər aidiyyəti qurumların məsul şəxsləri və əməkdaşları iştirak edib. Görüş zamanı Nazirlər Kabinetinin müvafiq Sərəncamından irəli gələn məsələlər haqqında geniş məlumat verilib. Bildirilib ki, ölkə ərazisində aparılan fitosanitar nəzarət tədbirləri çərçivəsində şimal-qərb və qərb regionlarında kütləvi şəkildə Qəhvəyi mərmər bağacığı aşkarlanıb. Azərbaycana qonşu Gürcüstandan miqrasiya edən zərərverici Zaqatala, Balakən və digər rayonların bir sıra yaşayış məntəqələrində müşahidə edilməkdədir. Buna görə də Qəhvəyi mərmər bağacığının təhlükəliliyini nəzərə alaraq, sahibkarlar cari mövsümdə feromon tələ və pestisid ehtiyatlarına malik olmalı, zərərvericinin kütləvi artımı baş verdiyi təqdirdə, ona qarşı mübarizə tədbirlərini həyata keçirməlidirlər.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Ağdam rayonu, Çullu kəndində fəaliyyət göstərən, fiziki şəxs Quliyev Atalin Əvəz oğluna məxsus pendir istehsalı müəssisəsində plandankənar yoxlama keçirilib. Baxış zamanı istehsal müəssisəsində qida təhlükəsizliyi və qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalara əməl edilmədiyi, həmçinin sanitar-texniki və sanitariya-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi müəyyən olunub. Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, çirklənməyə qarşı müdafiə və zərərvericilərlə mübarizə üçün müvafiq şəraitin təmin edilmədiyi, havalandırma sisteminin qurulmadığı, çarpaz çirklənmənin qarşısının alınması məqsədilə texnoloji prosesin ardıcıllığına əməl edilmədiyi, döşəmə və divar səthlərinin təmirsiz olduğu, həmçinin dezinfeksiyaedici vasitələrin təsirinə davamlı materialla üzlənmədiyi, qida məhsulları ilə təmasda olan alət, avadanlıq və ləvazimatların təmiz saxlanılmadığı, işçi heyətin gigiyenik təlimlərə cəlb edilmədiyi aşkarlanıb.

Ölkə ərazisində həyata keçirilən fitosanitar nəzarət tədbirləri çərçivəsində şimal-qərb və qərb regionlarında kütləvi şəkildə Qəhvəyi mərmər bağacığı aşkarlanıb. Belə ki, Azərbaycana qonşu Gürcüstandan miqrasiya edən Qəhvəyi mərmər bağacığı Zaqatala, Balakən və sair rayonların bir sıra yaşayış məntəqələrində müşahidə edilməkdədir. Gürcüstan iqtisadiyyatına (fındıq bağları və meyvə-tərəvəz təsərrüfatına) külli miqdarda ziyan vuran zərərvericiyə Rusiyanın cənub bölgələri və Türkiyə ərazisində də rast gəlinir. Qəhvəyi mərmər bağacığı 300-dən çox bitki ilə qidalanır. Yüksək risk altında olan bitkilərə fındıq, alma, armud, şaftalı, nektarin, üzüm, qarğıdalı, pomidor, badımcan, bibər, orta risk altında olan bitkilərə isə ərik, qaragilə, gilas, xiyar daxildir. Zərərvericinin qidalanması yazda başlayır və payızın sonuna qədər davam edir. Qəhvəyi mərmər bağacığının yetkin fərdləri və sürfələri (nimfaları) yük daşımaları, nəqliyyat vasitələri, avadanlıqlar, ağac materialları yüklənmiş konteynerlər, təzə meyvə-tərəvəz, kəsilmiş güllər, tinglər və s. vasitəsilə yayılır. Yetkin fərdlərin təbii yolla (uçaraq) yayılması da məlumdur.

Qəhvəyi mərmər bağacığı nədir? - Qəhvəyi mərmər bağacığı ölçüsü 12-17 mm, rəngi qəhvəyi, üzərində ləkələr olan, bədəni azacıq yastı və armudvari formalı zərərvericidir. Bu zərərverici 300-dən çox bitki növü ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salır. Qəhvəyi mərmər bağacığın yayılması: - Qəhvəyi mərmər bağacığın yetkin fərdləri və sürfələri yük daşımaları, nəqliyyat vasitələri, avadanlıqlar, ağac materialları yüklənmiş konteynerlər, təzə meyvə-tərəvəz, kəsilmiş güllər, tinglər və digər vasitələrlə yayılır. Eyni zamanda yetkin fərdləri təbii yolla (uçmaqla) 35-100 km-dək məsafə qət edə bilirlər. Qəhvəyi mərmər bağacığı ilə mübarizə üsulları: - Payız və qış dövründə qışlama yerlərinin maksimum azaldılması məqsədilə qəhvəyi mərmər bağacığın gizlənə bildiyi sığınacaqlara, o cümlədən qaranlıq yerlərə xüsusi diqqət yetirilir. Yaşayış və köməkçi binalarda pəncərələr torla bağlanır.

Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir. Tədbirlər çərçivəsində "Healty Life" MMC-nin və "Caspi Pharm" MMC-nin Türkiyədən idxal etdiyi bioloji aktiv qida məhsulu partiyalarından Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsul partiyalarının normativ sənədlərin tələblərinə cavab vermədiyi məlum olub. Qeyd olunan bioloji aktiv qida məhsulu partiyaları aşağıdakılardır: "Healty Life" MMC-nin idxal etdiyi “Pharmanor İlaç San.Tıc. Ltd.Ştı” müəssisəsinə məxsus 01.02.2024 - 01.02.2027-ci il istehsal və son istifadə tarixli, DNT07 partiya nömrəli ümumi sayı 4500 ədəd “Depovit New, daxilə qəbul üçün məhlul-damcı, 5 ml, flakonda №4” əmtəə nişanlı bioloji aktiv qida məhsulu; "Healty Life" MMC-nin idxal etdiyi “Pharma Standart İlaç Medikal Kozmetik Gıda Sanayi Ticaret Limited Şirketi” müəssisəsinə məxsus 01.12.2023-01.12.2026-cı il istehsal və son istifadə tarixli, ST03 partiya nömrəli ümumi sayı 4500 ədəd “Desol-D3+, daxilə qəbul üçün məhlul-damcı, 5 ml şüşə flakonda №4” əmtəə nişanlı bioloji aktiv qida məhsulu; "Caspi Pharm" MMC-nin idxal etdiyi “Unirex Healthcare Sağlık Sanayi ve Dış Ticaret Limited Şirketi” müəssisəsinə məxsus 01.01.2024-01.01.2027-ci il istehsal və son istifadə tarixli, TM240101 partiya nömrəli ümumi sayı 2000 ədəd “Tiger Man, tablet №10” əmtəə nişanlı bioloji aktiv qida məhsulu.