Bakıda keçirilən beynəlxalq sərgidə AQTİ-nin laboratoriyalarına virtual səyahət imkanı yaradılıb
16 May 2024 11:15










Bakıda 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan 2024” və 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” sərgiləri davam edir.
Bakı Ekspo Mərkəzində keçirilən sərgidə iştirakçılar Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) stendinə yaxınlaşaraq (zal 1, yer: 1F160) Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyalarına virtual səyahət edə bilərlər. Belə ki, VR eynəklər vasitəsilə AQTİ-nin Kompleks Tədqiqatlar Laboratoriyasının qida və qida əlavələri bölməsi, eləcə də Xromatoqrafiya otağına virtual səyahət imkanı yaradılıb.
Həmçinin sərgi iştirakçılarına sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı, eləcə də idxal-ixrac əməliyyatları ilə bağlı AQTA-nın həyata keçirdiyi fəaliyyətlər və innovativ həllərə dair yeni videoçarxlar nümayiş etdirilir.
Bununla yanaşı, sərgidə İnstitutun yeni Çadır tipli Səyyar Fitosanitar Laboratoriyası da nümayiş olunur. Ziyarətçilər bilavasitə xəstəlik ocağında qısa müddət ərzində quraşdırılmaqla xüsusi təyinatlı müayinələrin aparılmasına imkan verən bu laboratoriya ilə tanış ola bilərlər. Əlavə olaraq, sərgidə AQTİ tərəfindən sahibkarlıq subyektlərinə təklif edilən xidmətlərə və digər məsələlərə dair hazırlanmış çap materialları nümayiş etdirilir.
Oxşar xəbərlər

Qurbanlıq heyvanın kəsimi zamanı hansı tələblərə əməl edilməlidir?
6-7 iyun tarixlərində Qurban bayramı qeyd olunacaq. Qurbanlıq heyvanlar yalnız xüsusi ayrılmış və sanitariya-gigiyena tələblərinə cavab verən məntəqələrdə kəsilməlidir. Küçə, yol kənarı, məhəllə araları kimi qanunsuz və antisanitar yerlərdə aparılan kəsimlər xəstəliklərin yayılmasına səbəb ola bilər. Kəsim həm də ətraf mühitin, insan sağlamlığının qorunmasına yönəlməlidir. Heyvan kəsimi məntəqələrində fasiləsiz su təminatı olmalı, qəssablar xüsusi geyimdə və tibbi yoxlamadan keçmiş vəziyyətdə fəaliyyət göstərməlidir. Alətlər daim dezinfeksiya olunmalı, tullantılar isə vaxtında və düzgün şəkildə ərazidən kənarlaşdırılmalıdır. Ət məhsullarının satışını həyata keçirən məkanlar sanitar və baytarlıq tələblərinə cavab verməlidir. Cəmdəklərin saxlanıldığı yerlər soyuducu avadanlıqlarla təchiz edilməli, soyuq zəncir prinsipi qorunmalıdır. Diri heyvanların satışına bu nöqtələrdə yol verilməməlidir. Tələb olunan infrastruktur və nəzarət sistemi olmadan həyata keçirilən satış və kəsimlər həm təhlükəli, həm də qanunsuzdur. Qurbanlıq heyvanın kəsimi zamanı gözlənilməli olan tələblərlə linkdən tanış ola bilərsiniz: https://www.youtube.com/shorts/HSNsy3uRsAk

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Kamboca Krallığının Kamponq Speu əyalətində yüksək patogen quş qripi, İsrail Dövlətinin Şimal bölgəsində isə xırdabuynuzlu heyvanların taun xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və quşçuluq məhsullarının idxalı, xırdabuynuzlu heyvanların və onlara aid məhsulların idxalı, habelə tranzit daşınması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
