AQTİ-nin mütəxəssisləri Gəncədə sahibkarlıq subyektlərinin əməkdaşlarına təlim keçib
13 Avqust 2024 11:11
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə mütəmadi olaraq təlimlər keçirilir.
AQTİ-nin mütəxəssisləri tərəfindən növbəti təlim Gəncə şəhərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin əməkdaşları üçün “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təşkil edilib.
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilən təlim iştirakçılara müəssisələrin fəaliyyətinin qanunvericiliyin və sanitariya-gigiyena qaydalarının tələbləri çərçivəsində təşkil edilməsi üçün zəruri məlumatlar vermək məqsədilə keçirilib.
Təlimdə sahibkarlıq subyektlərinin əməkdaşları “Qida təhlükəsizliyi haqqında” Qanun və bu Qanundan irəli gələn tələblər haqqında ətraflı məlumatlandırılıb. İştirakçılara müəssisələrdə qida məhsullarının qəbulu, emalı, saxlanması, daşınması zamanı gigiyena qaydalarının tətbiqi, eləcə də təhlükəli amillər, çirklənmə növləri və digər məsələlər barədə məlumat verilib.
İnteraktiv formada təşkil edilən təlimin sonunda müzakirələr aparılıb və iştirakçıların mövzu ilə bağlı bilik səviyyəsi qiymətləndirilib.
Qeyd edək ki, AQTİ tərəfindən “Qida sahəsində gigiyena tələbləri” və digər mövzularda keçirilən təlimlərdə iştirak etmək istəyən sahibkarlıq subyektləri "1003-Çağrı Mərkəzi"nə zəng edə bilərlər.
Oxşar xəbərlər

Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən 2025-ci il 17-21 iyun tarixlərində aparılan monitorinqlər zamanı Bakı, Sumqayıt şəhərləri və Masallı, Lənkəran rayonlarında fəaliyyət göstərən 5 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb. Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati xəta haqqında protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:

Meyvə və tərəvəz ixracı ilə məşğul olan sahibkarlara xəbərdarlıq edilib
Qida Təhlükəsizliyi Agentliyi meyvə və tərəvəz ixracı ilə məşğul olan sahibkarlara xəbərdarlıq edir ki, ölkəmizdən ixrac olunan bitkiçilik məhsullarının daşınmasında istifadə olunan meşə materiallarından hazırlanmış altlıq və qablaşdırma materialları “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiyadan irəli gələrək təsdiq edilmiş 15 nömrəli Fitosanitar Tədbirlər üzrə Beynəlxalq Standartın tələblərinə uyğun formada işlənməlidir. Həmçinin məhsulların etiketlənməsi idxalçı ölkənin tələblərinə uyğun həyata keçirilməlidir. Beynəlxalq tələblərə əsasən, Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində dövriyyədə olan bütün qablaşdırılmış qida məhsullarında bir sıra məlumatlar qeyd olunmalıdır. Məhsulun qablaşdırmasında qida ilə təmas üçün təhlükəsiz materiallardan istifadə edilməli, taralarda yapışqanlı etiketlər üçün xüsusi sahə ayrılmalı, etiketlər dayanıqlı, oxunaqlı və möhkəm yapışdırılmalıdır. Uyğun işlənmədən keçmiş hər bir taxta qablaşdırmada rəsmi ISPM 15 nişanı olmalıdır. Markalanma iki əks tərəfdə yerləşməli, silinməz, oxunaqlı və daimi olmalı, qırmızı və narıncı rənglərdə olmamalıdır. Taxta qablaşdırma materialları, paletlər fumiqasiya edilməlidir. Fumiqasiya möhürü silinməz, dəqiq, oxunabilən olmalıdır. Qabıqlı taxtadan hazırlanmış altlıq və qablaşdırma materiallarının istifadəsi qadağandır. Sahibkarlar tərəfindən idxalçı ölkənin etiketlənməyə dair tələbləri, həmçinin beynəlxalq standartın meşə materiallarından hazırlanmış altlıqlar və qablaşdırma materiallarına dair tələbləri nəzərə alınmalıdır. Əks təqdirdə idxalçı ölkənin tələblərinə riayət olunmadıqda ixrac olunan bitkiçilik məhsullarına fitosanitar sertifikatların verilməsi ilə bağlı karantin baxışı zamanı qanunvericiliyə uyğun olaraq sertifikatlaşdırmadan imtina ediləcək. Bununla da etiketlənmə və markalanma ilə bağlı tələblərə riayət olunmayan məhsulların ixracına icazə verilməyəcək.

AQTA və Çinin Baş Gömrük Administrasiyasının nümayəndələri arasında görüş keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Çin Xalq Respublikasının (ÇXR) Baş Gömrük Administrasiyasının nümayəndələri arasında görüş olub. Onlayn formatda keçirilən görüşdə ölkəmizdən Çinə fındıq, badam, quş əti və quş əti məhsulları, həmçinin meyvə ixracı ilə bağlı müzakirələr aparılıb. Görüşdə Agentlik və Çinin Baş Gömrük Administrasiyası arasında məhsulların ixracı zamanı müvafiq protokolların razılaşdırılması ilə bağlı ÇXR-nin idxal tələbləri nəzərdən keçirilib. Sonda qarşılıqlı əməkdaşlıq və etimad şəraitində bundan sonra da qida məhsullarının idxalı və ixracı zamanı işlərin daha operativ və səmərəli həyata keçiriləcəyi bildirilib.