Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
Məhsul və preparatların qeydiyyat müddətlərinin uzadılması ilə əlaqədar əvvəlcədən Agentliyə müraciət olunmalıdır
Məhsul və preparatların qeydiyyat müddətlərinin uzadılması ilə əlaqədar əvvəlcədən Agentliyə müraciət olunmalıdır

Məlum olduğu kimi, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində nəzərdə tutulmuş məhsulların (o cümlədən yeni növ qida məhsulları, genetik modifikasiya olunmuş orqanizmlər və yem məhsulları, qida əlavələri, yem əlavələri, bioloji aktiv qida məhsulları və təbii mineral sular), eləcə də baytarlıq preparatları, pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələrin dövlət qeydiyyatı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir.  Qeydiyyatı tələb olunan, lakin qeydiyyata alınmamış məhsulların istehsalı, emalı və dövriyyəsi qanunla qadağandır. Lakin bu sahədə aparılan təhlillər göstərir ki, qeydiyyat müddəti ilə bağlı qanunvericilikdə konkret tarixlər müəyyən edilsə də, hələ də bəzi sahibkarlar təkrar qeydiyyat, yaxud qeydiyyatda olan preparatların şəhadətnamələrin qüvvədə olma müddətlərinin uzadılması ilə əlaqədar vaxtında müraciət etmirlər.  Sahibkarların diqqətinə çatdırırıq ki, Agentlik tərəfindən qanunvericiliyə uyğun qaydada dövlət qeydiyyatına alınaraq reyestrə daxil edilmiş və qeydiyyat müddətləri başa çatmaqda olan preparat və məhsulların qeydiyyatı ilə əlaqədar rəsmi müraciətlərdən əvvəl müvafiq metodiki yardımların alınması, həmin preparat və məhsulların laborator sınaqlarında istifadə olunan metod, analitik standart, reaktiv, reagent, bakterioloji və virusoloji ştamm, qida mühiti, serum, etalon nümunə və s. dəqiqləşdirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə əlaqə saxlanılmalıdır. Qeydiyyat üçün müraciət olunduqdan sonra isə zəruri materiallar preparat və məhsul nümunələri ilə birlikdə İnstituta təqdim edilməlidir.  Sahibkarlar qeydiyyatla əlaqədar daha ətraflı məlumat almaq üçün (012) 565-12-72 (daxili: 589, 464, 478) nömrəli telefona zəng edə və ya info@afsa.gov.az, info.qti@afsa.gov.az elektron poçt ünvanına müraciətlərini göndərə bilərlər.

Quş qripi xəstəliyi ilə bağlı tətbiq olunan bəzi məhdudiyyətlər aradan qaldırılıb
Quş qripi xəstəliyi ilə bağlı tətbiq olunan bəzi məhdudiyyətlər aradan qaldırılıb

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Koreya Respublikasının Collabuk-do, Qyeonqsanqbuk-Do, Ceollanam-Do, Qyeonqqi-Do əyalətlərində, Danimarka Krallığının Paytaxt, Cənubi Danimarka regionlarında, Çex Respublikasının Vısoçina, Moraviya–Sileziya, Ustetsk, Kraloveqradetsk, Zlin, Pardubitsk diyarlarında, Moldova Respublikasının Soroka, Floreşti, Ştefan-Voda, Drokiya, Rezina, Șoldaneștı, Rışkanı, Dubısаri, Edinet, Qlоdеni, Straşeni, Kахul, Оrхеy rayonlarında, Slovakiya Respublikasının Trnavsk, Bratislava diyarlarında, Mozambik Respublikasının İnyambane əyalətində, Almaniya Federativ Respublikasının Brandenburq, Hessen vilayətlərində, Polşa Respublikasının Opolsk inzibati ərazisində, Amerika Birləşmiş Ştatlarının Montana, Miçiqan, Delaver, Florida, Şimali Karolina, Virciniya ştatlarında qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan inzibati ərazi vahidlərində ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar, respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması məqsədilə həmin inzibati ərazi vahidlərinə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

“Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!” layihəsi çərçivəsində görüş keçirilib
“Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!” layihəsi çərçivəsində görüş keçirilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən sağlam qidalanmanın təşviqi məqsədilə “Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!” layihəsi çərçivəsində "Expressbank" əməkdaşları üçün maarifləndirici təlim təşkil olunub. Görüş çərçivəsində AQTA-nın fəaliyyəti, istehlakçıların maarifləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verilib. Bildirilib ki, növbəti belə layihə “Sözdən əmələ keç, Sağlam qidalanmanı seç” layihəsidir. Layihənin məqsədi sağlam qidalanma vərdişlərinin formalaşdırılması, qida təhlükəsizliyi ilə bağlı ilkin biliklərin artırılmasıdır. Belə ki, layihə çərçivəsində “Necə sağlam qidalanaq?” sualından daha çox, “Niyə sağlam qidalanmalıyıq?” mövzusuna diqqət çəkilir. Görüş zamanı qeyd olunub ki, araşdırmalara əsasən, genetik meyillər, zərərli vərdişlər, fiziki hərəkətsizliklə yanaşı qeyri-sağlam qidalanmanın da qeyri-infeksion xəstəliklərin yaranmasına səbəb olur. Sağlam qidalanma isə qeyri-infeksion xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayan əsas amillərdən biri kimi elmi əsaslarla təsdiqlənib. Daha sonra Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) eksperti, həkim-dietoloq Tutu Zeynalova sağlam qidalanma mövzusunda təqdimatla çıxış edib. O, balanslı və düzgün qida rasionun tərtib olunmasının, eləcə də sağlam qidalanmaya əməl etməyin insan sağlamlığı üçün vacibliyini vurğulayıb. Mütəxəssis, eyni zamanda qida israfının qarşısının alınması məsələsinə də toxunub, bu sahədə beynəlxalq təcrübəni və ölkəmizdə tətbiq olunan yanaşmaları iştirakçıların diqqətinə çatdırıb. Sonda iştirakçıların sualları cavablandırılıb və sağlam qidalanma sahəsində aktual mövzular ətrafında interaktiv fikir mübadiləsi aparılıb. Qeyd edək ki, "Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!" layihəsi AQTA, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Nutrisiologiya və Diyetologiya Assosiasiyası (NÜDİA) ilə birgə reallaşdırılır. Layihənin əsas hədəfi həm sağlam, həm də təhlükəsiz qidalanmanı davamlı davranış modelinə çevirməkdir.

Video
Bitkiçilik təsərrüfatlarının qeydiyyatı məhsulların ixrac prosesini sürətləndirir

Bitkiçilik təsərrüfatlarının qeydiyyatı məhsulların ixrac prosesini sürətləndirir