AQTİ “Tədarükçülərin qiymətləndirilməsi” mövzusunda təlimlərə başlayıb
13 İyun 2023 10:54
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə keçirilən təlimlər davam etdirilir.
Növbəti nəzəri-praktiki təlim AQTİ mütəxəssisləri tərəfindən “Al Market” Məhdud Məsuliyyətli Cəmiyyətin əməkdaşları üçün “Tədarükçülərin qiymətləndirilməsi” mövzusunda təşkil olunub.
Təlim zamanı iştirakçılara tədarükçülərin seçilməsi üçün ehtiyac analizinin aparılması, məqsədlərin, seçim meyarlarının və ən uyğun təchizatçıların müəyyənləşdirilməsi, təkliflərin dəyərləndirilməsi, ziyarətlərin həyata keçirilməsi, eləcə də tədarükə nəzarət, müqavilə müzakirələri və son seçimlər barədə ətraflı məlumat verilib. Həmçinin tədarükçülərin funksiyalarının optimallaşdırılması metodları ilə bağlı müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Oxşar xəbərlər

Dabaq və quş qripi xəstəliyi ilə bağlı bəzi məhdudiyyətlər tətbiq olunub
Küveyt Dövlətinin Əl-Cəhra əyalətində dabaq, Kamboca Krallığının Kratex əyalətində, Liberiya Respublikasının Bonq bölgəsində, Vyetnam Sosialist Respublikasının Nqhe An, Tiyen Gianq, Tuyen Quanq, Lonq An, Quanq Tri əyalətlərində, Polşa Respublikasının Pomorsk inzibati ərazisində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Bu barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (ÜHST) Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə rəsmi məlumatlar daxil olub. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, dabaq xəstəliyi baş vermiş təsərrüfatdan 10 km radiusda olan ərazilərdən cütdırnaqlı heyvanların, habelə onlara aid xammal və məhsulların idxalına və tranzit daşınmasına, quş qripi xəstəliyi baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən isə diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq, müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Quş qripi xəstəliyi ilə bağlı tətbiq olunan bəzi məhdudiyyətlər aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Koreya Respublikasının Collabuk-do, Qyeonqsanqbuk-Do, Ceollanam-Do, Qyeonqqi-Do əyalətlərində, Danimarka Krallığının Paytaxt, Cənubi Danimarka regionlarında, Çex Respublikasının Vısoçina, Moraviya–Sileziya, Ustetsk, Kraloveqradetsk, Zlin, Pardubitsk diyarlarında, Moldova Respublikasının Soroka, Floreşti, Ştefan-Voda, Drokiya, Rezina, Șoldaneștı, Rışkanı, Dubısаri, Edinet, Qlоdеni, Straşeni, Kахul, Оrхеy rayonlarında, Slovakiya Respublikasının Trnavsk, Bratislava diyarlarında, Mozambik Respublikasının İnyambane əyalətində, Almaniya Federativ Respublikasının Brandenburq, Hessen vilayətlərində, Polşa Respublikasının Opolsk inzibati ərazisində, Amerika Birləşmiş Ştatlarının Montana, Miçiqan, Delaver, Florida, Şimali Karolina, Virciniya ştatlarında qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan inzibati ərazi vahidlərində ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar, respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması məqsədilə həmin inzibati ərazi vahidlərinə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

“Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!” layihəsi çərçivəsində görüş keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən sağlam qidalanmanın təşviqi məqsədilə “Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!” layihəsi çərçivəsində "Expressbank" əməkdaşları üçün maarifləndirici təlim təşkil olunub. Görüş çərçivəsində AQTA-nın fəaliyyəti, istehlakçıların maarifləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verilib. Bildirilib ki, növbəti belə layihə “Sözdən əmələ keç, Sağlam qidalanmanı seç” layihəsidir. Layihənin məqsədi sağlam qidalanma vərdişlərinin formalaşdırılması, qida təhlükəsizliyi ilə bağlı ilkin biliklərin artırılmasıdır. Belə ki, layihə çərçivəsində “Necə sağlam qidalanaq?” sualından daha çox, “Niyə sağlam qidalanmalıyıq?” mövzusuna diqqət çəkilir. Görüş zamanı qeyd olunub ki, araşdırmalara əsasən, genetik meyillər, zərərli vərdişlər, fiziki hərəkətsizliklə yanaşı qeyri-sağlam qidalanmanın da qeyri-infeksion xəstəliklərin yaranmasına səbəb olur. Sağlam qidalanma isə qeyri-infeksion xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayan əsas amillərdən biri kimi elmi əsaslarla təsdiqlənib. Daha sonra Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) eksperti, həkim-dietoloq Tutu Zeynalova sağlam qidalanma mövzusunda təqdimatla çıxış edib. O, balanslı və düzgün qida rasionun tərtib olunmasının, eləcə də sağlam qidalanmaya əməl etməyin insan sağlamlığı üçün vacibliyini vurğulayıb. Mütəxəssis, eyni zamanda qida israfının qarşısının alınması məsələsinə də toxunub, bu sahədə beynəlxalq təcrübəni və ölkəmizdə tətbiq olunan yanaşmaları iştirakçıların diqqətinə çatdırıb. Sonda iştirakçıların sualları cavablandırılıb və sağlam qidalanma sahəsində aktual mövzular ətrafında interaktiv fikir mübadiləsi aparılıb. Qeyd edək ki, "Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!" layihəsi AQTA, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Nutrisiologiya və Diyetologiya Assosiasiyası (NÜDİA) ilə birgə reallaşdırılır. Layihənin əsas hədəfi həm sağlam, həm də təhlükəsiz qidalanmanı davamlı davranış modelinə çevirməkdir.