Bakıda keçirilən beynəlxalq forumda Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlərdən bəhs edilib
23 Sentyabr 2025 15:17
Bakıda Prezident İlham Əliyevin himayəsi altında 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (1st Azerbaijan International Investment Forum – “AIIF 2025”) keçirilir. Forum çərçivəsində təşkil olunan plenar sessiyada Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Zəkiyyə Mustafayeva Azərbaycanda qida təhlükəsizliyi sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib.
Qeyd olunub ki, dünyada qlobal iqlim dəyişiklikləri, ərzaq təhlükəsizliyi ilə bağlı artan çağırışlar və iqtisadi-siyasi sınaqlar şəraitində ölkəmizdə həyata keçirilən inkişafyönümlü tədbirlər, xüsusilə kənd təsərrüfatı və qida sənayesinin yüksəlişi, daxili və xarici bazarda yeni imkanların və iqtisadi əməkdaşlıq əlaqələrinin daha da genişlənməsi üçün münbit şərait yaratmaqdadır. Vurğulanıb ki, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində “Qida təhlükəsizliyi haqqında” Qanun qəbul olunub, qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahədə 36 normativ sənəd tərtib olunub, “Bitki sağlamlığı haqqında” və “Heyvan sağlamlığı haqqında” yeni qanun layihələri hazırlanaraq müzakirəyə təqdim olunub. Bundan başqa peşəkar kadr hazırlığı məsələsi də xüsusi diqqətdə saxlanılır. Qida Təhlükəsizliyi Agentliyi universitetlər və tədqiqat institutları ilə mütəmadi olaraq əməkdaşlıq həyata keçirməkdədir. Tələbələrin praktiki təcrübə proqramlarında iştirakı, birgə layihələrinin həyata keçirilməsi, qida təhlükəsizliyi üzrə tətbiqi elmi-tədqiqatların təşviqi, beynəlxalq ekspertlərin bilik və tövsiyələrinin təhsil prosesinə inteqrasiyası istiqamətində mühüm işlər görülür.
2026–2032-ci illər üçün əhatə edən yeni Dövlət Proqramının hazırlanması istiqamətində də işlər aparılır. Proqram çərçivəsində xüsusilə elm, təhsil və kadr potensialının gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi prioritet kimi müəyyənləşdiriləcək. Bildirilib ki, ölkəmizdə Şərqi Zəngəzur, Qarabağ iqtisadi rayonlarında və Naxçıvan Muxtar Respublikasının ərazisində peyvəndləmə aparılmaqla dabaq xəstəliyindən azad zonanın yaradılması üçün prosedurların icrasına başlanılıb. Bu regionlarda azad zona statusu tanındıqdan sonra heyvan mənşəli məhsulların ixracında, habelə ölkəmizin ərazisindən keçməklə tranzit daşınmasında mövcud olan bir sıra maneələr aradan qalxacaq.
Qeyd edək ki, 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda müxtəlif ölkələrdən yüksəksəviyyəli rəsmilər, dünyanın aparıcı yerli və beynəlxalq şirkətlərinin və maliyyə institutlarının, beyin mərkəzlərinin təmsilçiləri, biznes nümayəndələri və qlobal investorlar, yerli və xarici media təmsilçisi daxil olmaqla ümumilikdə 1000-ə yaxın iştirakçı yer alıb.
Oxşar xəbərlər
Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa yolunun üzərində yerləşən fiziki şəxs Kərimov Şıxəli Hacıağa oğluna məxsus ictimai iaşə müəssisəsində plandankənar yoxlama həyata keçirilib. Müəssisənin antisanitar şəraitdə, heç bir qida təhlükəsizliyi tələbləri gözlənilmədən fəaliyyət göstərdiyi, istifadə edilən ət və süd məhsullarının müşayiətedici sənədlərinin olmadığı müəyyən edilib. Eyni zamanda, obyektdə mənşəyi məlum olmayan, açıq saxtalaşdırma əlamətləri olan alkoqollu içkilərin istehlaka təqdim edilməsi halları da aşkarlanıb. Nöqsanlarla bağlı inzibati xəta haqqında protokol tərtib olunub, istehlaka təqdim edilən ət və araq məhsullarından nümunələr götürülərək laboratoriyaya təqdim edilib. Alkoqollu içkilərin dövriyyəsi qadağan edilib, həmçinin müəssisədə nöqsanlar aradan qaldırılanadək obyektin fəaliyyəti məhdudlaşdırılıb.
Ağsu və Qobustan rayonlarında nar istehsalçıları ilə görüşlər keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Dağlıq Şirvan regional bölməsi Ağsu rayonunun Cəlayir, Kəndoba, Hacıuşağı, eləcə də Qobustan rayonunun Poladlı, Təsi və Yekəxana kəndlərində nar istehsalçıları ilə görüşlər keçirib. Tədbirlərdə nar bağlarında bitki sağlamlığının qorunması məsələləri müzakirə olunub, zərərverici və xəstəliklərə qarşı effektiv mübarizə üsulları, aqrotexniki qulluq qaydaları və fitosanitar tələblər barədə ətraflı məlumat verilib. Narın həm yerli, həm də xarici bazarlara çıxışı zamanı karantin tələblərinə əməl edilməsinin vacibliyi vurğulanıb. İstehsalçılara daxili karantin sertifikatının əhəmiyyəti, ixrac olunan məhsullarda pestisid qalıqlarının icazə verilən norması izah edilib, ixrac prosesində məhsullardan götürülən nümunələrin laborator müayinələrə cəlb edilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Bildirilib ki, zərərvericilərin erkən aşkarlanması üçün mütəmadi fitosanitar müşahidələr aparılmalı, təsərrüfatlarda bitki mühafizə vasitələrindən istifadə edərkən tətbiq reqlamentinə və təhlükəsizlik qaydalarına ciddi riayət olunmalıdır. Daha sonra təsərrüfat sahiblərinin sualları cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb. Nar istehsalçılarının maarifləndirilməsi məqsədilə təşkil olunan görüşlər regionun digər rayonlarında da davam etdiriləcək.
Soyuq aylarda immunitetimizi necə qoruyaq? - Video
Havaların soyuması ilə infeksiyalara yoluxma riski arta bilər. Bu dövrdə immun sistemini “möcüzəvi” vasitələrlə gücləndirməkdənsə, onun normal fəaliyyətini sağlam həyat tərzi ilə dəstəkləmək daha doğrudur. - Düzgün və balanslı qidalanmaya diqqət etmək vacibdir. Mövsümi meyvə-tərəvəz, zülal mənbələri və fermentləşdirilmiş qidalar gündəlik rasionda yer almalıdır. - Kifayət qədər maye qəbulu, keyfiyyətli yuxu və müntəzəm fiziki aktivlik immun sisteminin normal fəaliyyətini dəstəkləyir. - Soyuq aylarda Vitamin D səviyyəsinə də diqqət etmək lazımdır. Lakin vitamin və əlavələri, xüsusilə yüksək dozaları həkim məsləhəti olmadan qəbul etmək düzgün deyil. - Stressin idarə olunması da sağlamlığın vacib hissəsidir. Unutmayaq ki, antibiotik və immun sisteminə təsir edən preparatlar həkim məsləhəti olmadan qəbul edilməməlidir. Antibiotiklər viruslara qarşı təsir göstərmir. Əsas məqsəd immuniteti süni şəkildə “gücləndirmək” deyil, onun normal fəaliyyətini sağlam həyat tərzi ilə dəstəkləməkdir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş