Cari ilin yanvar-avqust ayları ərzində Rusiya Federasiyasına bir sıra bitkiçilik məhsullarının ixracında artım müşahidə olunub
9 Sentyabr 2021 17:13
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində fitosanitar nəzarətin gücləndirilməsi, ixrac olunan bitkiçilik məhsullarının təhlükəsiziliyi ilə bağlı tədbirlərini davam etdirir.
Həyata keçirilən fitosanitar nəzarət tədbirləri nəticəsində 2021-ci ilin müvafiq dövrü ərzində fitosanitar nəzarətdə olan bir sıra bitkiçilik məhsullarının Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixracında əhəmiyyətli dərəcədə artım müşahidə olunub.
Belə ki, 2021-ci ilin yanvar-avqust ayları ərzində Rusiya Federasiyasına 37677,93 ton xurma məhsulu ixrac olunub ki, bu da ötən illərlə müqayisədə 129 % artım deməkdir. Həmçinin 2021-ci ilin müvafiq dövrü ərzində əvvəlki illərlə müqayisədə bu ölkəyə ixrac alma məhsulu üzrə 21 % (32654,52 ton), kartof məhsulu üzrə 23 % (85015,5 ton), xiyar və kornişon məhsulu üzrə 112 % (3884,46 ton), şaftalı və nektarin məhsulu üzrə 182 % (19040,45 ton), qarpız məhsulu üzrə 151 % (6930,82 ton), təzə üzüm məhsulu üzrə 178 % (2905,16 ton), gavalı və göyəm məhsulu üzrə 47 % (5304,07 ton), çiyələk məhsulu üzrə 122 % (4686,05 ton), armud məhsulu üzrə isə 177 % (3088,6 ton) artıb.
Qeyd edək ki, 2021-ci ilin müvafiq dövrü ərzində Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan xurma məhsulunun 51 %-i, alma məhsulunun 99 %-i, kartof məhsulunun 43 %-i, xiyar və kornişon məhsulunun 62 %-i, şaftalı və nektarin məhsulunun 99,9 %-i, qarpız məhsulunun 99,6 %-i, təzə üzüm məhsulunun 100 %-i, gavalı və göyəm məhsulunun 96 %-i, çiyələk məhsulunun 100 %-i, armud məhsulunun 97 %-i avtomobil yolu, xurma məhsulunun 49 %-i, alma məhsulunun 1 %-i, kartof məhsulunun 57 %-i, xiyar və kornişon məhsulunun 38 %-i, şaftalı və nektarin məhsulunun 0,01 %-i, qarpız məhsulunun 0,4 %-i, gavalı və göyəm məhsulunun 4 %-i, armud məhsulunun 3 %-i dəmir yolu vasitəsilə daşınıb. Çiyələk və təzə üzüm məhsullarının daşınması zamanı dəmiryolu nəqliyyatından istifadə olunmayıb. Həmçinin Rusiyaya ixrac olunan 114531,58 ton pomidor məhsulunun 100 %-i də avtomobil nəqliyyatı ilə daşınıb.
Oxşar xəbərlər
Zaqatalada qəhvəyi mərmər bağacığı ilə bağlı Regional Əlaqələndirmə Mərkəzinin iclası keçirilib
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericiyə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə payız-qış mövsümündə həyata keçirilən fitosanitar monitorinqlərin nəticələrinin qiymətləndirilməsi, mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə Mərkəzi və Yerli icra orqanlarının iştirakı ilə Zaqatala rayonunda Regional Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib. Regional Əlaqələndirmə Mərkəzinin rəhbəri, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əli Nəbiyevin iştirakı ilə keçirilən toplantıda qəhvəyi mərmər bağacığının mövcud yayılma vəziyyəti, aparılmış fitosanitar monitorinqlərin nəticələri, zərərvericinin aşkar edildiyi ərazilər və mövcud yayılma ocaqlarında həyata keçirilən mübarizə tədbirlərinin effektivliyi müzakirə olunub. Bildirilib ki, havaların soyuması ilə əlaqədar zərərvericinin qışlama yerlərinin müəyyənləşdirilməsi məqsədilə monitorinqlər intensivləşdirilib, potensial riskli ərazilər nəzarətdə saxlanılır. Qeyd olunub ki, payız-qış mövsümündə qəhvəyi mərmər bağacığı qışlamaq məqsədilə yaşayış evlərinə, anbarlara, təsərrüfat tikililərinə və digər qapalı məkanlara sığınır. Bu dövrdə zərərvericinin kütləvi toplandığı yerlərin vaxtında aşkar edilməsi və mexaniki üsullarla məhv olunması onun populyasiyasının azaldılmasına xidmər edir. Eyni zamanda, zərərvericiyə qarşı mübarizədə əhalinin fəal iştirakının təmin edilməsi və maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. İclasda, həmçinin qəhvəyi mərmər bağacığının transsərhəd yayılma riskləri, aidiyyəti dövlət qurumları arasında məlumat mübadiləsinin gücləndirilməsi və birgə monitorinqlərin təşkili məsələlərinə toxunulub. Yekunda qışlama dövründə zərərvericiyə qarşı mexaniki mübarizə tədbirlərinin prioritet istiqamət kimi həyata keçirilməsi, monitorinqlərin intensivləşdirilməsi, əhalinin mübarizə tədbirlərinə fəal cəlb olunması və aidiyyəti qurumlar arasında fəaliyyətin əlaqələndirilməsinin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Daha sonra fermer təsərrüfatlarına baxış keçirilib.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərdə aparılan işlərlə bağlı mediatur keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi işləri ilə bağlı media nümayəndələri üçün mediatur keçirilib. Mediatur çərçivəsində jurnalistlər Hacıqabul rayonunun Muğan qəsəbəsində aparılan təmizləmə işləri ilə tanış olublar. Bildirilib ki, hazırda pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsizlik tələblərinə uyğun qablaşdırılması həyata keçirilir. Növbəti mərhələdə qablaşdırılmış qalıqların “Cəngi pestisid poliqonu”na daşınaraq xüsusi bunkerlərdə yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlərin əsas məqsədi ətraf mühitin və insan sağlamlığının qorunması, çirklənmə mənbələrinin yarada biləcəyi risklərin azaldılmasıdır.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi davam edir
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, eləcə də həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsiz şəkildə ərazilərdən çıxarılması istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə Hacıqabul rayonunun Muğan qəsəbəsi, Saatlı rayonunun Sarıcalar kəndi və Sabirabad rayonunun Qaratəpə kəndində istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazinin təmizlənməsi üzrə işlərə başlanılıb. Ərazinin mövcud vəziyyətinin qiymətləndirilməsi başa çatdırılıb, hazırda isə pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların qablaşdırılması üzrə işlər aparılır. Növbəti mərhələdə isə qablaşdırılmış pestisid qalıqlarının və çirklənmiş torpaqların müvafiq təhlükəsizlik tələblərinə uyğun xüsusi nəqliyyat vasitələri ilə “Cəngi pestisid poliqonu”na daşınması və müəyyən edilmiş qaydada yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlər AQTA tərəfindən cəlb edilmiş müvafiq lisenziyaya malik ixtisaslaşmış şirkət tərəfindən aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə həyata keçirilir. Yaxın günlərdə Salyan, Biləsuvar və Cəlilabad rayonlarının 8 məntəqəsi üzrə keçmiş “Kənd kimya” birliklərinin ərazisində də analoji tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Qeyd edək ki, əvvəlki illərdə həyata keçirilmiş tədbirlər nəticəsində Ağstafa, Beyləqan, İmişli, Samux və Füzuli rayonlarından ümumilikdə 2000 tondan artıq istifadəyə yararsız pestisid və həmin maddələrlə çirklənmiş torpaq təhlükəsizlik tələblərinə uyğun qablaşdırılaraq “Cəngi pestisid poliqonu”na daşınıb və xüsusi bunkerlərdə yerləşdirilib. Görülən işlərin əsas məqsədi uzun illər ərzində formalaşmış çirklənmə mənbələrinin ətraf mühitə və insan sağlamlığına yaratdığı risklərin azaldılması, ekoloji təhlükəsizliyin təmin edilməsi və dayanıqlı kənd təsərrüfatının inkişafına töhfə verilməsidir.
Giriş