Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
“SushiNano” suşi emalı müəssisəsinin fəaliyyəti müvəqqəti dayandırılıb
“SushiNano” suşi emalı müəssisəsinin fəaliyyəti müvəqqəti dayandırılıb

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospektində fəaliyyət göstərən fiziki şəxs Əsgərov Fərid Əsgər oğluna məxsus “SushiNano” suşi emalı müəssisəsində plandankənar yoxlama keçirilib.  Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların və sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulması halları müəyyən edilib.    Qida obyektinin qida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi aşkarlanıb. Həmçinin texnoloji ardıcıllıq prinsiplərinə riayət edilmir, havalandırma sistemi quraşdırılmayıb.  Bundan başqa, müəssisədə qida məhsullarının, alət və ləvazimatların yuyulması üçün ayrıca yuma çanaqları mövcud deyil, mütəmadi dezinfeksiya işləri aparılmır, soyuducu təmizlənmir, rəflərdə korroziya əlamətləri müşahidə olunub. Xammalın saxlanması zamanı temperatur rejiminə əməl edilmədiyi və qanunvericiliyin tələblərinə uyğun markalanması olmayan məhsullardan istifadə edildiyi də müəyyənləşdirilib. Aşkar edilən uyğunsuzluqlarla bağlı obyektin rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub və nöqsanlar aradan qaldırılanadək müəssisədə istehsal dayandırılıb.

“Ucar Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda yoxlama keçirilib - VİDEO
“Ucar Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda yoxlama keçirilib - VİDEO

Ucar rayonu, 28 May küçəsində fəaliyyət göstərən, “Ucar Ticarət Mərkəzi” MMC-yə məxsus qida məhsullarının satışı bazarında bir sıra nöqsanlar aşkarlanıb. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının ticarət mərkəzində keçirdiyi yoxlama zamanı bazarda və bazar ərazisində yerləşən ictimai iaşə obyektlərində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Belə ki, bazarda balıq, süd və süd məhsulları sanitar norma və qaydalara, gigiyena normativlərinə riayət edilmədən satışa çıxarılır, ictimai iaşə obyektlərində sanitar-gigiyenik tələblər gözlənilmir. Diri balıqların saxlanması və satışı, həmçinin məhsulların təmizlənməsi üçün müvafiq şərait yaradılmayıb, balıqlar sanitar-gigiyenik qaydalar gözlənilmədən birbaşa satış sahəsində təmizlənir və soyuducuda saxlanılmır. Süd və süd məhsulları sanitar-gigiyenik tələblərə və temperatur rejiminə riayət edilmədən açıq şəraitdə saxlanılır. Baxış zamanı qida ilə təmasda olan şəxslərin ilkin və dövri tibbi müayinədən keçmədiyi aşkarlanıb, həmçinin balıq, süd və süd məhsullarının müşayiətedici baytarlıq sənədləri (ekpertiza aktı, baytarlıq arayışı və s.) yoxlamaya təqdim edilməyib. İctimai iaşə obyektlərində də sanitar-texniki və sanitar-gigiyenik tələblər pozulub. Belə ki, əsas və yardımçı sahələrdə müvafiq təmizlik işlərinin aparılmadığı, qida məhsullarının hazırlanması, ləvazimatların yuyulması zamanı sanitar-gigiyenik qaydaların gözlənilmədiyi və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı bazarın rəhbəri barəsində inzibati protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilib, nöqsanlar aradan qaldırılanadək balıq, süd və süd məhsullarının satışı sahələrinin və ictimai iaşə obyektlərinin fəaliyyəti məhdudlaşdırılıb. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:

AQTA arıqlamaq üçün istifadə olunan çay və qəhvələrlə bağlı istehlakçılara çağırış edib
AQTA arıqlamaq üçün istifadə olunan çay və qəhvələrlə bağlı istehlakçılara çağırış edib

Son dövrlərdə müxtəlif sosial şəbəkə platformalarında arıqlama məqsədilə təqdim olunan çay və qəhvə məhsullarının istifadəsi geniş yayılıb. Qısa müddətdə çəki itkisi vəd edən, “yağ yandırıcı”, “metabolizmanı sürətləndirən” kimi ifadələrlə təşviq olunan bu məhsulların reklamı intensiv xarakter alıb. “Qida təhlükəsizliyi haqqında” Qanunun 17.2.3-cü və 17.2.5-ci yarımbəndlərinə əsasən, qida məhsullarının etiketində və ya reklamında həmin məhsula xas olmayan təsir və ya xüsusiyyətlər göstərilməməli, həmçinin onların insan xəstəliklərinin qarşısını alması və ya müalicəvi xüsusiyyətlərə malik olması barədə iddialar irəli sürülməməlidir. Arıqladıcı və ya kökəlməyə yardım edən dərman vasitələri mövcud ola bilər, lakin belə məhsullar müvafiq qaydada dövlət qeydiyyatına alınmalı və “Dərman vasitələri haqqında” Qanunun tələblərinə uyğun olaraq dövriyyəyə buraxılmalıdır. İstehlakçıların tərkibi bəlli olmayan, şübhəli mənbələrdən, xüsusilə sosial şəbəkələr və digər elektron ticarət platformaları vasitəsilə qeyri-rəsmi qaydada təklif olunan məhsulların əldə edilməsi və istifadəsi məqsədəuyğun hesab edilmir.  Çəkinin azaldılması və ya artırılması məqsədilə hər hansı məhsulun istifadəsi yalnız həkim məsləhəti əsasında həyata keçirilməlidir. Sağlam və balanslaşdırılmış qidalanma prinsipləri, eləcə də müntəzəm fiziki aktivlik əsas prioritet kimi nəzərə alınmalıdır. Daha ətraflı məlumatı videolinkdən əldə edə bilərsiniz:

Heyvan yemlərində aflatoksinin olması təhlükəlidir
Heyvan yemlərində aflatoksinin olması təhlükəlidir

Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən yem istehsalçıları və idxalçılarının məlumatlandırılması məqsədilə görüş keçirilib. Görüş zamanı heyvan yemlərinin aflatoksin B1 ilə çirklənməsinin qida təhlükəsizliyi sahəsində ciddi problem yaratdığı bildirilib. Belə halların yaranması əsasən yemlərin düzgün saxlanmaması, yüksək rütubət və temperatur şəraitində kiflənməsi ilə bağlıdır. Problemin qarşısının alınması üçün bu sahədə fəaliyyət göstərən sahibkarlar tərəfindən yemlərin istehsalı, daşınması və saxlanması mərhələlərində gigiyenik tələblərə ciddi riayət edilməlidir.  Agentlik tərəfindən hazırlanan “Yem məhsullarında aflatoksin B1 miqdarının azaldılmasına dair metodiki göstəriş” görüş iştirakçılarına təqdim olunub, sənədin əsas müddəaları barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, son dövrlərdə süddə aşkar edilən uyğunsuzluqların əsas səbəbi heyvan yemlərinin aflatoksin B1 ilə çirklənməsidir. Aflatoksin B1 əsasən kif göbələkləri tərəfindən istehsal olunan və yem məhsullarında yaranan toksindir. Yüksək dozada aflatoksinə məruz qalma adətən, qarın ağrıları, sarılıq, hepatit kimi simptomlarla müşahidə olunan aflatoksikoza səbəb ola bilər. Bu isə qaraciyərə ciddi zərər vuraraq insan sağlamlığı üçün həyati təhlükə yaradır. Sonda iştirakçıların sualları cavablandırılıb.

Onlayn Xidmət Sertifikatın yoxlanılması
Video
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib

AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib