Yay mövsümündə havaların isti keçməsi qida məhsullarında bakteriya və digər mikroorqanizmlərin daha sürətlə çoxalmasına şərait yaradır. Bu cür şəraitdə isə qidalar daha tez xarab olur və zəhərlənmə riskinin artmasına səbəb olur. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalini qida təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır. Xüsusilə ət və ət məhsulları, süd və süd məhsulları, balıq, yumurta, mayonezli salatlar və kremli şirniyyatlar isti hava şəraitində daha tez xarab olan məhsullar sırasındadır. Bu səbəbdən həmin məhsulların saxlanma temperaturuna və yararlılıq müddətinə xüsusi diqqət yetirmək lazımdır. Vətəndaşlara qida məhsullarının qablaşdırılmasına, istehsal və son istifadə tarixlərinə baxmaq tövsiyə olunur. Eyni zamanda, hazır və çiy məhsulların xüsusi ayrı qabda saxlanılması, qidaların uyğun temperatur rejimində qorunması və şəxsi gigiyena qaydalarına riayət edilməsi qida mənşəli xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır. Xüsusilə açıq havada keçirilən tədbirlər, pikniklər və uzunmüddətli səfərlər zamanı tez xarab olan qidaların soyuq şəraitdə saxlanılması, günəş altında uzun müddət qalmasının qarşısının alınması xüsusilə vacibdir. Qida zəhərlənməsinin qarşısının alınması hər bir vətəndaşın diqqət və məsuliyyətindən asılıdır. Unutmayaq ki, təhlükəsiz qida sağlamlığın əsas şərtlərindən biridir. Daha ətraflı:
Mediada “Azəridad” əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında AQTA tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Vüqar Ramiz oğluna məxsus kolbasa və sosiska məhsullarının istehsalı müəssisəsində plandankənar yoxlama keçirilib. Yoxlama zamanı toyuq dərilərinin tükdən təmizlənmədən xammal kimi istifadə edildiyi, istifadə olunan bəzi xammalların müşayiətedici sənədlərinin olmadığı, məhsulların etiketlənməsi ilə bağlı tələblərin pozulduğu və istehlakçılara düzgün məlumat verilmədiyi müəyyən edilib. Həmçinin müəssisədə izlənmə sisteminin düzgün aparılmadığı, məhsulların saxlanması və istehsal prosesində qida təhlükəsizliyi tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş uyğunsuzluqlarla bağlı müəssisə rəhbərliyi barəsində inzibati tədbirlər görülüb, məhsullardan laborator müayinələr üçün nümunələr götürülüb, nöqsanlar aradan qaldırılanadək müəssisədə istehsalın dayandırılması və məhsul partiyasının satış şəbəklərindən geri çağırılması barədə qərar qəbul edilib.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsi, 2433-cü məhəllə, 9q ünvanında fəaliyyət göstərən fiziki şəxs Abbasov Həsən Tofiq oğluna məxsus su emalı müəssisəsində planlı yoxlama keçirib. Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulması faktları aşkarlanıb. Yoxlama zamanı müəssisədə texnoloji axın ardıcıllığı prinsipinə riayət olunmadığı, filtr sistemlərinin istismarı və texniki xidmətinə dair qeydiyyatın aparılmadığı, emal prosesində istifadə olunan su çənlərinin dezinfeksiya edilmədiyi müəyyən edilib. Bundan əlavə, “Suel” əmtəə nişanı altında qablaşdırılmış su məhsullarının etiketlənməsi zamanı qanunvericiliyin tələblərinin pozulduğu, suyun mənbəyi, istehsalçı məlumatları, istehsal və son istifadə tarixləri ilə bağlı istehlakçılara düzgün məlumat verilmədiyi aşkarlanıb. Müəssisədə emal olunan sulardan laborator müayinələr üçün nümunələr götürülüb. Aşkar edilmiş nöqsanlarla bağlı obyekt rəhbəri barəsində inzibati protokol tərtib olunub və uyğunsuzluqlar aradan qaldırılanadək müəssisənin fəaliyyətinin məhdudlaşdırılması barədə qərar qəbul edilib.
Bir heyvanın yeri, aldığı peyvəndlər və keçirdiyi xəstəliklər bir neçə saniyə ərzində müəyyən edilə bilər. Bu, heyvanların identifikasiyası və qeydiyyatı sistemi sayəsində mümkündür. Kənd təsərrüfatı heyvanlarının identifikasiyası qanunvericiliyin tələbidir və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi — AQTİS vasitəsilə həyata keçirilir. İdentifikasiya sistemi "Fermadan süfrəyə" prinsipi üzrə qida təhlükəsizliyi zəncirinin etibarlı fəaliyyətini təmin edir. Heyvan itirildikdə və ya oğurlandıqda identifikasiya sistemi heyvan sahibinin müəyyən edilməsinə və məlumatların hüquqi sübut kimi istifadə olunmasına imkan yaradır. Heyvanların identifikasiyası sadəcə nişanlama deyil. Bu, sağlam heyvanların, təhlükəsiz qidanın və etibarlı baytarlıq nəzarətinin əsas şərtidir. Daha ətraflı:
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) peşəkar mütəxəssisi tərəfindən “Qida sahəsində gigiyena tələbləri” mövzusunda keçirilən növbəti təlim zamanı qida ilə təmasda olan mütəxəssislərə qüvvədə olan qanunvericiliyin tələbləri izah edilib, bu qaydalara gündəlik fəaliyyət zamanı riayət etməyin vacibliyi xüsusi vurğulanıb. Qida zəncirinin bütün mərhələlərində yarana biləcək risklər və onların qarşısının alınması üsulları iştirakçıların diqqətinə çatdırılıb. Təlim zamanı xüsusilə şəxsi gigiyena qaydalarına əməl olunmasının qida təhlükəsizliyində həlledici rol oynadığı qeyd edilib. İnteraktiv formatda təşkil edilən təlimin sonunda mövzu ətrafında müzakirələr aparılıb, həmçinin iştirakçıların bilik və bacarıqları qiymətləndirilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) vətəndaşları sosial şəbəkələrdə sürətli arıqlama vəd edən mənşəyi şübhəli məhsullara qarşı diqqətli olmağa çağırır. Aparılan monitorinqlər zamanı sosial şəbəkələrdə reklam edilərək satılan bəzi çay, qəhvə və kapsul formasında bioloji aktiv qida məhsullarında insan sağlamlığı üçün təhlükəli və istifadəsi qadağan edilmiş sibutramin maddəsi aşkarlanıb. Bu maddə ciddi sağlamlıq riskləri yaratdığı üçün Azərbaycan Respublikasında qida məhsulları və dərman vasitələrində istifadəsi qadağandır. AQTA bildirir ki, sosial şəbəkələrdə anonim səhifələr vasitəsilə satılan məhsulların əksəriyyəti dövlət qeydiyyatından keçmir və onların tərkibi barədə istehlakçılara düzgün məlumat verilmir. Agentlik vətəndaşlara yalnız dövlət qeydiyyatından keçmiş məhsullardan istifadə etməyi, məhsulun mənşəyi və istehsalçısı barədə məlumatları yoxlamağı, arıqlama məqsədilə hər hansı vasitədən istifadə etməzdən əvvəl isə həkim və ya mütəxəssis məsləhəti almağı tövsiyə edir. Sağlam və davamlı çəki azaldılması balanslaşdırılmış qidalanma, fiziki aktivlik və tibbi nəzarət əsasında mümkündür. Daha ətraflı:
Yay mövsümündə təbiət qoynunda istirahət edənlərin sayı artır. Bu zaman düzgün qidalanma və qida təhlükəsizliyi qaydalarına riayət olunması sağlamlığın qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Mütəxəssislər açıq havada istirahət zamanı ağır, yağlı və həddindən artıq kalorili qidalardan uzaq durmağı tövsiyə edirlər. Onların əvəzinə tərəvəzlər, mövsümi meyvələr, yoğurt, zeytun yağı ilə hazırlanmış salatlar və tam taxıllı çörəklə hazırlanmış sendviçlər daha sağlam seçim hesab olunur. Şirniyyatlar, çipslər və yüksək duzlu qəlyanaltılar əvəzinə qurudulmuş meyvələr, təzə meyvələr və ya az miqdarda çərəzlərə üstünlük verilməsi tövsiyə olunur. Qoz, fındıq və badam kimi çərəzlər kiçik porsiyalarla istehlak edildikdə faydalı qəlyanaltı hesab edilir. Çiyələk, alma, gilas, qarpız, yemiş və digər mövsümi meyvələr isə həm vitamin və mineral ehtiyacının ödənilməsinə, həm də orqanizmin maye balansının qorunmasına dəstək olur. İsti havalarda qidaların daha tez xarab olmasını nəzərə alaraq, onların düzgün saxlanılmasına xüsusi diqqət yetirilməlidir. Ət, toyuq, balıq, yumurta, süd məhsulları və mayonez tərkibli salatlar portativ soyuducularda və ya soyuducu çantalarda saxlanılmalıdır. Tez xarab olan qidalar uzun müddət günəş altında və otaq temperaturunda qalmamalıdır. Açıq havada yemək hazırlanarkən istifadə olunan qab-qacaq və mətbəx ləvazimatlarının təmizliyinə diqqət yetirilməli, çiy və bişmiş qidalar ayrı-ayrı qab və konteynerlərdə saxlanılmalıdır. Həmçinin, istirahət zamanı kifayət qədər su qəbul etmək vacibdir. Şəkərli və qazlı içkilərin həddindən artıq istehlakı tövsiyə olunmur, çünki bu içkilər orqanizmdə maye itkisini artıra bilər. Qida təhlükəsizliyi qaydalarına riayət edilməsi qida mənşəli infeksiyaların və zəhərlənmələrin qarşısının alınmasına kömək edir. Ətraflı:
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Qəbələ rayonunda fəaliyyət göstərən Qəbələ Konserv Zavodunda olub. Agentlik sədri istehsal sahələrinə baxış keçirib, xammalın qəbulu, emalı, istehsalat laboratoriyası, qablaşdırılması və saxlanılması mərhələləri ilə yaxından tanış olub, xammalın və hazır məhsulların keyfiyyət və təhlükəsizlik göstəricilərinin yoxlanılması prosesini izləyib. AQTA sədri ölkədə qida sənayesinin inkişafı, yerli istehsalın təşviqi və istehlakçıların təhlükəsiz qida məhsulları ilə təmin olunması baxımından emal müəssisələrinin fəaliyyətinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı heyvanlarının sağlamlığının qorunması, epizootoloji vəziyyətin qiymətləndirilməsi və bioloji təhlükəsizliyin təmin olunması məqsədilə kompleks tədbirlər davam etdirilir. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) tələblərinə uyğun olaraq, ölkənin xüsusi təhlükəli heyvan xəstəliklərindən azad statusunun qorunması, dabaq və quduzluq kimi transsərhəd heyvan xəstəlikləri üzrə epizootoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə, “Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı”na və 2026-cı il üzrə epizootiya əleyhinə Tədbirlər Planına əsasən, 2026-cı ilin 13-17 və 20-24 iyul tarixlərində işğaldan azad edilmiş ərazilərdə monitorinqlər keçiriləcək. Monitorinqlər çərçivəsində fermer təsərrüfatlarında saxlanılan iri və xırdabuynuzlu heyvanlara klinik baxış keçiriləcək, laborator müayinələrin aparılması məqsədilə hər növ üzrə 6-12 və 12-24 ay yaş qruplarına aid (son 4 ay ərzində brusellyoz xəstəliyinə qarşı peyvənd olunmamış) heyvanlardan diaqnostik nümunələr götürüləcək. Bununla yanaşı, arı ailələri və atlardan da müvafiq nümunələrin götürülməsi həyata keçiriləcək. Tədbirlər zamanı təsərrüfatlarda baytarlıq norma və qaydalarına əməl olunması ilə bağlı maarifləndirmə tədbirləri keçiriləcək, epizootoloji vəziyyətə dair məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin, həmçinin işğaldan azad edilmiş rayonların Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinin mütəxəssisləri iştirak edəcəklər. Götürülən diaqnostik nümunələr İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinələrə cəlb olunacaq. Monitorinqlər çərçivəsində əldə olunan epizootoloji vəziyyət və nümunələr barədə məlumatlar "Epicollect 5" proqramına daxil ediləcək. Həyata keçirilən tədbirlər işğaldan azad edilmiş ərazilərdə müasir baytarlıq xidmətlərinin təşkili, heyvanların identikləşdirilməsi, xəstəliklərdən azad zonaların yaradılması və heyvandarlığın inkişafının təmin edilməsinə mühüm töhfə verəcək.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı şəhəri, M.C.Talışxanov küçəsində fəaliyyət göstərən, Quliyeva Şəfa Nəcəfqulu qızına məxsus topdansatış anbarında plandankənar yoxlama keçirib. Baxış zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, anbarda “Stoliçnaya”, “Sevryuga” və “Organic Vodka” əmtəə nişanlı mənşəyi məlum olmayan saxta alkoqollu içkilər aşkar edilərək satışdan kənarlaşdırılıb, məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati protokol tərtib edilib və nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırma davam etdirilir.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (Rosselxoznadzor) rəhbəri Sergey Dankvert arasında Rusiya tərəfinin təşəbbüsü ilə telefon danışığı olub. Söhbət zamanı tərəflər baytarlıq və fitosanitar nəzarəti sahəsində iki ölkə arasında əməkdaşlığı müzakirə ediblər. Müzakirədə kənd təsərrüfatı məhsullarının qarşılıqlı tədarükü, ixrac prosedurlarının sürətləndirilməsi, Rusiyadan Azərbaycana ixrac olunan iri və xırdabuynuzlu heyvanların identifikasiyası diqqət mərkəzində olub. Bununla yanaşı, baytarlıq sahəsində informasiya sistemlərinin inteqrasiyası ilə bağlı məsələlər nəzərdən keçirilib. Bildirilib ki, fitosanitar istiqamət üzrə inteqrasiya prosesi artıq uğurla başa çatdırılıb. Telefon danışığı zamanı baytarlıq preparatlarının hazırlanması və istehsalı sahəsində əməkdaşlıq imkanları da müzakirə olunub. Bu istiqamətdə Rusiya təcrübəsinin öyrənilməsi məqsədilə yaxın zamanda AQTA nümayəndələrinin Rusiyaya səfəri barədə razılıq əldə olunub.
Zoonoz xəstəliklər, yəni heyvanlardan insanlara keçə bilən infeksiyalar bu gün qlobal ictimai sağlamlıq üçün ən böyük risklərdən biri sayılır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) məlumatına görə, insanlarda müşahidə olunan yoluxucu xəstəliklərin təxminən 60%-i, həmçinin yeni yaranan və ya təkrar ortaya çıxan infeksiyaların 75%-i zoonoz mənşəlidir. Bu xəstəliklər təkcə insanlara deyil, həm də heyvanların sağlamlığına və kənd təsərrüfatı məhsuldarlığına ciddi zərbə vurur, iqtisadi itkilərə və ticarət məhdudiyyətlərinə səbəb olur. Ən çox yayılmış zoonoz xəstəliklər Beynəlxalq məlumatlara əsasən, həm insanlarda, həm də heyvanlarda aşağıdakı zoonoz xəstəliklər daha geniş yayılıb: • Bakterial mənşəli xəstəliklər (qarayara, bruselyoz, vərəm, salmonellyoz, kampilobakterioz, listerioz, leptospiroz); • Virus mənşəli xəstəliklər (quduzluq, quş qripi, Qərbi Nil qızdırması, COVID-19, Ebola); • Parazitar xəstəliklər (exinokokkoz, trixenellyoz, toksoplazmoz); • Göbələk mənşəli xəstəliklər (dermatomikoz, kandidoz və s.). Bu xəstəliklərə iri və xırdabuynuzlu heyvanlar, quşlar, it və pişiklər, həmçinin vəhşi heyvanlar arasında rast gəlinir. Xüsusilə qarayara və bruselyoz həm insanlar, həm də heyvanlar üçün yüksək risk daşıyır. Yoluxma yolları Zoonoz infeksiyalar müxtəlif yollarla yayıla bilər: • xəstə heyvanla birbaşa təmasla; • çirklənmiş qida və su vasitəsilə; • hava-damcı (aerogen) yolu ilə; • gənə, ağcaqanad kimi həşəratlar vasitəsilə. Ət və süd məhsullarının düzgün emal olunmaması, az bişmiş qidanın qəbulu və təsərrüfatlarda gigiyenik qaydalara əməl edilməməsi də insan yoluxmasının əsas səbəblərindəndir. Heyvan təsərrüfatlarında risklər və nəticələr Zoonoz xəstəliklər heyvanlar arasında yayıldıqda məhsuldarlıq azalır, tələf halları artır, ixrac məhdudiyyətləri yaranır. Məsələn, Avropa və ABŞ-da aparılan iqtisadi təhlillərə görə, yalnız qarayara və bruselyoz xəstəlikləri kənd təsərrüfatı sektoruna hər il milyonlarla dollar zərər vurur. Ekspertlər hesab edirlər ki, zoonoz xəstəliklərlə effektiv mübarizə yalnız “Vahid Sağlamlıq” (One Health) prinsipi əsasında mümkündür. Bu yanaşma insan, heyvan və ətraf mühit sağlamlığının bir-biri ilə sıx bağlı olduğunu qəbul edir və bütün sahələrdə koordinasiyalı tədbirlər tələb edir. Profilaktik tədbirlər sırasında heyvanların vaxtında peyvəndlənməsi, biotəhlükəsizlik qaydalarına əməl olunması, qida təhlükəsizliyinə nəzarət, ictimai maarifləndirmə kampaniyaları xüsusi əhəmiyyət daşıyır. Zoonoz xəstəliklərə qarşı mübarizə yalnız baytarlıq deyil, həm də ictimai sağlamlıq məsələsidir. İnsan və heyvan sağlamlığı bir-birindən ayrılmazdır!
Giriş