AQTİ növbəti səriştəlilik sınağı ilə bağlı müraciətlərin qəbulunu davam etdirir
13 Avqust 2024 15:14

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkədə fəaliyyət göstərən laboratoriyalar üçün elan olunan növbəti, su nümunəsində codluq, xloridlər, konduktivlik və pH parametrlərinin müayinəsi üzrə səriştəlilik sınağı ilə bağlı müraciətlərin qəbulunu davam etdirir. Səriştəlilik sınağına qatılmaq üçün 31 avqust 2024-cü il İnstituta sonuncu müraciət tarixi müəyyən olunub.
Bu səriştəlilik sınağının proqramı ilə AQTİ-nin rəsmi saytı (afsi.gov.az) vasitəsilə tanış olmaq mümkündür. Saytda yaradılan “Səriştəlilik sınaqları” adlı bölmədə bu səriştəlilik sınağının proqramı və laboratoriyaların həmin sınaqda iştirak etməsi üçün lazım olan sənədlər (“Müraciət forması”, “Nəticələrin qeydiyyat forması”) yerləşdirilib. Laboratoriyaların sınaqda iştirakını təmin etməkdən ötrü saytdakı müvafiq bölmədə yerləşdirilən “Müraciət forması” doldurularaq info.pt@afsa.gov.az elektron poçtuna göndərilməlidir. Sınaqlar yekunlaşdıqdan sonra isə nəticələr “Nəticələrin qeydiyyat forması” doldurularaq eyni ünvana yollanmalıdır.
Səriştəlilik sınaqlarının nəticələri İnstitutun saytında yerləşdiriləcək. Laboratoriyaların nəticələri konfidensiallığı qorumaq məqsədilə individual laboratoriya nömrələri ilə açıqlanacaq.
Qeyd edək ki, sınaqlar ISO 17043 “Uyğunluğun Qiymətləndirilməsi-Səriştəlilik Sınaqlarına Ümumi Tələblər" standartı əsasında təşkil edilir və qiymətləndirmələr bu standartın tələblərinə əsasən beynəlxalq standartlara uyğun olaraq aparılır. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təşkil olunan sınaqların məqsədi laboratoriyalar üçün səriştəliliklərini qiymətləndirmək imkanını yaratmaqdan ibarətdir. Müvafiq Qanuna əsasən, dövlət nəzarəti və tənzimlənməsi tədbirləri çərçivəsində, habelə bu qanunla müəyyən edilmiş icazələrin verilməsi üçün götürülmüş nümunələrin tədqiqi (sınağı) yalnız “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada akkreditasiyadan keçmiş laboratoriyalarda aparılmalıdır.
Oxşar xəbərlər

Novruz təamlarından istifadə edərkən nələrə diqqət yetirməliyik?
Novruz süfrəsi bol çeşidli yemək və şirniyyatlarla zəngindir. Bayramın ənənəvi yeməkləri çox zəngin və kalori baxımından yüksək olur, buna görə də balanslı qidalanmaq çox önəmlidir. Bayram günlərində qidaların qarışdırılmaması və müəyyən həddin gözlənilməsi vacib şərtdir. Çünki həddindən artıq yemək mədə-bağırsaq sistemi üçün problemlər yarada bilər. Bayramda zülal, yağ, karbohidrat və lif tərkibli qidaların balanslı şəkildə istehlakına diqqət etmək lazımdır. Xüsusilə də bişmiş qidaların həzmini asanlaşdıran mövsümi tərəvəz salatlarına üstünlük verilməlidir. Tərəvəzlər lif və sellüloza ilə zəngin olduğu üçün aclığı dəf edir və qidanın həzmini asanlaşdırır. Mütəxəssislər bir yemək saatında üçdən artıq çeşiddə yeməyin istehlakını tövsiyə etmirlər. Bayram süfrəsində qızardılmış məhsullara deyil, sobada bişirilmiş balıq və digər ət növlərinə üstünlük verilməlidir. Yaxşı olar ki, balıq yeməkləri hazırlandıqdan sonra tez bir zamanda istehlak edilsin. Bayram günlərində yemək və salatların hazırlanmasında daha geniş istifadə olunan mayonezi qatıqdan hazırlanmış sous, xama və kefirlə əvəz etmək məsləhət görülür. Novruz təamlarından olan şəkərbura, paxlava və digər şirniyyatlar tərkibindəki yağ və şəkər səbəbindən yüksək kalorili qidalardır. Xörəklərdən dərhal sonra yüksək kalorili şirniyyatların yeyilməsi çəkinin artmasına səbəb olur. Bu şirniyyatlarla bərabər çərəzlərin istehlakı gündəlik kalori qəbulunu artırır. Düzgün qidalanmanın vacib şərtlərindən biri də yavaş-yavaş yeməkdir. Çünki doyma siqnalı beynə 20 dəqiqə ərzində çatır. Yavaş-yavaş qidalanma həddindən artıq qida qəbulunun qarşısını alır. Mayenin düzgün qəbul edilməsi də sağlam qidalanmanın vacib şərtlərindəndir. Yemək vaxtı və yeməkdən dərhal sonra su içmək məsləhət görülmür. Suyun qida istehlakından 30 dəqiqə əvvəl ilıq halda içilməsi faydalı hesab olunur. Bayram günlərində fiziki aktivliyin yüksək olması da düzgün və balanslı qidalanmaq qədər vacib və faydalıdır.

"Şüa" restoranında nöqsanlar aşkarlandı
Fiziki şəxs Mikayılov Elvin Vaqif oğluna məxsus Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov 19 ünvanında fəaliyyət göstərən "Şüa" ictimai iaşə müəssisəsində AQTA əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb. Belə ki, sanitar-gigiyenik qaydaların gözlənilmədiyi müəssisədə qida məhsullarının saxlanması rejiminə əməl olunmadığı, temperaturun monitorinqinin aparılmadığı, emal sahəsində havalandırma sisteminin quraşdırılmadığı, mal qonşuluğu prinsipi pozulmaqla saxlanılan və baytarlıq sənədləri olmayan balıq, toyuq, hindquşu məhsulları müəyyən olunub. Həmçinin soyuq qəlyanaltılar və isti yeməklərin hazırlanmasının eyni sahədə həyata keçirildiyi, çalışan işçilərin soyunub geyinməsi üç sahənin ayrılmadığı, qida məhsullarının saxlandığı rəflərin korroziyaya uğradığı aşkar olunub. Müəssisədə çalışan işçilərin tibbi müayinədən keçmədən və gigiyenik təlimlərə cəlb edilmədən fəaliyyət göstərməsi kimi bir sıra nöqsanlar qeydə alınıb. Aşkar olunan faktla bağlı inzibati protokol tərtib edilib və nöqsanların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib.

Qoşqar Təhməzli qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin növbəti vətəndaş qəbulu Agentliyin inzibati binasında aprelin 3-ü saat 14:00-da keçiriləcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.