AQTİ-nin laboratoriyası növbəti dəfə beynəlxalq səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib
22 Dekabr 2023 10:15
Qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Həmçinin laboratoriyalarda qabaqcıl texnologiyaların tətbiqi, səriştəliliyin artırılması üçün kadrların təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı təmin edilir.
Həyata keçirilən tədbirlər çərçivəsində AQTİ-nin Abşeron Regional Sınaq Laboratoriyası (ARSL) İngiltərənin “FAPAS” və “LGC” şirkətləri tərəfindən təşkil olunan növbəti səriştəlilik sınaqlarına qatılıb. Laboratoriya araq nümunəsində fiziki-kimyəvi və toksikoloji göstəricilər, həmçinin qida nümunəsində “Listeria monocytogenes” və qənddə “kükürd dioksid” parametrləri üzrə keçirilən səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib.
Qeyd edək ki, ARSL bugünədək müxtəlif ölkələrdə 100-dən artıq göstərici üzrə təşkil olunan beynəlxalq səriştəlilik sınaqlarında uğur qazanıb. Laboratoriya ISO/IEC 17025:2017 “Sınaq və kalibrlənmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər" standartına əsasən Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən milli, Latviya Respublikasının akkreditasiya qurumu olan “LATAK” tərəfindən isə beynəlxalq akkreditasiyadan keçirilib.
Oxşar xəbərlər

“Təbii mineral sulara dair sanitariya norma və qaydaları” təsdiq edilib
Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası “Təbii mineral sulara dair sanitariya norma və qaydaları” adlı texniki normativ hüquqi aktın təsdiqi ilə bağlı qərar qəbul edib. Bu qaydalar respublika ərazisində yeraltı mineral su obyektindən çıxan və insanların qidalanması üçün nəzərdə tutulan təbii mineral suların minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri (fiziki-kimyəvi xassələri, mikrobioloji göstəriciləri), qablaşdırılması, etiketlənməsi, dövriyyəsi, eyni zamanda mənşə ölkəsinin səlahiyyətli qurumu tərəfindən təbii mineral su kimi qeydiyyata alınmış idxal olunan təbii mineral suların minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri, etiketlənməsi və dövriyyəsi ilə bağlı tələbləri müəyyən edir. Sözügedən tələblər təbii müalicəvi xüsusiyyətlərə malik olan, su obyektlərində müalicəvi məqsədlər üçün istifadə olunan və tibbi təyinatlı mineral su kimi təsbit olunan, eləcə də suvarma məqsədilə istifadə olunan sulara şamil olunmur. Sənəddə eyni zamanda təbii mineral sularda tətbiqinə yol verilən təmizləmə üsulları, etiketlənmə zamanı təbii mineral suyun tərkibi, habelə tətbiq edilən təmizləmə üsuluna dair xəbərdarlıq yazıları ilə bağlı məsələlər də öz əksini tapıb. Qeyd edək ki, “Təbii mineral sulara dair sanitariya norma və qaydaları” 2025-ci ilin 20 noyabr tarixindən qüvvəyə minəcək. Azərbaycan Respublikasının ərazisində istehsal olunan və ölkə ərazisinə idxal olunan təbii mineral sular yalnız qeydiyyata alındıqdan sonra dövriyyəyə çıxarıla bilər. Qərarla ətraflı aşağıdakı linkdən tanış ola bilərsiniz: https://afsa.gov.az/az/qanunvericilik/kollegiya-qerarlari

AQTA və Latviya nümayəndələri arasında görüş keçirilib
Qida Təhlükəsizliyi Agentliyinin və Latviya Respublikasının Qida və Baytarlıq Xidmətinin nümayəndələri arasında görüş olub. Onlayn formatda keçirilən görüşdə bitkiçilik məhsullarının idxal-ixrac əməliyyatları zamanı tənzimləmələr və nəzarət tədbirlərinə dair müzakirələr aparılıb. Görüş zamanı qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərində aşkarlanan uyğunsuzluqlar zamanı tətbiq edilən inzibati tədbirlər nəzərdən keçirilib. Eyni zamanda müvafiq laboratoriyalar və sərhəd nəzarəti orqanları ilə əlaqələndirmə, daxili və beynəlxalq məlumat mübadiləsi mexanizmləri müzakirə mövzusu olub. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Albaniyanın bəzi bölgələrində xırdabuynuzlu heyvanların taun xəstəliyi qeydə alınıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Albaniya Respublikasının Dibra və Şkoder bölgələrində xırdabuynuzlu heyvanların taun xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Dibra və Şkoder bölgələrində zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən xəstəliyə həssas diri ev və vəhşi xırdabuynuzlu heyvanların, onlara aid genetik materialların, həmçinin bu ev heyvanlarından alınan məhsulların idxalına, habelə tranzitinə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.