AQTİ-nin əməkdaşları AzTU-nun tələbələri ilə görüş keçirib
3 Noyabr 2023 15:22
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) əməkdaşları tərəfindən ölkədə fəaliyyət göstərən ali məktəklərin tələbələri ilə görüşlər davam etdirilir. Növbəti görüş Azərbaycan Texniki Universitetində (AzTU) qida sahəsinə aid olan ixtisaslar üzrə təhsil alan tələbələrlə keçirilib.
Görüşdə tələbələrə AQTİ-nin müasir infrastruktura malik laboratoriyalarında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı, eləcə də kompleks tədqiqatlar üzrə həyata keçirilən elmi-praktiki araşdırmalar, tədqiqatlar, laborator analizlər və sınaq işləri barədə ətraflı məlumat verilib. Eyni zamanda bildirilib ki, İnstitutda elmi fəaliyyətlər zamanı ixtisaslı mütəxəssislərin formalaşdırılmasına və kadr potensialının peşəkarlıq səviyyəsinin artırılmasına önəm verilir. Həmçinin AQTİ-də təcrübə mübadilələrinə xüsusi diqqət yetirilir, yüksək ixtisaslı kadrların qida təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırma və tədqiqat işləri aparmasına kömək göstərilir. Görüş zamanı İnstitutda işə qəbul prosedurları, təcrübə və könüllülük proqramları haqqında da məlumat verilib, tələbələrin sualları cavablandırılıb.
Qeyd edək ki, AQTİ-nin əməkdaşları AzTU ilə yanaşı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Turizm və Menecment Universitetinin, Azərbaycan Dövlət Aqrar Universitetinin və Azərbaycan Texnologiya Universitetinin tələbələri ilə də görüşlər keçirib. Tədbirlər AQTİ ilə adıçəkilən universitetlər arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, həmçinin İnstitutun fəaliyyət istiqamətlərinə uyğun ixtisaslar üzrə həmin ali məktəblərdə təhsil almış məzunların işə qəbulu və onların potensialından səmərəli istifadə olunması məqsədilə təşkil edilib.
Oxşar xəbərlər
AQTA sədri Ağdamda vətəndaşları qəbul edəcək
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli dekabrın 11-i saat 11:00-da Ağdam şəhər Muğam Mərkəzində Xankəndi şəhəri və Ağdam, Füzuli, Şuşa, Xocavənd, Xocalı, Ağdərə rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək. Vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq dekabrın 10-dək qəbula yazıla bilərlər. Qəbul zamanı Agentliyin səlahiyyət dairəsinə aid müraciətlər cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Nar istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nar istehsalçıları və ixracatçıları ilə onlayn görüş keçirib. Görüşdə idxalçı ölkələrin fitosanitar və qida təhlükəsizliyi ilə bağlı tələbləri, eləcə də ixrac zamanı aşkarlanan uyğunsuzluqlar müzakirə olunub. Bildirilib ki, nar istehsalı zamanı pestisidlərdən düzgün və səmərəli istifadə, dövlət qeydiyyatına alınmış bitki mühafizə vasitələrinin tətbiqi, preparatların istifadə normalarına və məhsul yığımınadək gözləmə müddətlərinə riayət edilməsi vacibdir. Bu tələblərin gözlənilməsi məhsulun təhlükəsizliyinin təmin olunması və ixrac zamanı yarana biləcək problemlərin qarşısının alınması baxımından xüsusi əhəmiyyət daşıyır. Nar məhsulunun ixrac potensialının artırılması, xarici bazarlarda rəqabət qabiliyyətinin yüksəldilməsi və ixrac zamanı yarana biləcək uyğunsuzluqların qarşısının alınması istiqamətində istehsalçıların və ixracatçıların üzərinə düşən vəzifələr barədə məlumat verilib. Görüşdə fermerlərin və ixracatçıların rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb və müvafiq tövsiyələr verilib.
AQTA əməkdaşları Çində beynəlxalq təlimdə iştirak ediblər
10–23 noyabr tarixlərində Çin hökuməti tərəfindən həyata keçirilən “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində inspeksiya və karantin standartları üzrə beynəlxalq təlim keçirilib. Pekin və Sian şəhərlərində baş tutan təlimdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları da iştirak ediblər. Təlimin əsas məqsədi inspeksiya və karantin sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, mütəxəssislərin peşəkar bilik və bacarıqlarının artırılması, eləcə də kənd təsərrüfatı məhsullarının beynəlxalq ticarətində fitosanitar təhlükəsizliyin gücləndirilməsi olub. Təlim çərçivəsində ÇXR-in bitki karantini sistemi, idxal-ixrac əməliyyatlarında fitosanitar nəzarət, zərərli orqanizmlərin aşkarlanması, laborator müayinə üsulları, fitosanitar risklərin qiymətləndirilməsi və müasir nəzarət mexanizmlərinin tətbiqi üzrə təqdimatlar dinlənilib. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş