Ekspertlər AQTİ-nin laboratoriyaları ilə tanış olub
10 Aprel 2025 17:08
"Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!" adlı layihə çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna (AQTİ) həkim nutrisioloq, diyetoloq, qida mühəndisi və influenserlərin iştirakı ilə info-tur təşkil olunub. İnfo-turda AQTİ-nin fəaliyyəti və laboratoriyaları haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Bakı və regionlarda 17 laboratoriyası fəaliyyət göstərir. Ölkəmizdə qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığının qorunmasında mühüm rol oynayan bu laboratoriyalar müasir standartlara uyğun qurulub.
İştirakçılar əvvəlcə Nümunələrlə iş şöbəsi ilə yaxından tanış olublar. Burada laborator müayinələrə göndərilən nümunələr qəbul olunur. Əsas məqamlardan biri nümunənin sənədlərlə birlikdə təqdim edilməsi və laborator analizlər üçün yararlı olub-olmamasıdır. Məxfiliyin qorunması məqsədi ilə nümunə qəbul edildikdən sonra qablaşmanın üzərinə barkod vurulur. Barkodda yalnız nümunənin identifikasiya kodu, laboratoriyanın və nümunənin adı, nümunənin götürülmə və istehsal tarixi məlumatları qeyd olunur. Sonra isə nümunələr analiz üçün müvafiq laboratoriyalara təhvil verilir.
Sonra qonaqlar Mərkəzi Fitosanitar Laboratoriyası, Kompleks Tədqiqatlar Laboratoriyası, Milli Referans Laboratoriyası ilə yaxından tanış olublar. Vurğulanıb ki, bu laboratoriyalarda ixtisaslı mütəxəssislər tərəfindən müasir standartlara uyğun analiz və müayinələr həyata keçirilir. Dünyanın qabaqcıl ölkələrinin aidiyyəti strukturlarında təcrübə keçmiş kimyaçılar, mikrobioloqlar, genetiklər, baytar-həkimlər və digər yüksək peşəkarlığa malik mütəxəssislər əhalinin, bitki və heyvan sağlamlığının qorunmasında əhəmiyyətli rol oynayır. Ekspertlərə laboratoriya əməkdaşlarının beynəlxalq səriştəlilik sınaqlarında qazandığı uğurlu nəticələr haqqında məlumat verilib.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyaları ilə tanışlıq zamanı qeyd olunub ki, burada mobillik və çeviklik ön plandadır. Səyyar laboratoriyalar dövlət əhəmiyyətli tədbirlər zamanı su və qida məhsullarının müayinələri üçün əlverişlidir. Bu laboratoriyalar beynəlxalq standartlara uyğun olaraq bir çox fiziki-kimyəvi, mikrobioloji və PZR sınaqların aparılması üçün zəruri cihaz və avadanlıqlarla təchiz olunub.
AQTİ-nin fəaliyyəti ilə tanışlıqdan sonra ekspertlər İnstitutun işini yüksək qiymətləndirib, uğurlar arzu ediblər. Qeyd edək ki, "Sözdən əmələ keç, Sağlam qidalanmanı seç!" adlı layihə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Nutrisiologiya və Diyetologiya Assosiasiyası (NÜDİA) ilə birgə reallaşdırılır.
Oxşar xəbərlər
AQTA-da tələbələr istehsalat təcrübəsi keçib
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində istehsalat təcrübəsi keçiblər. Təcrübə proqramı çərçivəsində tələbələr ilkin istehsal müəssisələrində, o cümlədən istixanalarda aparılan monitorinqlərdə iştirak ediblər. Monitorinqlər zamanı onlar bitkiçilik məhsullarının ilkin istehsalı prosesi, istehsal sahələrində sanitar-gigiyenik vəziyyətin qiymətləndirilməsi və qida təhlükəsizliyi tələblərinə əməl olunması istiqamətində həyata keçirilən tədbirlərlə yerində tanış olublar. Tələbələr ilkin istehsal mərhələsində qida təhlükəsizliyinin təmin edilməsi, eləcə də mümkün risklərin müəyyənləşdirilməsi və qarşısının alınması istiqamətində praktiki biliklər əldə ediblər. Eyni zamanda, nəzəri biliklərinin praktikada tətbiqi, monitorinq prosesinin təşkili və müvafiq tələblərin icrası ilə bağlı təcrübə əldə ediblər. Bu cür təcrübə proqramları gələcək aqrar sahədə mütəxəssislərin peşə hazırlığının gücləndirilməsi, praktiki bilik və bacarıqlarının inkişaf etdirilməsi, həmçinin qida təhlükəsizliyi ilə bağlı ixtisaslı kadr potensialının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
İdxal olunan baytarlıq preparatında uyğunsuzluq aşkarlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı "Spektra-Vet" MMC-nin respublikamıza idxal etdiyi baytarlıq preparatlarının sınaq nəticələrində uyğunsuzluq aşkarlanıb. Belə ki, Çin Xalq Respublikasından idxal edilən “Farmazin Tylo” əmtəə nişanlı baytarlıq preparatı məhsul partiyasından götürülmüş nümunələrdə pH göstəricisinin normativ texniki tələblərə cavab vermədiyi müəyyən edilib. Uyğunsuzluqla əlaqədar qanunvericiliyə müvafiq qərar qəbul edilərək, 5010 ədəd 50 ml-lik, 3006 ədəd 100 ml-lik məhsul məhv edilib.
Qida mifləri: Evdə hazırlanan konserv daha təhlükəsizdirmi? - Video
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) “Qida mifləri” rubrikasının budəfəki buraxılışında evdə hazırlanan konservlərin mağazadan alınan konservlərdən daha təhlükəsiz olması ilə bağlı mövcud fikirlərə aydınlıq gətirilib. Bildirilib ki, konservin təhlükəsizliyi onun harada hazırlanmasından deyil, düzgün emal edilməsindən, qablaşdırılmasından və müvafiq şəraitdə saxlanmasından asılıdır. Evdə hazırlanan konservin tərkibini bilmək onun təhlükəsizliyinə zəmanət vermir. Düzgün emal edilməyən məhsullarda Clostridium botulinum bakteriyasının toksini əmələ gələ bilər. Bu toksinin səbəb olduğu botulizm nadir, lakin həyati təhlükəli xəstəlikdir. Xüsusilə ət, balıq, quş əti və zəif turşulu tərəvəzlərdən hazırlanan konservlərdə təhlükəsizlik qaydalarına əməl olunması vacibdir. Belə məhsulların otaq temperaturunda təhlükəsiz saxlanması üçün yalnız bankaların qaynadılması və ya qapağın kip bağlanması kifayət etmir. Məhsula uyğun, elmi cəhətdən sınaqdan keçirilmiş reseptə və düzgün istilik emalı qaydalarına əməl olunmalıdır. Konserv seçərkən etiketdəki məlumatlara, yararlılıq müddətinə, qablaşdırmanın bütövlüyünə və saxlanma göstərişlərinə diqqət yetirmək tövsiyə olunur. Qapağı şişmiş, sızan və ya ciddi zədələnmiş qabların içindəkini istehlak etmək olmaz. Şübhəli məhsulun dadına baxmaq da təhlükəlidir, çünki botulinum toksini məhsulun görünüşünü, qoxusunu və dadını dəyişmədən mövcud ola bilər. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş