Balıqçılıq sahəsində fəaliyyət göstərən müəssisələrdə epizootoloji monitorinqlər keçiriləcək
15 Oktyabr 2024 12:48
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisində epizootoloji monitorinqləri davam etdirir.
Cari ilin 21-25 oktyabr tarixlərində təşkil olunacaq növbəti monitorinq Bakı və Mingəçevir şəhərləri, İmişli, Yevlax, Neftçala, Şəmkir, Bərdə, Xaçmaz, Oğuz, Astara rayonlarında balıqçılıq sahəsində fəaliyyət göstərən müəssisələrdə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının siyahısına daxil edilmiş, həmçinin beynəlxalq ticarət üçün vacib olan balıqların infeksion və invazion xəstəliklərinə qarşı keçiriləcək.
Monitorinqlər zamanı xüsusi təhlükəli balıq xəstəliklərinə görə laborator müayinələrin aparılması üçün diaqnostik nümunələr götürüləcək, habelə subyektlər üzrə ümumi baxış keçirməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görüləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək.
Tədbirlər zamanı götürülmüş nümunələrin İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müvafiq müayinələri aparılacaq. Monitorinqlər çərçivəsində epizootoloji məlumatlar və götürülmüş nümunələr barədə məlumatlar “Epicollect 5” proqramına daxil olunacaq.
Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin mütəxəssisləri iştirak edəcəklər.
Aparılmış monitorinqlər barədə məlumatlar ictimailəşdiriləcək, həmçinin Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına təqdim olunacaq hesabata əlavə ediləcəkdir.
Oxşar xəbərlər
AQTA-da “Sülh Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib
Dünyanın müxtəlif regionlarında münaqişələrin və humanitar çağırışların davam etdiyi bir şəraitdə sülhün, təhlükəsizliyin və qarşılıqlı anlaşmanın qorunması xüsusi əhəmiyyət daşıyır. Azərbaycan sülh və əmin-amanlığın təmin olunmasını, regionda davamlı sabitliyin və əməkdaşlığın formalaşdırılmasını mühüm prioritetlərdən biri kimi müəyyən edib. Qarabağda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri də regionda davamlı sülh və təhlükəsizliyin təmin olunmasına yönələn proseslərin mühüm tərkib hissəsidir. Bu kontekstdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan edilmiş “Sülh Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib. Tədbirdə AQTA-nın Hüquq və insan resursları şöbəsinin müdir müavini, Hüquqi təminat sektorunun müdiri Nərgiz Şükürova Beynəlxalq Sülh Gününün təsis edilməsi və 21 sentyabr tarixində qeyd olunması barədə məlumat verib. Bildirilib ki, sülh yalnız münaqişələrin qarşısının alınması deyil, eyni zamanda insan hüquqlarına hörmət, qarşılıqlı etimad, dialoq və əməkdaşlıq mühitinin formalaşdırılması ilə sıx bağlıdır. “Sülh Aylığı” çərçivəsində sülh və insan hüquqları arasındakı əlaqəyə dair məlumatlılığın artırılması, qarşılıqlı hörmət və etimad mühitinin gücləndirilməsi, dialoq və anlaşmanın təşviq edilməsinin əsas məqsədlərdən olduğu diqqətə çatdırılıb. Tədbirdə həmçinin insan hüquqlarının qorunması və təşviqinin dövlət qurumlarının fəaliyyətində mühüm istiqamət olduğu vurğulanıb. Qeyd edilib ki, AQTA-nın fəaliyyətində qanunçuluq, bərabərlik, şəffaflıq və insan hüquqlarına hörmət prinsiplərinə xüsusi əhəmiyyət verilir. Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.
İctimai iaşə müəssisələrində aşkar edilmiş nöqsanlar aradan qaldırılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin apardığı plandankənar yoxlamalar zamanı Bakı şəhərində fəaliyyət göstərən bir sıra ictimai iaşə və qida məhsullarının satışı ilə məşğul olan müəssisələrdə aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində müvafiq sağlamlaşdırma tədbirləri həyata keçirilib. Belə ki, Xətai, Yasamal və Suraxanı rayonlarında fəaliyyət göstərən 3 müəssisədə keçirilmiş yoxlamalar zamanı müəyyən edilmiş nöqsanlar müəssisə sahibləri tərəfindən aradan qaldırılıb. Görülmüş tədbirlər nəticəsində ictimai iaşə müəssisələrində aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılıb və fəaliyyətin davam etdirilməsinə şərait yaradılıb. Sağlamlaşdırma tədbirləri həyata keçirilən müəssisələr aşağıdakılardır: 1. Fiziki şəxs Rəhimov Fərid Mübariz oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal 4 mkr, ev 18A ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 2. Fiziki şəxs Zamanov Nəsimi Səməd oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 18/3 (93 saylı mağaza) ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 3.Fiziki şəxs Bayramov Emin Varımcan oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 37C ünvanında yerləşən “Halva” kafesi;
Dövlət Proqramı: Qida müəssisələrində HACCP sisteminin tətbiqi genişləndiriləcək
Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı” çərçivəsində istehsal, emal və ictimai iaşə müəssisələrində qida təhlükəsizliyinin təmin olunması məqsədilə HACCP sisteminin tətbiqinin sürətləndirilməsi nəzərdə tutulur. Dövlət Proqramının hədəf göstəricilərindən biri istehsal, emal və ictimai iaşə müəssisələrində Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələrinin (HACCP) tətbiqinin sürətləndirilməsidir. Bu yanaşma qida təhlükəsizliyi üzrə risklərin əvvəlcədən müəyyənləşdirilməsinə və onların qarşısının alınmasına yönələcək. Tədbirlər Planının 8.4.1-ci bəndinə əsasən, qida müəssisələrində HACCP-a əsaslanan daxili nəzarət sisteminin formalaşdırılması istiqamətində tədbirlər görüləcək. Bu məqsədlə HACCP-a əsaslanan daxili nəzarət sisteminin qurulması ilə bağlı metodiki tövsiyələr hazırlanacaq, qida müəssisələrinin HACCP-ı tətbiq etməsi üçün təlimlər keçiriləcək. Dövlət Proqramında qarşıya qoyulan əsas nəticə göstəricisinə uyğun olaraq, qida müəssisələrinin 80%-də HACCP sisteminin tətbiqinə nail olunması hədəflənir. HACCP sisteminin geniş tətbiqi qida istehsalı və emalı proseslərində təhlükələrin müəyyənləşdirilməsi, kritik nəzarət nöqtələrinin izlənilməsi və risklərin qabaqlayıcı tədbirlərlə idarə olunması imkanlarını artıracaq.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş