
Quş qripi xəstəliyinə qarşı keçirilən epizootoloji monitorinqlərin nəticələri açıqlanıb. Tədbir zamanı epizootik risk əsasında müəyyən olunan dövlət təbiət yasaqlıqlarının, ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, habelə su anbarları və çaysahili ərazilərdə ümumi müşahidələr aparılaraq vəhşi quşlara klinik baxış keçirilib. Xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə 64 baş müxtəlif növ vəhşi quşdan diaqnostik nümunələr götürülüb. Bundan əlavə, 23 sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisəsindən 230 baş, habelə 16 rayonun (şəhər) 152 ailə təsərrüfatından müxtəlif növ 472 baş ev quşundan qan və yaxma nümunələri götürülüb. Monitorinq çərçivəsində təbiət ərazilərinə, müxtəlif növ quşçuluq müəssisələrinə, ailə təsərrüfatlarına, su hövzələrinə, parklar və zooparklara, dekorativ quşların saxlandığı obyektlərə, diri quş satışının həyata keçirildiyi bazarlara ümumi baxış keçirilib. Bununla yanaşı, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçirilib. Monitorinq müddətində vəhşi və ev quşlarından götürülmüş nümunələrin müayinəsi nəticəsində quş qripi xəstəliyinin törədicisi və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülən diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və hər hansı şübhəli hala rast gəlinməyib.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Macarıstanın Dyör-Moşon-Şopron bölgəsində dabaq, Rumıniyanın Bixor bölgəsində xırdabuynuzlu heyvanların taunu, Albaniya Respublikasının Dürres bölgəsində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Dyör-Moşon-Şopron bölgəsindən cütdırnaqlı heyvanların, habelə onlara aid xammal və məhsulların, Bixor bölgəsindən xəstəliyə həssas diri ev və vəhşi xırdabuynuzlu heyvanların, onlara aid genetik materialların, həmçinin qeyd olunan ev heyvanlarından alınan məhsulların, Dürres bölgəsindən diri quş və quşçuluq məhsullarının idxalı və tranzit daşınması ilə bağlı ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Qəhvəyi mərmər bağacığına qarşı Regional Əlaqələndirmə Mərkəzinin Balakən və Xaçmaz rayonlarında növbəti müşavirəsi keçirilib. Görüşdə Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin və Biomüxtəlifliyin Qorunması Xidmətinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin, Dövlət Gömrük Komitəsinin, yerli icra hakimiyyəti orqanlarının, eləcə də digər aidiyyəti qurumların məsul şəxsləri və əməkdaşları iştirak ediblər. Görüş zamanı zərərverici ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər, aparılan monitorinqlərin nəticələri və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verilib, maarifləndirici çap materialları paylanıb. Tədbirdə əvvəlki illərdə aparılmış təhlillər əsasında mövcud vəziyyət dəyərləndirilərək, iqtisadi rayonların ərazilərində, xüsusilə kütləvi aşkarlanma qeydə alınan kəndlərdə mövsümlə əlaqədar qışlama yerlərində monitorinqlərin intensivləşdirilməsi, maarifləndirmə işlərinin genişləndirilməsi və digər zəruri fitosanitar tədbirlərin görülməsi barədə qərar verilib. Həyətlərdə, evlərdə, köməkçi tikililərdə aidiyyəti qurumların əməkdaşları tərəfindən monitorinqlərin və mübarizə tədbirlərinin aparılması üçün sakinlərin şərait yaratması və özlərinin də bu tədbirlərdə yaxından iştirakının təmin edilməsi məqsədəuyğun hesab edilib.

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli martın 7-si Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Biləsuvar, Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad, Yardımlı və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edib. Qəbuldan öncə Agentliyin sədri Qoşqar Təhməzli və Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Qəbula gələn vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər araşdırılması üçün nəzarətə götürülüb. Qida sahəsində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşların müraciətlərinə də baxılıb. Agentliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli hər həftə Agentliyin inzibati binasında vətəndaşları qəbul edir. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər martın 13-ü saat 14:00-da onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.

Xətai rayonu, H.Salmani küçəsi 7 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Hacıyev Rza Rasim oğluna məxsus “Otdıx” restoranında AQTA əməkdaşları tərəfindən yoxlama keçirilib. Baxış zamanı iaşə müəssisəsinin mətbəx hissəsində havalandırma sisteminin mövcud olmadığı, sanitar-gigiyenik tələblərin pozulduğu, məhsulların saxlanması zamanı temperatur rejiminə əməl edilmədiyi, həmçinin istehlaka təqdim edilən heyvan mənşəli məhsulların (quş əti və balıqlar) müvafiq icazə sənədlərinin olmadığı, çalışan işçilərin tibbi müayinədən və gigiyenik təlimlərdən keçirilmədiyi müəyyən edilib. Emal edilmiş məhsullardan və ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilməklə qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.

Nizami rayonu, B.Çobanzadə küçəsi, 2505-ci məhəllədə yerləşən, Rəhimov Vahid Musa oğluna məxsus "Xarı Bülbül" restoranında AQTA əməkdaşları yoxlama keçirib. Baxış zamanı mətbəxdə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu, temperatur rejiminə əməl edilmədiyi müəyyən edilib, həmçinin müşayiətedici və mənşə sənədləri olmayan heyvan mənşəli məhsullar aşkarlanıb. Emal edilmiş məhsullardan və ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Faktla bağlı obyektin emal sahəsi məhdudlaşdırılıb, sahibkar barəsində inzibati protokol tərtib edilib.

Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs İsmayılov Elsevər Yunis oğluna məxsus ev quşlarının kəsimi müəssisəsində AQTA əməkdaşları yoxlama keçirib. Baxış zamanı müəssisədə baytarlıq-sanitariya tələblərinə əməl edilmədiyi, izləmə sisteminin qurulmadığı məlum olub, eyni zamanda soyuducu anbarda baytarlıq sənədi olmayan və istifadə müddəti bitmiş müxtəlif istehsalçılara məxsus 2040 kq toyuq əti aşkarlanıb. Faktla bağlı müəssisə rəhbəri barəsində inzibati protokol tərtib olunub, istehlaka yararsız məhsulların dövriyyədən çıxarılması və məhv edilməsi ilə bağlı qərar qəbul edilib.

Nizami rayonu, Babək prospekti 76 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Dadaşov Eldar Ağa Zəki oğluna məxsus “Sərin” şadlıq evində AQTA əməkdaşları yoxlama keçirib. Baxış zamanı obyektdə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu, temperatur rejiminə əməl edilmədiyi, həmçinin mənşəyi məlum olmayan heyvan mənşəli məhsulların istehlaka təqdim edildiyi aşkarlanıb. Emal edilmiş məhsullardan və ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilməklə qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.

Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən, “FQ Foodex” MMC-yə məxsus çiy dönər və toyuq əti emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı sanitar-texniki tələblərin pozulduğu, ət məhsullarının saxlanma şəraitinə əməl olunmadığı məlum olub, eyni zamanda mənşəyi məlum olmayan 6159 kq dondurulmuş toyuq əti və istifadə müddəti bitmiş 72 kq toyuq filesi, 360 kq toyuğun bud hissələri aşkarlanıb. Yoxlama zamanı “AL-ASR” əmtəə nişanlı çiy mal əti və toyuq əti dönərindən, çiy toyuq hissələrindən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində çiy mal əti dönərində at və toyuq DNT-si, çiy toyuq əti dönərində isə salmonella müəyyən olunub. Faktla bağlı istehlaka yararsız məhsullar dövriyyədən çıxarılıb, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və sahibkar barəsində inzibati protokol tərtib edilib.

Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən, fiziki şəxs Abbasova Gülsəfa Firuddin qızına məxsus “Star” marketdə Agentliyin əməkdaşları tərəfindən yoxlama keçirilib. Baxış zamanı ticarət obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi müəyyən edilib. Həmçinin saxtalaşdırma əlamətləri olan, idxal sağlamlıq aktı və Azərbaycan dilində etiket məlumatları olmayan alkoqollu içkilər aşkarlanıb. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib, məhsullar satışdan kənarlaşdırılıb və ticarət obyektinin fəaliyyəti məhdudlaşdırılıb.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Şimali İrlandiyanın Orta Olster bölgəsində, Amerika Birləşmiş Ştatlarının isə Pensilvaniya və Kolorado ştatlarında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının, quş yemləri və quş üçün yem əlavələrinin, quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət ünvanlanıb.