Azərbaycandan Çinə quş əti məhsullarının ixracı imkanları müzakirə edilib
18 İyun 2025 18:09
Ölkəmizdən Çin Xalq Respublikasına quş əti və quş əti məhsullarının ixracı ilə bağlı müvafiq tədbirlər davam etdirilir.
Hazırda bu çərçivədə AQTA ilə Çinin Baş Gömrük Administrasiyası arasında müvafiq işlər görülməkdədir
Eyni zamanda, Çinə həmin məhsulların ixracını həyata keçirmək istəyən quş əti istehsalçıları ilə görüş keçirilib və bu ölkənin idxal tələbləri barədə ətraflı məlumatlar verilib.
Oxşar xəbərlər

İstehlaka yararsız 130 kq ət aşkarlanıb
Nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin və DİN-in Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları Balasoltanlı postunda Mehdi Mirzəcanlıya məxsus 77-QY-119 dövlət qeydiyyat nişanlı “Hyundai” markalı avtomobildə antisanitar şəraitdə daşınan 130 kq heyvan əti aşkarlayıb. Baxış zamanı ətin baytarlıq-sanitariya ekspertizasından keçirilmədiyi, həmçinin qaraldığı müəyyən edilib. Mirzəliyev Qurban Əhmədalı oğlu izahatında heyvanı yoncadan köpdüyü üçün kəsdiyini və Mehdi Mirzəcanlının maşını ilə Laçın rayonundan Füzuli rayonu, Fin qəsəbəsinə göndərdiyini bildirib. Müayinələrin aparılması üçün nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub və istehlaka yararsız ət soyuducu anbarda saxlanca yerləşdirilib. Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.

AQTA pestisid, bioloji preparat və aqrokimyəvi maddələrin istehsalı və dövriyyəsi sahəsində nəzarət tədbirlərini davam etdirir
Ölkədə pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin (preparat) qeydiyyatı Nazirlər Kabinetinin 2007-ci il 22 yanvar tarixli, 10 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq Qaydalara uyğun olaraq həyata keçirilir. Həmin preparatların dövlət sınağı və qeydiyyatını təşkil etmək, həmçinin müvafiq qərarlar qəbul etmək məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə və Fövqəladə Hallar nazirliklərinin nümayəndələrindən ibarət Ekspert Şurası yaradılıb. Qanunvericiliyə əsasən, preparatların dövlət sınaqları laborator ekspertiza, tarla sınağı və istehsalat sınağı mərhələlərində həyata keçirilir. Tarla və istehsalat sınaqları Kənd Təsərrüfatı Nazirliyinin 5, Elm və Təhsil Nazirliyinin isə 1 Elmi-Tədqiqat İnstitutu tərəfindən aparılır. Dövlət sınaqlarının bütün mərhələləri müsbət nəticələndikdə, preparatın qeydiyyata alınması məsələsinə Ekspert Şurasının hər ay keçirilən iclaslarında baxılır. Şurada məhsulun keyfiyyət və təhlükəsizliyinə, insan sağlamlığına, ətraf mühitə, kənd təsərrüfatına təsirləri qiymətləndirilərək qeydiyyata alınmasına dair kollegial qərarlar qəbul edilir. Qeydiyyata alınmış preparatlara şəhadətnamə verilir, reyestrə daxil edilir və ölkə ərazisində idxalına icazə verilir. İdxal olunan hər məhsul partiyası laborator müayinələrə cəlb edilir və sınaq nəticəsi uyğun olduğu təqdirdə dövriyyəyə buraxılır. Sözügedən preparatların istehsalı və idxalı fəaliyyəti üçün lisenziya AQTA-nın rəyi ilə İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilir. Nəzarət tədbirləri bununla da bitmir. Belə ki, müvafiq dövlət qurumlarının nümayəndələrindən ibarət İşçi qruplar tərəfindən preparatların istehsal müəssisələrində, saxlanc anbarlarında, satış yerlərində monitorinqlər həyata keçirilir. Monitorinqlər zamanı aşkarlanan yararlılıq müddəti bitmiş, tətbiqi qadağan edilmiş, hermetikliyi pozulmuş və bu kimi digər uyğunsuzluq təşkil edən preparatlarla bağlı yuxarıda adları sadalanan nazirliklərin nümayəndələrindən ibarət inventarlaşdırma komissiyası tərəfindən qərarlar qəbul edilir. Həmin qərarlara əsasən, yararsız preparatların Aqrar Xidmətlər Agentliyinin tabeliyində “Cəngi pestisid poliqonu”na göndərilməsi təmin olunur. Bitkiçilik təsərrüfatlarında preparatların tətbiq reqlamentinə, saxlanma şəraitinə və təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət edilməsi məqsədilə AQTA tərəfindən fitosanitar nəzarət tədbirləri həyata keçirilir, nöqsan aşkarlanmış müəssisələrlə bağlı isə bir sıra məhdudlaşdırıcı qərarlar qəbul edilir. Aparılan monitorinqlər nəticəsində bir çox müəssisələrdə sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi preparatların anbarlarda saxlama şəraiti və təsərrüfatlarda istifadəsi ilə bağlı reqlamentlərə əməl edilməsinə gətirib çıxarıb. Sahibkarlar və fermerlər preparatların keyfiyyəti, eləcə də digər şübhəli hallarla bağlı AQTA-nın “1003 – Çağrı Mərkəzi”nə müraciət edə bilərlər.

Belçikanın istehsalçı şirkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb
Belçika Krallığının istehsalçı şirkəti “S.A. Corman”a məxsus kərə yağı məhsulunda aşkarlanmış uyğunsuzluqla əlaqədar Qida Təhlükəsizliyi Agentliyi tərəfindən idxalla bağlı qoyulan müvəqqəti məhdudiyyət aradan qaldırılıb. Belə ki, AQTA-nın bildirişi əsasında, Belçikanın aidiyyəti qurumu tərəfindən istehsalçı müəssisədə nəzarət tədbirləri görülüb və laborator müayinələr aparılıb. Müvafiq sağlamlaşdırma tədbirləri ilə bağlı AQTA-ya ətraflı məlumat verilib. Belçika tərəfindən gücləndirilmiş nəzarət tədbirlərinin görülməsi, həmçinin qarşılıqlı idxal-ixrac əməliyyatları ilə bağlı müvafiq tələblərə əməl olunacağına dair zəmanətin verilməsi nəzərə alınaraq, istehsalçının respublikamıza məhsul idxalına qoyulmuş müvəqqəti məhdudiyyət aradan qaldırılıb. AQTA-nın qərarı ilə bağlı Belçika Krallığının Qida Zəncirinin Təhlükəsizliyi üzrə Federal Agentliyinə müvafiq məlumat verilib.