Azərbaycanda ilk dəfə olaraq Səyyar Fitosanitar Laboratoriya fəaliyyətə başlayıb
9 Fevral 2024 17:12
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) ilk dəfə olaraq fitosanitar sahədə fəaliyyət göstərəcək yeni Çadır tipli Səyyar Fitosanitar Laboratoriya işə başlayıb.
Fitosanitar sahədə nəzarətin daha da gücləndirilməsi və işin səmərəli təşkili məqsədilə səyyar laboratoriyada bitkilərə ziyan vuran həşərat və gənələr, fitopatogen nematodlar, alaq otları və onların toxumları, göbələk, virus və bakteriya xəstəliklərinin müayinələrinin aparılması üçün hər cür şərait yaradılıb. Səyyar laboratoriyanın üstünlüyü onun respublikanın ən ucqar ərazilərində belə rahatlıqla qısa müddətdə qurulmaqla fəaliyyətə tam hazır olmasıdır. Laboratoriya bilavasitə xəstəlik ocağında qısa müddət ərzində quraşdırılmaqla xüsusi təyinatlı müayinələrin aparılmasına imkan verir. Bu isə müayinələrin vaxtında və yerində aparılması, diaqnostikanın operativliyinin təmin edilməsi üçün çox əhəmiyyətlidir.
Eyni zamanda Çadır tipli Səyyar Fitosanitar Laboratoriya regionlarda aparılan monitorinqlər zamanı bitki və bitkiçilik məhsullarında mövcud olan zərərverici və xəstəliklərin qısa müddətdə aşkarlanmasına imkan yaradır. Belə ki, respublikanın hər hansı ərazisində bitkilərdə karantin tətbiq edilən zərərverici və xəstəliklərin böhran vəziyyəti yaranarsa, bu ərazilərdə monitorinqin aparılması, nümunələrin çöl şəraitində səyyar laboratoriyada diaqnostikası mümkün olacaq. Eləcə də laboratoriyanın fəaliyyəti regionlarda müxtəlif zərərli orqanizmlərin yayılması riski olduğu halda, qısa müddət ərzində xəstəliklərin aşkarlanmasına imkan yaradır ki, bu da yüksək hazırlıq səviyyəsi hesab edilir. Bunun üçün laboratoriyada yüksək ixtisaslı mütəxəssislər fəaliyyət göstərir.
Həmçinin səyyar laboratoriya kifayət qədər nümunə üzərində sınaqların həyata keçirilməsinə imkan verir. Aparılan müayinələr növündən asılı olaraq, bir neçə dəqiqədən bir neçə saata qədər yekunlaşa bilir. Laboratoriyada bir istiqamətli iş axını təmin edilib. Müayinələr morfoloji, klassik mikrobioloji və molekulyar səviyyədə həyata keçirilə bilir. Laboratoriya yüksək keyfiyyətli stereo və bioloji düz mikroskopla, molekulyar müayinənin aparılması üçün real zamanda PZR cihazı, çadır isə fasiləsiz enerji təchizatı (UPS) ilə təmin olunub.
Qeyd edək ki, çadır tipli Səyyar Fitosanitar Laboratoriyanın fəaliyyətə başlaması ilə AQTİ-nin bu tipli laboratoriyalarının sayı 4-ə çatıb. Bunlardan üçü 2+ biotəhlükəsizlik səviyyəli Səyyar Baytarlıq Laboratoriyası, digəri isə yeni fəaliyyətə başlayan Səyyar Fitosanitar Laboratoriyadır.
Onu da bildirək ki, fitosanitar laboratoriyalarda aparılan müayinələr kənd təsərrüfatı məhsullarını və ətraf mühiti zərərverici və bitki xəstəlik törədicilərindən qorumağa kömək edir.
Oxşar xəbərlər
Zaqatalada qəhvəyi mərmər bağacığı ilə bağlı Regional Əlaqələndirmə Mərkəzinin iclası keçirilib
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericiyə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə payız-qış mövsümündə həyata keçirilən fitosanitar monitorinqlərin nəticələrinin qiymətləndirilməsi, mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə Mərkəzi və Yerli icra orqanlarının iştirakı ilə Zaqatala rayonunda Regional Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib. Regional Əlaqələndirmə Mərkəzinin rəhbəri, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əli Nəbiyevin iştirakı ilə keçirilən toplantıda qəhvəyi mərmər bağacığının mövcud yayılma vəziyyəti, aparılmış fitosanitar monitorinqlərin nəticələri, zərərvericinin aşkar edildiyi ərazilər və mövcud yayılma ocaqlarında həyata keçirilən mübarizə tədbirlərinin effektivliyi müzakirə olunub. Bildirilib ki, havaların soyuması ilə əlaqədar zərərvericinin qışlama yerlərinin müəyyənləşdirilməsi məqsədilə monitorinqlər intensivləşdirilib, potensial riskli ərazilər nəzarətdə saxlanılır. Qeyd olunub ki, payız-qış mövsümündə qəhvəyi mərmər bağacığı qışlamaq məqsədilə yaşayış evlərinə, anbarlara, təsərrüfat tikililərinə və digər qapalı məkanlara sığınır. Bu dövrdə zərərvericinin kütləvi toplandığı yerlərin vaxtında aşkar edilməsi və mexaniki üsullarla məhv olunması onun populyasiyasının azaldılmasına xidmər edir. Eyni zamanda, zərərvericiyə qarşı mübarizədə əhalinin fəal iştirakının təmin edilməsi və maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. İclasda, həmçinin qəhvəyi mərmər bağacığının transsərhəd yayılma riskləri, aidiyyəti dövlət qurumları arasında məlumat mübadiləsinin gücləndirilməsi və birgə monitorinqlərin təşkili məsələlərinə toxunulub. Yekunda qışlama dövründə zərərvericiyə qarşı mexaniki mübarizə tədbirlərinin prioritet istiqamət kimi həyata keçirilməsi, monitorinqlərin intensivləşdirilməsi, əhalinin mübarizə tədbirlərinə fəal cəlb olunması və aidiyyəti qurumlar arasında fəaliyyətin əlaqələndirilməsinin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Daha sonra fermer təsərrüfatlarına baxış keçirilib.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərdə aparılan işlərlə bağlı mediatur keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi işləri ilə bağlı media nümayəndələri üçün mediatur keçirilib. Mediatur çərçivəsində jurnalistlər Hacıqabul rayonunun Muğan qəsəbəsində aparılan təmizləmə işləri ilə tanış olublar. Bildirilib ki, hazırda pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsizlik tələblərinə uyğun qablaşdırılması həyata keçirilir. Növbəti mərhələdə qablaşdırılmış qalıqların “Cəngi pestisid poliqonu”na daşınaraq xüsusi bunkerlərdə yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlərin əsas məqsədi ətraf mühitin və insan sağlamlığının qorunması, çirklənmə mənbələrinin yarada biləcəyi risklərin azaldılmasıdır.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi davam edir
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, eləcə də həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsiz şəkildə ərazilərdən çıxarılması istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə Hacıqabul rayonunun Muğan qəsəbəsi, Saatlı rayonunun Sarıcalar kəndi və Sabirabad rayonunun Qaratəpə kəndində istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazinin təmizlənməsi üzrə işlərə başlanılıb. Ərazinin mövcud vəziyyətinin qiymətləndirilməsi başa çatdırılıb, hazırda isə pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların qablaşdırılması üzrə işlər aparılır. Növbəti mərhələdə isə qablaşdırılmış pestisid qalıqlarının və çirklənmiş torpaqların müvafiq təhlükəsizlik tələblərinə uyğun xüsusi nəqliyyat vasitələri ilə “Cəngi pestisid poliqonu”na daşınması və müəyyən edilmiş qaydada yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlər AQTA tərəfindən cəlb edilmiş müvafiq lisenziyaya malik ixtisaslaşmış şirkət tərəfindən aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə həyata keçirilir. Yaxın günlərdə Salyan, Biləsuvar və Cəlilabad rayonlarının 8 məntəqəsi üzrə keçmiş “Kənd kimya” birliklərinin ərazisində də analoji tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Qeyd edək ki, əvvəlki illərdə həyata keçirilmiş tədbirlər nəticəsində Ağstafa, Beyləqan, İmişli, Samux və Füzuli rayonlarından ümumilikdə 2000 tondan artıq istifadəyə yararsız pestisid və həmin maddələrlə çirklənmiş torpaq təhlükəsizlik tələblərinə uyğun qablaşdırılaraq “Cəngi pestisid poliqonu”na daşınıb və xüsusi bunkerlərdə yerləşdirilib. Görülən işlərin əsas məqsədi uzun illər ərzində formalaşmış çirklənmə mənbələrinin ətraf mühitə və insan sağlamlığına yaratdığı risklərin azaldılması, ekoloji təhlükəsizliyin təmin edilməsi və dayanıqlı kənd təsərrüfatının inkişafına töhfə verilməsidir.
Giriş