AQTİ sahibkarlıq subyektlərinin əməkdaşlarını qida sahəsində gigiyena tələbləri barədə məlumatlandırır
3 Sentyabr 2024 17:53
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə keçirilən təlimləri davam etdirir.
AQTİ-nin Təlim Mərkəzi tərəfindən sahibkarlıq subyektlərinin əməkdaşları üçün növbəti təlim “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təşkil olunub.
Təlimdə qida subyektlərinin nümayəndələrinə “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Qanundan irəli gələn tələblər haqqında ətraflı məlumat verilib. İştirakçılar müəssisələrdə qida məhsullarının qəbulu, emalı, saxlanması, daşınması zamanı gigiyena qaydalarının tətbiqi, eləcə də təhlükəli amillər, çirklənmə növləri və digər məsələlər barədə məlumatlandırılıb.
İnteraktiv formada təşkil edilən təlimin sonunda müzakirələr aparılıb və iştirakçıların mövzu ilə bağlı bilik səviyyəsi qiymətləndirilib.
Qeyd edək ki, “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təlim “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilib. Təlim qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin əməkdaşlarına müəssisələrin fəaliyyətinin qanunvericiliyin və sanitariya-gigiyena qaydalarının tələbləri çərçivəsində təşkil olunması üçün zəruri məlumatlar vermək məqsədilə keçirilib.
Onu da bildirək ki, AQTİ tərəfindən “Qida sahəsində gigiyena tələbləri” və digər mövzularda keçirilən təlimlərdə iştirak etmək istəyən sahibkarlıq subyektləri "1003-Çağrı Mərkəzi"nə zəng edə bilərlər.
Oxşar xəbərlər
AQTA: Quş qripi aşkarlanan ərazilərdən riskli məhsulların idxalı məhdudlaşdırılır
Son illər dünyada yüksək patogen quş qripi xəstəliyi üzrə epizootoloji vəziyyət gərgin olaraq qalmaqdadır. Xəstəliyin dünyanın bütün regionlarında baş verməsi, xüsusilə Avropada endemik xarakter alması, quşlardan savayı məməlilər sinfinə aid suda və quruda yaşayan heyvanlarda da aşkar edilməsi, xəstəlik törədicisinin genetik xüsusiyyətlərində dəyişikliklərin meydana gəlməsi və digər amillər epizootiyanın genişlənməsinin əsas əlamətləri kimi göstərilə bilər. Ölkəmiz köçəri quşların yaz və payız miqrasiya marşrutlarının əhatəsində olduğu üçün sözügedən xəstəlik üzrə riskli coğrafi regionda yerləşir. Buna görə də xəstəliyin izlənməsi daimi olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən diqqət mərkəzində saxlanılır. Belə ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) təqdim etdiyi məlumatlar əsasında xəstəlik baş verən ölkələrin müxtəlif ərazilərindən ölkəmizə riskli məhsulların idxalına məhdudiyyətlər tətbiq edilir. Hazırda xəstəlik aşkarlanan bir sıra ərazilər üzrə bu cür məhdudiyyətlər mövcuddur. Bununla yanaşı, dövri olaraq xəstəliyə qarşı epizootoloji monitorinqlər aparılır. Monitorinqlər aidiyyəti qurumlarla birgə köçəri quşların miqrasiya marşrutlarının keçdiyi bölgələrdə yerləşən sənaye müəssisələrində və ailə təsərrüfatlarında saxlanılan, habelə müvafiq təbiət ərazilərindəki vəhşi quşlar əhatə olunmaqla icra edilir. Bu zaman səyyar BSL 2+ biotəhlükəsizlik səviyyəli və digər laboratoriyaların potensialından istifadə olunur. Ötən illərdə və cari ilin yanvar ayında keçirilən monitorinq zamanı xəstəliyə şübhəli hal aşkar edilməyib. Qeyd edək ki, 2024-cü il noyabr ayında AQTA tərəfindən təqdim edilmiş hesabatlar nəzərə alınaraq, respublikamızın ərazisi ÜHST tərəfindən yüksək patogen quş qripindən azad ölkə kimi tanınaraq müvafiq status təsdiq edilib.
AQTİ-nin laboratoriyası beynəlxalq səriştəlilik sınağında növbəti dəfə uğur qazanıb
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Abşeron Regional Sınaq Laboratoriyası (ARSL) Böyük Britaniyanın “Fapas” şirkəti tərəfindən təşkil olunan növbəti səriştəlilik sınağında iştirak edib. Laboratoriya alkoqollu içki nümunəsində fiziki-kimyəvi və toksikoloji sınaqda uğurlu nəticə əldə edib. Belə ki, analizlər etil spirti, etanal (asetaldehid), etil asetat, metanol, propanol 1 və dimetil propanol 1-in təyini üzrə aparılıb. Qeyd edək ki, ARSL bundan əvvəl də Böyük Britaniyanın “Fapas” və ”LGC standard”, eləcə də Fransanın “Bipea” şirkətləri tərəfindən təşkil olunan beynəlxalq laboratoriyalararası sınaqlarda yüksək nəticələr əldə edib. Laboratoriya Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditasiya edilib.
Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Nəzarət tədbirləri çərçivəsində 2025-ci il 27-31 yanvar tarixlərində Agentliyin əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Şamaxı və Cəlilabad rayonlarında fəaliyyət göstərən 6 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb. Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati xəta haqqında protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır: