Dönər hazırlayarkən nəyə riayət edilməlidir?
23 May 2024 11:41

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi dönər və dönərxanalarla bağlı maarifləndirmə işini davam etdirir. Bu istiqamətdə videoçarxlar və çap materialları hazırlanır, media orqanlarında məlumatlar yayımlanır.
Dönər hazırlayarkən riayət edilməli olan məsələlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, dönərxana qida təhlükəsizliyi qeydiyyatından, istifadə olunan ət isə baytarlıq nəzarətindən keçirilməlidir. Belə obyektlərdə çalışan işçi heyətin ilkin və dövri tibbi müayinədən keçməsi təmin edilməlidir. Həmçinin dönərxanalarda sanitar-gigiyenik tələblər gözlənilməli, inqrediyentlər uyğun temperaturda (souslar soyuq rejimdə) saxlanılmalı, dönər əti tam bişirilməli, çiy və ya yarımçiy qalmamalıdır.
Qeyd edək ki, Agentlik vətəndaşları ictimai nəzarəti gücləndirməyə, hər hansı uyğunsuzluq və ya xoşagəlməz hallar olduqda, “1003-Çağrı Mərkəzi”nə bu barədə məlumat verməyə və dövlətə bu sahədə dəstək göstərməyə dəvət edir.
Oxşar xəbərlər

Biləsuvarda topdansatış anbarında saxta alkoqollu içkilər aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Biləsuvar rayonu, H.Əliyev prospektində fəaliyyət göstərən, Nağıyev Samir Nizami oğluna məxsus topdansatış anbarında yoxlama keçirib. Baxış zamanı iaşə obyektində 32 ədəd 0.5 litrlik və 18 ədəd 1 litrlik “Belaruska” əmtəə nişanlı, 140 ədəd 1.75 litrlik “Bio Luks” əmtəə nişanlı, 80 ədəd 0.5 litrlik “Belaya Rus” əmtəə nişanlı saxta alkoqollu içki aşkarlanıb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, uyğunsuzluq aşkarlanmış məhsulların satışının qadağan edilməsi barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərar qəbul edilib. Araşdırmalar davam etdirilir.

İdxal olunan ərik dənəsi və banan məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb
Nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən "Aferol Qida" MMC-nin Ekvadordan idxal etdiyi 24 ton banan məhsuluna keçirilən baxış zamanı aşkar korlanma (çürümə) halı aşkarlanıb, "Yedcon 2024" MMC-nin İrandan idxal etdiyi “Bazargani Mobin Artın Nikan” şirkətinin istehsalı olan 320 kq ərik dənəsindən götürülmüş nümunələrin müayinəsi nəticəsində isə “Aflatoksin B1”in miqdarının normadan artıq olduğu müəyyən edilib. Faktla bağlı istehlaka yararsız məhsulların gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilərək, məhsul partiyaları məhv edilib.

AQTA-da Ümumdünya Qida Təhlükəsizliyi Gününə həsr olunmuş minifutbol turniri keçiriləcək
Ümumdünya Qida Təhlükəsizliyi Günü münasibətilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları arasında minifutbol turniri təşkil olunacaq. 2025-ci il 3 may – 21 iyun tarixlərini əhatə edəcək oyunlarda Agentliyin qurumlarını təmsil edən 12 komandanın iştirakı nəzərdə tutulur. Qrup mərhələsində qarşılaşacaq komandalar püşkatma mərasimində müəyyənləşib. Qeyd edək ki, Agentliyin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçiriləcək turnirin əsas məqsədi işçilər arasında sağlam həyat tərzinin təşviqi, bədən tərbiyəsi və idmanın əhəmiyyətinin təbliği, eləcə də əməkdaşların asudə vaxtlarının səmərəli şəkildə təşkil olunması və əməkdaşlar arasında sağlam rəqabət mühitinin yaradılmasıdır.
