AQTİ-nin əməkdaşları ATMU-da təhsil alan tələbələrlə görüşüb
26 Oktyabr 2023 16:38
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) əməkdaşları Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) qida sahəsinə aid olan ixtisaslar üzrə təhsil alan tələbələrlə görüş keçirib.
Tədbir AQTİ ilə ATMU arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, həmçinin İnstitutun fəaliyyət istiqamətlərinə uyğun ixtisaslar üzrə ATMU-da təhsil almış məzunların işə qəbulu və onların potensialından səmərəli istifadə olunması məqsədilə təşkil edilib.
Görüşdə tələbələr AQTİ-nin fəaliyyəti barədə ətraflı məlumatlandırılıb. Bildirilib ki, İnstitutun müasir infrastruktura malik laboratoriyalarında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı, eləcə də kompleks tədqiqatlar üzrə elmi-praktiki araşdırmalar, tədqiqatlar aparılır, laborator analizlər, sınaq işləri həyata keçirilir. Elmi fəaliyyətlər zamanı ixtisaslı mütəxəssislərin formalaşdırılmasına və kadr potensialının peşəkarlıq səviyyəsinin artırılmasına önəm verilir. AQTİ-də təcrübə mübadilələrinə xüsusi diqqət yetirilir və yüksək ixtisaslı kadrların qida təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırma və tədqiqat işləri aparmasına da kömək göstərilir. Tədbir zamanı İnstitutda işə qəbul prosedurları, təcrübə və könüllülük proqramları haqqında da məlumat verilib, tələbələrin sualları cavablandırılıb.
Qeyd edək ki, bundan əvvəl AQTİ-nin əməkdaşları Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin və Azərbaycan Texnologiya Universitetinin tələbələri ilə görüşüb.