COP29-un iştirakçıları AQTİ-nin fəaliyyəti ilə tanış olublar
20 Noyabr 2024 11:30
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Vahid Sağlamlıq yanaşması ilə bağlı keçirilən tədbirlərin bir qrup xarici iştirakçısı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olub.
AQTİ-də təşkil edilən görüşdə İdarə Heyətinin sədri Əli Nəbiyev Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Avropa üzrə Regional Nümayəndəliyinin rəhbəri Budimir Plavşiç, ÜHST-nin vahid sağlamlıq üzrə qlobal koordinatoru Çadia Vannu, İrlandiyanın Vahid Sağlamlıq Mərkəzinin direktoru Toni Holohana İnstitutun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Bildirilib ki, ölkədə qida təhlükəsizliyinin təmin olunması və əhalinin sağlamlığının qorunması məqsədilə İnstitutun nəzdində qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar fəaliyyət göstərir. Laboratoriyalarda müxtəlif qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələri aparılır.
Görüş zamanı qonaqlar ölkəmizdə qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı, maddi-texniki bazanın modernləşdirilməsi sahəsində həyata keçirilən işlər və nailiyyətlər barədə də məlumatlandırılıb. AQTİ-nin laboratoriyalarında çalışan işçi heyətin nəzəri və təcrübi biliklərinin artırılması istiqamətində beynəlxalq təşkilatlarla qurulan sıx və səmərəli əməkdaşlıq əlaqələrindən danışılıb. Beynəlxalq səriştəlilik sınaqlarında əldə edilmiş nailiyyətlər diqqətə çatdırılıb.
Görüşdən sonra qonaqlar iş prinsipini öyrənmək məqsədilə AQTİ-nin laboratoriyalarına baxış keçiriblər. Onlar laborator sınaqların həyata keçirildiyi otaqlara baş çəkib, sınaqların aparılması prosesini izləyib, cihaz və avadanlıqlara baxıblar. Eləcə də bitki və heyvan mənşəli qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə həyata keçirilən laborator müayinə üsulları ilə tanış olub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər

Məhsul və preparatların qeydiyyat müddətlərinin uzadılması ilə əlaqədar əvvəlcədən Agentliyə müraciət olunmalıdır
Məlum olduğu kimi, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində nəzərdə tutulmuş məhsulların (o cümlədən yeni növ qida məhsulları, genetik modifikasiya olunmuş orqanizmlər və yem məhsulları, qida əlavələri, yem əlavələri, bioloji aktiv qida məhsulları və təbii mineral sular), eləcə də baytarlıq preparatları, pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələrin dövlət qeydiyyatı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir. Qeydiyyatı tələb olunan, lakin qeydiyyata alınmamış məhsulların istehsalı, emalı və dövriyyəsi qanunla qadağandır. Lakin bu sahədə aparılan təhlillər göstərir ki, qeydiyyat müddəti ilə bağlı qanunvericilikdə konkret tarixlər müəyyən edilsə də, hələ də bəzi sahibkarlar təkrar qeydiyyat, yaxud qeydiyyatda olan preparatların şəhadətnamələrin qüvvədə olma müddətlərinin uzadılması ilə əlaqədar vaxtında müraciət etmirlər. Sahibkarların diqqətinə çatdırırıq ki, Agentlik tərəfindən qanunvericiliyə uyğun qaydada dövlət qeydiyyatına alınaraq reyestrə daxil edilmiş və qeydiyyat müddətləri başa çatmaqda olan preparat və məhsulların qeydiyyatı ilə əlaqədar rəsmi müraciətlərdən əvvəl müvafiq metodiki yardımların alınması, həmin preparat və məhsulların laborator sınaqlarında istifadə olunan metod, analitik standart, reaktiv, reagent, bakterioloji və virusoloji ştamm, qida mühiti, serum, etalon nümunə və s. dəqiqləşdirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə əlaqə saxlanılmalıdır. Qeydiyyat üçün müraciət olunduqdan sonra isə zəruri materiallar preparat və məhsul nümunələri ilə birlikdə İnstituta təqdim edilməlidir. Sahibkarlar qeydiyyatla əlaqədar daha ətraflı məlumat almaq üçün (012) 565-12-72 (daxili: 589, 464, 478) nömrəli telefona zəng edə və ya info@afsa.gov.az, info.qti@afsa.gov.az elektron poçt ünvanına müraciətlərini göndərə bilərlər.

Qoşqar Təhməzli qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin növbəti vətəndaş qəbulu Agentliyin inzibati binasında mayın 8-i saat 14:00-da keçiriləcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.

Cəlilabadda fəaliyyət göstərən marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
Cəlilabad şəhəri, Cavadxan küçəsində fəaliyyət göstərən, fiziki şəxs Kərimov Pərviz Saleh oğluna məxsus marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Belə ki, marketdə mal qonşuluğu prinsipinin pozulduğu, un məmulatlarının açıq şəkildə satışının həyata keçirildiyi müəyyən olunub. Eyni zamanda yararlılıq müddəti bitmiş alkoqolsuz içki, kolbasa və digər qida məhsulları aşkarlanıb. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar məhv edilib.