Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
11 Dekabr 2024 15:18

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Polşa Respublikasının Qərbi-Pomorsk inzibati ərazisində blutanq, Xorvatiya Respublikasının Zaqrebaçka kantonunda, Kanadanın Manitoba əyalətində, İngiltərənin Şərqi İngiltərə regionunda, Niderland Krallığının Frislandiya əyalətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Qərbi-Pomorsk inzibati ərazisində xəstəlik baş vermiş təsərrüfatdan 150 km radiusda olan məsafədən bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, həmçinin onlara aid genetik materialların, Zaqrebaçka kantonunda, Manitoba əyalətində, Şərqi İngiltərə regionunda, Frislandiya əyalətində isə xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan, habelə respublika ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Oxşar xəbərlər

AQTA və Latviya nümayəndələri arasında görüş keçirilib
Qida Təhlükəsizliyi Agentliyinin və Latviya Respublikasının Qida və Baytarlıq Xidmətinin nümayəndələri arasında görüş olub. Onlayn formatda keçirilən görüşdə bitkiçilik məhsullarının idxal-ixrac əməliyyatları zamanı tənzimləmələr və nəzarət tədbirlərinə dair müzakirələr aparılıb. Görüş zamanı qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərində aşkarlanan uyğunsuzluqlar zamanı tətbiq edilən inzibati tədbirlər nəzərdən keçirilib. Eyni zamanda müvafiq laboratoriyalar və sərhəd nəzarəti orqanları ilə əlaqələndirmə, daxili və beynəlxalq məlumat mübadiləsi mexanizmləri müzakirə mövzusu olub. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Albaniyanın bəzi bölgələrində xırdabuynuzlu heyvanların taun xəstəliyi qeydə alınıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Albaniya Respublikasının Dibra və Şkoder bölgələrində xırdabuynuzlu heyvanların taun xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Dibra və Şkoder bölgələrində zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən xəstəliyə həssas diri ev və vəhşi xırdabuynuzlu heyvanların, onlara aid genetik materialların, həmçinin bu ev heyvanlarından alınan məhsulların idxalına, habelə tranzitinə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

AQTİ-nin yeni saytı istifadəyə verilib
7 iyun – Ümumdünya Qida Təhlükəsizliyi Günündə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun yeni saytı istifadəyə verilib. Sayt sahibkarların məlumatlandırılması, istehlakçıların maarifləndirilməsi üçün çox faydalı imkanlar təqdim edir. Müasir və interaktiv platformada qida təhlükəsizliyi ilə əlaqəli ən son yeniliklər, xəbərlər və sahibkarların xidmətlərə əlçatanlığını təmin etmək üçün müraciət bölmələri yaradılıb. Saytda AQTİ-nin Bakı və regionlarda fəaliyyət göstərən ixtisaslaşmış laboratoriyaları və onların göstərdiyi xidmətlər barədə ətraflı məlumatlar təqdim olunur. Sayta daxil olan hər kəs laboratoriyalara virtual tur etmək imkanı qazanacaq. Həmçinin Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun təklif etdiyi təlimlər, konsaltinq, halal sertifikatlaşdırma, layihələndirmə, xarici qiymətləndirmə və digər xidmətlər sahibkarlar üçün daha asan formada təqdim olunub. Yenilənən saytda “HALAL” uyğunluq sertifikatı almaq istəyən sahibkarlar üçün yeni “Kalkulyator” bölməsi yaradılıb ki, burada müvafiq bölmələri dolduraraq "HALAL" sertifikatlaşma üzrə qiymətləndirmə rüsumlarını öyrənmək mümkündür. Saytda hər gün yenilənən maraqlı məqalələr istehlakçıların maarifləndirilməsi üçün əlverişli informasiya mənbəyidir.