Azərbaycandan Rusiyaya ərzaqlıq yumurtanın ixracı davam edir
25 Dekabr 2023 09:54

Azərbaycan Respublikasından Rusiya Federasiyasına ərzaqlıq yumurtanın ixracı ilə bağlı əldə olunmuş razılığın icrası ilə bağlı işlər davam etdirilir. Dekabrın 21-də Rusiya Federasiyasına "Yaraq-Qazmalar" buraxılış məntəqəsi vasitəsilə Azərbaycan Respublikasından 18 ton (306 min ədəd) həcmində ərzaqlıq yumurtanın növbəti partiyası ixrac edilib.
Azərbaycandan ərzaqlıq yumurtanın Rusiya bazarlarına tədarükü barədə qərar bu ilin noyabrında “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvertin ölkəmizə səfəri zamanı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ilə aparılan danışıqların nəticələrinə əsasən qəbul edilib.
Qeyd edək ki, AQTA ilə “Rosselxoznadzor” arasında Azərbaycan Respublikasından Rusiya Federasiyasına quşçuluq təsərrüfatları məhsullarının, əsasən də ərzaqlıq yumurtanın ixrac olunması ilə əlaqədar razılıq əldə olunub. Bu da qida təhlükəsizliyi nəzarəti sisteminin artıq Azərbaycanda sənaye quşçuluq səviyyəsində beynəlxalq standartlara uyğun olmasından irəli gəlir.
Oxşar xəbərlər

Qoşqar Təhməzli qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin növbəti vətəndaş qəbulu Agentliyin inzibati binasında mayın 1-i saat 14:00-da keçiriləcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.

Qoşqar Təhməzli Ağsuda vətəndaşları qəbul edib
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli aprelin 25-i Ağsuda Ağsu, İsmayıllı, Qobustan, Şamaxı rayonlarından olan vətəndaşları qəbul edib. Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib. Qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər araşdırılması üçün nəzarətə götürülüb. Qida sahəsində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşların müraciətlərinə də baxılıb. Agentliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Göygöldə "Dost" kafesində normativ tələblərin pozulduğu müəyyən edilib
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Göygöl rayonu, Balçılı kəndində fəaliyyət göstərən “Dost” kafesində yoxlama keçirib. Baxış zamanı ictimai iaşə obyektində sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin normativ tələblərə cavab vermədiyi, soyuducuda mal qonşuluğu prinsipinin pozulduğu və etiketlənməsi aparılmayan qida məhsulları aşkarlanıb. Emal sahəsində ayrıca yuma çanaqlarının təşkil edilmədiyi, havalandırma sisteminin təchiz edilmədiyi, döşəmə və divar səthlərinin təmirsiz olduğu, qida ilə təmasda olan işçilərin tibbi müayinədən keçmədiyi və gigiyenik təlimlərə cəlb olunmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək iaşə obyektinin dönər hazırlanma sahəsində işlərin və xidmətlərin görülməsinə məhdudiyyət tətbiq olunub və icrası məcburi göstərişlər verilib.
