Azərbaycan Çinin qida təhlükəsizliyi sahəsində təşəbbüsü olan platformaya qoşulub
15 Oktyabr 2025 17:46
Çin Xalq Respublikasının Şanxay şəhərində bu ölkənin Baş Gömrük Administrasiyasının təşkilatçılığı ilə "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində İdxal və İxracda Qida Təhlükəsizliyi sahəsində Əməkdaşlığa dair Konfrans işə başlayıb. 50 ölkənin nümayəndə heyətinin təmsil olunduğu konfransda Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Məmmədrəhim Nəcəfov və sədrin müşaviri Elxan Mikayılov iştirak edir. İki gün davam edəcək tədbirin əsas məqsədi "Bir kəmər, bir yol" təşəbbüsündə iştirak edən ölkələr arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın qurulmasıdır.
Tədbir çərçivəsində "Bir kəmər, bir yol" təşəbbüsünə daxil olan ölkələr üçün “İdxal və İxracda Qida Təhlükəsizliyi üzrə Əməkdaşlıq Mexanizminin Fəaliyyət Şərtləri” sənədi imzalanıb. Bu sənədlə Azərbaycan, Çinin təşəbbüsü ilə yaradılmış platformaya rəsmi olaraq qoşulub. Sözügedən platforma vasitəsilə iki ölkə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açılıb. Sənədin məqsədi qida təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirmək, idarəetmə və tənzimləmə mexanizmlərinin qarşılıqlı anlaşılmasını təmin etmək, beynəlxalq qaydaların təkmilləşdirilməsini, həmçinin idxal və ixrac proseslərində qida təhlükəsizliyi risklərinin birgə aradan qaldırılmasını təşviq etməkdir.
Bu təşəbbüs, “Bir kəmər, bir yol” ölkələri arasında qarşılıqlı etimad, fayda və innovasiya prinsiplərinə əsaslanan əməkdaşlıq platformasının qurulmasına xidmət edir və qida təhlükəsizliyi üzrə effektiv informasiya mübadiləsi, fövqəladə hallara birgə reaksiya və qida ticarətinin təhlükəsiz inkişafını dəstəkləyir.
Oxşar xəbərlər
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
AQTA sədri Yunanıstanın Azərbaycandakı səfiri ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Maria Papakonstantinu ilə görüşüb. Görüş zamanı Q.Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə səfiri məlumatlandırıb. İki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın gücləndirilməsi, o cümlədən qida məhsullarının dövriyyəsinin genişləndirilməsi müzakirə olunub, idxal və ixrac üzrə statistik göstəricilər nəzərdən keçirilib. Sonda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Qax rayonunda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər zamanı Qax rayonunun Qaradolaq, Qındırğa və Alatəmir kəndlərində sakinlərlə görüşlər keçirilib. Sakinlərə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə, xüsusilə meyvə və digər bitkilərə vurduğu zərər, məhsul itkisinə səbəb ola bilən amillər, eləcə də zərərvericiyə qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda havaların soyuması və zərərvericinin mövsümi inkişaf xüsusiyyətləri ilə əlaqədar qışlama yerlərinə doğru kütləvi miqrasiyası müşahidə olunur. Payız-qış dövründə ən səmərəli və təhlükəsiz yanaşmalardan biri zərərvericinin mexaniki üsulla (əl ilə, süpürgə və ya tozsoran vasitəsilə) toplanaraq məhv edilməsidir. Bu tədbirlərin vaxtında və kütləvi şəkildə həyata keçirilməsi növbəti vegetasiya dövründə zərərvericinin sayının və yayılma ehtimalının azaldılmasında mühüm əhəmiyyət daşıyır. Tədbirlərdə kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, praktiki tövsiyələr verilib, maarifləndirici bukletlər paylanılıb. İctimai yerlərdə isə zərərverici ilə mübarizəyə dair məlumatlandırıcı posterlər yerləşdirilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş