AQTİ-nin mütəxəssisləri sahibkarlıq subyektlərinin əməkdaşlarına təlim keçib
28 Fevral 2024 15:04




Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə keçirilən təlimləri davam etdirir.
AQTİ-nin mütəxəssisləri tərəfindən sahibkarlıq subyektlərinin əməkdaşları üçün növbəti təlim “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təşkil olunub.
Təlimdə iştirakçılar “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Qanundan irəli gələn tələblər haqqında ətraflı məlumatlandırılıb. Onlara müəssisələrdə qida məhsullarının qəbulu, emalı, saxlanması, daşınması zamanı gigiyena qaydalarının tətbiqi, eləcə də təhlükəli amillər, çirklənmə növləri və digər məsələlər barədə məlumat verilib.
İnteraktiv formada təşkil edilən təlimin sonunda müzakirələr aparılıb və iştirakçıların mövzu ilə bağlı bilik səviyyəsi qiymətləndirilib.
Qeyd edək ki, “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təlim “Qida təhlükəsizliyi haqqında” Qanuna uyğun olaraq keçirilib. Təlim sahibkarlıq subyektlərinin əməkdaşlarına müəssisələrin fəaliyyətinin qanunvericiliyin və sanitariya-gigiyena qaydalarının tələbləri çərçivəsində təşkil olunması üçün zəruri məlumatlar vermək məqsədilə keçirilib.
Oxşar xəbərlər

Qurbanlıq heyvanın kəsimi zamanı hansı tələblərə əməl edilməlidir?
6-7 iyun tarixlərində Qurban bayramı qeyd olunacaq. Qurbanlıq heyvanlar yalnız xüsusi ayrılmış və sanitariya-gigiyena tələblərinə cavab verən məntəqələrdə kəsilməlidir. Küçə, yol kənarı, məhəllə araları kimi qanunsuz və antisanitar yerlərdə aparılan kəsimlər xəstəliklərin yayılmasına səbəb ola bilər. Kəsim həm də ətraf mühitin, insan sağlamlığının qorunmasına yönəlməlidir. Heyvan kəsimi məntəqələrində fasiləsiz su təminatı olmalı, qəssablar xüsusi geyimdə və tibbi yoxlamadan keçmiş vəziyyətdə fəaliyyət göstərməlidir. Alətlər daim dezinfeksiya olunmalı, tullantılar isə vaxtında və düzgün şəkildə ərazidən kənarlaşdırılmalıdır. Ət məhsullarının satışını həyata keçirən məkanlar sanitar və baytarlıq tələblərinə cavab verməlidir. Cəmdəklərin saxlanıldığı yerlər soyuducu avadanlıqlarla təchiz edilməli, soyuq zəncir prinsipi qorunmalıdır. Diri heyvanların satışına bu nöqtələrdə yol verilməməlidir. Tələb olunan infrastruktur və nəzarət sistemi olmadan həyata keçirilən satış və kəsimlər həm təhlükəli, həm də qanunsuzdur. Qurbanlıq heyvanın kəsimi zamanı gözlənilməli olan tələblərlə linkdən tanış ola bilərsiniz: https://www.youtube.com/shorts/HSNsy3uRsAk

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Kamboca Krallığının Kamponq Speu əyalətində yüksək patogen quş qripi, İsrail Dövlətinin Şimal bölgəsində isə xırdabuynuzlu heyvanların taun xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və quşçuluq məhsullarının idxalı, xırdabuynuzlu heyvanların və onlara aid məhsulların idxalı, habelə tranzit daşınması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
