Binəqədidə şadlıq sarayında nöqsanlar aşkarlandı
17 Yanvar 2025 10:49






Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 105 ünvanında fəaliyyət göstərən fiziki şəxs Ələkbərov Allahverdi Abbas oğluna məxsus “Üzeyir” şadlıq sarayında yoxlama həyata keçirilib.
Yoxlama zamanı müəssisədə normativ sənədlərin tələblərinə əməl olunmadığı, həmçinin, emal prosesində texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, istifadə olunan suyun filtirasiyadan keçirilmədiyi, ayrıca yuma çanaqlarının təşkil olunmadığı, sanitar qovşağın birbaşa emal sahəsinə açıldığı, havalandırma sisteminin quraşdırılmadığı, yuyucu və dezinfeksiyaedici maddələrin saxlanması üçün ayrıca sahə və ya dolabların mövcud olmadığı, emal sahəsində və qabyuma bölümündə divar və tavanın tamlığının pozulduğu və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı zəruri tədbirlər görülüb, müəssisədə işlərin görülməsi və xidmətlərin göstərilməsi dayandırılıb.
Oxşar xəbərlər

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Kamboca Krallığının Kamponq Speu əyalətində yüksək patogen quş qripi, İsrail Dövlətinin Şimal bölgəsində isə xırdabuynuzlu heyvanların taun xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və quşçuluq məhsullarının idxalı, xırdabuynuzlu heyvanların və onlara aid məhsulların idxalı, habelə tranzit daşınması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

ADNSU tələbələri ilə maarifləndirici görüş keçirilib
Azərbaycan Neft və Sənaye Universitetinin “Qida mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələri ilə maarifləndirici görüş keçirilib. Görüşdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) fəaliyyəti haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, qida zəncirinin bütün mərhələlərində nəzarət mexanizmlərinin qurulması, bununla da əhalinin təhlükəsiz və sağlam qida ilə təmin edilməsi Agentliyin başlıca məqsədilərindən biridir. Tələbələrə Agentliyin strukturu, işə qəbul proseduru və karyera imkanları haqqında məlumat verilib. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nəzdində müasir standartlara uyğun qurulan laboratoriyaların ölkəmizdə qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığının qorunmasında mühüm rolu vurğulanıb. Görüş zamanı “Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupunun fəaliyyətindən bəhs olunub. Qeyd olunub ki, bu günə qədər 2300 nəfər könüllü olmaq üçün müraciət edib, onlardan 550 nəfər seçilib. “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində keçirilən görüşdə tələbələrin dövlət qulluğu, Agentlikdə təcrübə keçmək imkanları barədə sualları cavablandırılıb. Sonda Universitetin rəhbər və müəllim heyəti ilə görüş keçirilib, əməkdaşlığın gücləndirilməsi istiqamətində müzakirələr aparılıb.
