Bioloji aktiv qida məhsullarının qeydiyyata alınması proseduru təkmilləşdirilir
9 Dekabr 2025 17:06
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 4 dekabr tarixli 375 nömrəli Qərarı ilə “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1–25.1.6-cı maddələrində nəzərdə tutulmuş məhsulların qeydiyyatının aparılması, qeydiyyatının dayandırılması, bərpa edilməsi, ləğvi və yenidən rəsmiləşdirilməsi Qaydaları və qeydiyyatın qüvvədəolma müddəti”ndə bəzi dəyişikliklər edilib.
Dəyişikliklərin arasında diqqətçəkən məqamlardan biri bioloji aktiv qida məhsullarının (BAQM) dərman vasitələri ilə eyni tərkibli və eyni dozalı olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (Nazirlik) tərəfindən aparılan ekspertiza rəyləri üçün sorğuların əvvəlki dövrlərdə olduğu kimi sahibkarlar tərəfindən deyil, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (Agentlik) tərəfindən həmin dövlət orqanına göndərilməsi ilə bağlıdır.
Belə ki, BAQM-in dərman vasitəsi olub-olmaması barədə ekspertiza rəyinin alınması üçün Agentlik tərəfindən müvafiq sənədlər və məlumatlar Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə real vaxt rejimində Nazirliyə ötürüləcək, Nazirliyin tabeliyində olan “Analitik Ekspertiza Mərkəzi” ilə istehsalçı və ya onun müvəkkil etdiyi şəxs arasında ekspertiza xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanılması, müvafiq ödənişin həyata keçirilməsi, habelə nümunələrin təqdim edilməsi barədə Agentliyə məlumat verildikdən sonra məhsula dair ekspertiza 15 iş günü müddətində həyata keçiriləcək və ekspertiza rəyi Nazirlik tərəfindən EHİS vasitəsilə Agentliyə ötürüləcək.
Qeyd edirik ki, bu dəyişiklik “bir pəncərə” prinsipinə uyğun olaraq, sahibkarların bir məhsulun qeydiyyatı ilə əlaqədar bir neçə dövlət orqanı ilə bilavasitə əlaqə saxlaması zərurətinin tədricən aradan qalxmasına gətirib çıxaracaq.
Digər dəyişikliklər, əsasən, qeydiyyat proseduru ilə bağlı icra müddətlərinin konkretləşdirilməsi, tələb olunan məlumat və sənədlərin dəqiqləşdirilməsi və sair ilə bağlıdır.
Qərarla əlaqədar vacib məqamlardan biri də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası”nın “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılaraq, “Bioloji aktiv qida məhsullarının ekspertizadan keçirilməsi Qaydası” adlandırılması və yeni redaksiyada təsdiq edilməsidir.
Oxşar xəbərlər
Qoşqar Təhməzli sahibkarları qəbul edəcək
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli dekabrın 3-ü saat 14:00-da Agentliyin inzibati binasında qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 77) 1003 256 nömrəsinə zəng vurmaqla, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla dekabrın 2-si saat 13:00-dək qəbula yazıla bilərlər.
Kürdəmirdə marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
Kürdəmir rayonu, Bakı prospekti, Dördyol dairəsində yerləşən, Baxşıyev Nizami Vəlixan oğluna məxsus “Güvən Store” marketdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən nəzarət tədbiri keçirilib. Marketdə normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, etiket məlumatları olmayan və yararlılıq müddəti bitmiş müxtəlif əmtəə nişanlı qida məhsulları, saxtalaşdırılaraq istehsal edilmiş “Organic Gold”, “Gümüş Güllə”, ”Organic Vodka” əmtəə nişanlı alkoqollu içkilər aşkarlanıb. Faktla bağlı inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar dövriyyədən çıxarılaraq araşdırılması üçün aidiyyəti orqana göndərilib.
İdentifikasiya sistemi üzrə təcrübə mübadiləsi aparılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Macarıstanın Qida Zənciri Təhlükəsizliyi Qurumu arasında heyvan sağlamlığı sahəsində qanunvericilik və institusional təcrübənin öyrənilməsinə həsr olunmuş onlayn görüş keçirilib. Görüşdə Macarıstanda heyvanların identifikasiyası və qeydiyyatı sisteminin hüquqi və institusional əsasları, tətbiqi və idarə olunması mexanizmləri, mövcud vəziyyəti, izlənmənin təmin olunması və digər məsələlər barədə məlumatlar təqdim edilib. Eyni zamanda, heyvan xəstəliklərinin vaxtında aşkarlanması və qarşısının alınması, eləcə də heyvan mənşəli məhsulların izləniləbilənliyinin təmin edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Sonda tərəflər qarşılıqlı əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş