
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri Bakıda təşkil olunacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı xidmət göstərəcək otel və mehmanxana əməkdaşları üçün təlimlər keçirir. "Qida təhlükəsizliyi" mövzusunda təlimlər COP29-a hazırlıqla əlaqədar Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən tİştirakçılara “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Qanundan irəli gələn tələblər, həmçinin tədbir zamanı qonaqlara yüksək səviyyədə və təhlükəsiz xidmətlərin göstərilməsinin təmin olunması ilə bağlı ətraflı məlumat verilir. Onlar müəssisələrdə qida məhsullarının qəbulu, emalı, saxlanması, daşınması zamanı gigiyena qaydalarının tətbiqi, eləcə də təhlükəli amillər, çirklənmə növləri, qida məhsulları ilə təmasda olan bütün alət və avadanlıqların təmiz saxlanılması və dezinfeksiya edilməsi, şəxsi gigiyena qaydaları və digər məsələlər barədə məlumatlandırılır. Eyni zamanda mövzu ilə bağlı müzakirələr aparılır, iştirakçıların sualları cavablandırılır.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə Heyətinin sədrinin müşaviri Hüseyn Məmmədov və İnstitutun Keyfiyyətə nəzarət departamentinin müdiri Vüqar İsmayılzadə Türkiyənin Halal Akkreditasiya Qurumunda (HAK) olub. Səfər zamanı AQTİ-nin nümayəndə heyəti HAK-ın İdarə Heyətinin sədri Zafer Soylu və HAK-ın digər məsul şəxsləri ilə görüşüb. Görüşdə Z. Soylu AQTİ-ni beynəlxalq sertifikata yiyələnmə münasibəti ilə təbrik edib. Daha sonra beynəlxalq akkreditasiya tələblərinə cavab verən “HALAL” uyğunluq sertifikatı təqdim olunub. Bildirilib ki, akkreditasiya prosesi İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMIIC) “OIC/SMIIC 2:2019 Uyğunluğun qiymətləndirilməsi - “HALAL” sertifikatlaşmanı həyata keçirən orqanlar üçün tələblər” standartının əsasında həyata keçirilib. Görüş zamanı halal sertifikatlaşdırma prosesi ilə bağlı tərəflər arasında fikir mübadiləsi aparılıb, qarışılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər. Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli oktyabrın 21-də Qusar Rayon Heydər Əliyev Mərkəzində Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarından olan vətəndaşları qəbul edib. Qəbuldan öncə Agentliyin sədri Qoşqar Təhməzli və Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. AQTA-nın məsul əməkdaşlarının iştirakı ilə keçirilmiş qəbula gələn vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər araşdırılması üçün nəzarətə götürülüb. Qəbul zamanı qida sahəsində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşların müraciətlərinə də baxılıb. Agentliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Daxil olan müraciət əsasında Masallı rayonu, Təklə kəndində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Qasım Nəsir oğluna məxsus “Muğan” kafesində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, qida obyektinin sanitar-gigiyenik tələblərə cavab vermədən fəaliyyət göstərdiyi, temperatur rejiminə əməl olunmadığı, döşəmə, tavan və divar səthlərinin təmirsiz olduğu, qida məhsulları ilə təmasda olan səthlərin hamar, yuyula bilən və korroziyaya davamlı materialla üzlənmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı, pəncərələrin qoruyucu tor örtüklə təmin edilmədiyi, işçi heyətin tibbi müayinədən keçmədiyi aşkarlanıb. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək kafenin fəaliyyəti məhdudlaşdırılıb, sahibkar barəsində inzibati protokol tərtib edilib.

Daxil olan müraciət əsasında Lənkəran şəhəri, H.Aslanov küçəsində yerləşən, fiziki şəxs Cəfərov Rəvan İlham oğluna məxsus “Avtoş” dönərxanasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Baxış zamanı ictimai iaşə obyektinin normativ tələblər çərçivəsində fəaliyyət göstərmədiyi məlum olub. Belə ki, məhsulların müvafiq temperaturda saxlanması və emalı üçün şəraitin təmin edilmədiyi, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, qida məhsulları ilə təmasda olan səthlərin normativ tələblərə uyğun olmadığı, havalandırma sisteminin quraşdırılmadığı, sanitar qovşağın və əl yuma çanaqlarının mövcud olmadığı, işçinin şəxsi gigiyena qaydalarına əməl etmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib edilib və dönərxananın fəaliyyəti məhdudlaşdırılıb.

Ölkə ərazisində mövcud olan iri və xırdabuynuzlu heyvanların və atların müvafiq təlimata uyğun olaraq identikləşdirilməsinin təmin edilməsi və bu məlumatların Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminə (AQTİS) daxil edilməsi, heyvanların identifikasiyası və qeydiyyat sisteminin ölkə ərazisində mərhələli şəkildə həyata keçirilməsi üzrə Dövlət Proqramından irəli gələn digər məsələlərin qısa müddət ərzində həlli ilə bağlı növbəti müşavirə Bərdə rayonunda keçirilib. Tədbirdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA), Kənd Təsərrüfatı Nazirliyinin (KTN), Bərdə Rayon İcra Hakimiyyətinin, KTN yanında Aqrar Xidmətlər Agentliyinin, Aqrar Sığorta Fondunun və Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələri iştirak edib. Müşavirədə heyvanların identifikasiya olunmasının əhəmiyyəti barədə görüş iştirakçılarına geniş məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi və bu məqsədlə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması Qaydaları”na əsasən, heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət etmək məqsədilə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması məcburidir. İdentikləşdirmə işlərinin aparılması üçün heyvanlar fərdi qaydada birkalanmalı (nişanlanmalı) və bunun üçün AQTA tərəfindən müəyyən edilmiş xüsusi tanınma nömrəsindən istifadə olunmalıdır. Eyni zamanda vurğulanıb ki, Qaydalara əsasən, heyvanların identikləşdirilməsi Agentlik tərəfindən AQTİS vasitəsilə həyata keçirilir. Bu sistem vasitəsilə heyvanın sahibi, heyvandarlıq təsərrüfatları, habelə hər bir heyvana dair fərdi məlumatların formalaşdırılaraq idarə edilməsi mümkündür. AQTİS heyvanların ölkəyə idxal edilməsi, daşınması, həmçinin heyvanlar üzərində aparılan baytarlıq tədbirlərinin, laboratoriya müayinələrinin və xüsusi təhlükəli xəstəliklərə görə qoyulan karantin tədbirlərinin və digər prosedurların idarə olunmasının elektron platforma üzərindən həyata keçirilməsinə imkan verir.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) Türkiyə Respublikasının Halal Akkreditasiya Qurumu (HAK) tərəfindən akkreditasiya olunub. Bununla da, İnstitut beynəlxalq akkreditasiya tələblərinə cavab verən “HALAL” uyğunluq sertifikatını təqdim etmək hüququna sahib olub. Akkreditasiya prosesi İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMIIC) “OIC/SMIIC 2:2019 Uyğunluğun qiymətləndirilməsi - “HALAL” sertifikatlaşmanı həyata keçirən orqanlar üçün tələblər” standartının əsasında həyata keçirilib. “HALAL” uyğunluq sertifikatlaşması qida məhsullarının İslam hüququna uyğun istehsalını və istehlaka hazır olduğunu göstərən xidmət növüdür. Bu xidmət məhsulların müvafiq standart və şərtlər əsasında istehsal edildiyini və etibarlı şəkildə istehlak olunmasını təmin edir. AQTİ tərəfindən uyğunluq sertifikatının təqdim olunması prosesi 4 mərhələdə həyata keçirilir. İlk mərhələdə müştəri tərəfindən www.afsi.gov.az veb səhifəsində göstərilən müraciət forması və ərizə dolduraraq halal@afsi.gov.az elektron poçt ünvanına göndərilir. Sonra İnstitutda daxil olan müraciət yoxlanılır, müştəriyə qiymət təklifi və müqavilə göndərilir. Ardınca müştərinin obyektinin halal qaydalara uyğunluğu və həmin müəssisənin qida təhlükəsizliyi idarəetmə sistemi qiymətləndirilir. Sonda qiymətləndirmə prosseslərinin nəticəsinə əsasən, obyekt tələblərə cavab verdiyi təqdirdə, Sertifikatlaşma komitəsi tərəfindən etibarlılıq müddəti 3 il olan “HALAL” uyğunluq sertifikatı təqdim edilir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir. 2024-cü il 14-17 oktyabr tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Abşeron, Goranboy rayonlarında fəaliyyət göstərən 26 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb. Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati xəta haqqında protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Bolqarıstan Respublikasının Stara Zaqora vilayətində xırdabuynuzlu heyvanların çiçək, Çin Xalq Respublikasının Daxili Monqolustan muxtar regionunda dabaq, Macarıstanın Feyer bölgəsində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Stara Zaqora vilayətində xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən diri xırdabuynuzlu heyvanların, onlara aid məhsullar və xammalın, o cümlədən genetik materialların idxalına, Daxili Monqolustan muxtar regionunda xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən çütdırnaqlı heyvanların (iri və xırdabuynuzlu heyvanlar, donuz, dəvə və s.), habelə onlara aid xammal və məhsulların idxalına və tranzit daşınmasına, Feyer bölgəsində xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.

Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən, fiziki şəxs Əhədov Zakir Vahab oğluna məxsus iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı sahibkarlıq fəaliyyətinə dair müvafiq tələblərin pozulduğu müəyyən olunub. Belə ki, iaşə obyektinin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, qida məhsulları ilə təmasda olan səthlərin, eləcə də döşəmə, divar və tavanın asan yuyulub təmizlənə bilən gigiyenik materialla üzlənmədiyi, əlyuma çanağının yuyucu maddə və gigiyenik qurutma vasitəsi ilə təmin edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, mütəmadi olaraq müvafiq təmizlik işlərinin aparılmadığı, işçinin tibbi müayinəyə cəlb edilmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.

Qida Təhlükəsizliyi Agentliyi istehlak bazarına nəzarət məqsədilə qida obyektlərində müntəzəm olaraq monitorinqlər həyata keçirir. Monitorinq zamanı Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti və 28 May küçəsinin kəsişməsində yerləşən, fiziki şəxs Əliyeva Zenfira Əmir Əli qızına məxsus “Sarı Sünbül” iaşə obyektinin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi və bir sıra nöqsanlar məlum olub. Belə ki, iaşə obyektində qida məhsullarının saxlanma rejiminə riayət edilmədiyi, təmizlik vasitələrinin emal sahəsində saxlandığı, soyuducu və dondurucu avadanlığın nasaz vəziyyətdə olduğu, soba və tavaların paslandığı və uzun müddət ərzində təmizlənmədiyi, qida məhsulları, avadanlıqlar və əllərin yuyulması prosesinin antisanitar vəziyyətdə olan birgözlü yuma çanağında həyata keçirildiyi, xəmirqarışdıran qurğunun və bişirmə sobalarının korroziyaya uğradığı, səthlərin asan yuyulub təmizlənə bilən materialla üzlənmədiyi, ağzıaçıq tullantı qabından istifadə edildiyi, kanalizasiya xətlərinin mərkəzləşdirilmiş kanalizasiya sisteminə qoşulmadığı, havalandırma sisteminin quraşdırılmadığı, işçi heyətin fərdi mühafizə vasitələri və xüsusi iş geyimindən istifadə etmədiyi, mütəmadi olaraq müvafiq təmizlik işlərinin aparılmadığı və sair nöqsanlar müəyyən edilib, soyuducu və dondurucu avadanlıqlarda bir sıra mənşəyi məlum olmayan qida məhsulları aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun olaraq iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb.

Heyvan sağlamlığı sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Həmçinin laboratoriyalarda qabaqcıl texnologiyaların tətbiqi, səriştəliliyin artırılması üçün kadrların təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı təmin edilir. Həyata keçirilən tədbirlər çərçivəsində AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyası (MBL) və Göygöl Regional Sınaq Laboratoriyası (GRSL) Rusiyanın Heyvan Sağlamlığı üzrə Federal Mərkəzi və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Dabaq Xəstəliyi üzrə Referens Laboratoriyası tərəfindən təşkil olunan beynəlxalq laboratoriyalararası səriştəlilik sınağına qatılıb. MBL və GRSL dabaq xəstəliyinin A, O, ASİA-1, SAT-1 və SAT-2 tiplərinin ELISA müayinə metodu ilə təyini üzrə keçirilən sınaqda uğurlu nəticə əldə edib.